ERMƏNİ DAŞNAKLARINA QARŞI MÜBARİZƏ APARAN ƏRƏNLƏRİMİZİN ŞANLI TARİXİ.


FİDAN ƏLİYEVA

“Millətçilik özlüyündə hörmətə layiq, hətta əzəmətli bir hadisədir. O hər bir xalqın həyatında labüddür. Mən belə düşünürəm ki, bəşər təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük tapınağı millətçilikdir. O tarix boyu misilsiz hünərlər qaynağı olub və olacaqdır.” Əhməd bəy Ağaoğlu.XX əsrin əvvəlləri… Azərbaycan Türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalır. Azərbaycan Türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılır. Ruslar tərəfindən silahlandırılan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan Türklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirlər…

1905-ci il… Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən “Fədai” adlı gizli bir cəmiyyət yaradılır.Bu, Azərbaycan Türkünün özünümüdafiə instinkti, illərdən bəri toplanmış passionar enerjinin vulkantək püskürməsi deməkdi. Türk həmişə olduğu kimi bu dəfə də hücumda olmalı idi. Böyük türkçü-publisist Yusif Akçuraoğlu 1928-ci ildə nəşr etdirdiyi “Türk ili” kitabında Əhməd bəy Ağaoğlunun tərcümeyi-halını yazarkən qeyd edir: “Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda “Fədai” adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu”. “FƏDAİ”LİLƏR “Fədai” cəmiyyətinin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Artıq ermənilər Azərbaycan Türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar. Hüseyn Baykaranın yazdığı kimi, “Fədai” cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. “Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin “Fədai” təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq…” (Y.Akçuraoğlu, “Türk ili”, səh. 441). Bir müddət sonra “Fədai” cəmiyyəti “Difai” Partiyasına çevrilir. Sonuncu isə Azərbaycan tarixində misli görünməmiş qeyrət səhifələri yazır, millətinin və vətəninin qarşısında duran hər bir kəsi məhv etməklə… “DİFAİ” 1912-ci il 16 Mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan”Difai” Partiyasına məxsus Bəyannamədə deyilir: “Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, həç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik.” Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan Türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının “ölüm-qalım” mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu. Sonrakı iş isə təşkilatdan asılı idi. Bu səbəbdən də Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər millətçilərlə görüşərək orada “Difai” təşkilatını yaratdı. Ələkbər və Ələsgər bəy Xasməmmədovlar, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan “Difai” Təşkilat Komitəsinin üzvləri idilər. Qarabağda (Şuşada) “Difai” Komitəsinin üzvlərindən Nəcəfqulu ağa, Mircabbar ağa, Səyid Miriş, Əfrasiyab, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür. Nağı bəy Şeyxzamanlı özünün «Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri»ndə yazır: «O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsibbəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni «Difai» firqəsi deyə adlandırmağa qərar verirlər» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.20). Rafael Hüseynov 1996-cı ildə çap edilmiş “Rəfibəylilər” adlı kitabında yazır: ““Difai” təşkilatı 1905-ci ildə Bakıda erməni təcavüzkarlarına qarşı mübarizələrin təşkilatlanma ehtiyacından doğdu və onun yaradıcısı Əhməd bəy Ağayev idi. Bakıda doğulan “Difai”nin ilk bölgə təşkilatı Gəncədə yaranır, onun özəyində sadiq vətənsevərlər dayanır və əlbəttə ki, ilk sırada Ələkbər bəy… Və əsrin əvvəlində Gəncədə türklərə qarşı əlbir erməni-rus hücumlarına qarşı mübarizənin önündə “Difai”çi Ələkbər bəy Rəfibəyov dayanmışdı.“ Bu minvalla Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan “Difai” təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar gedirdi. Həmin gizli donoslardan birinin məzmunu ilə tanış olaq.