HAKİMİYYƏT HANSI MƏTBUATI VƏ NƏ ÜÇÜN “MÜKAFATLANDIRIB”?


Teymur Kəsəmənli

Müasir dünya artıq vətəndaş institutuları tərəfindən idarə olunur desək, məncə, səhv etmərik. Buna görə də inkişaf etmiş ölkələrdə dövlət qeyri – hökumət təşkilatlarının inkişaf etdirilməsinə xüsusi maraq göstərir, onların maliyyələşdirilməsi üçün müxtəlif qrant layihələri təqdim edir. Qərb ölkələrində müstəqil mətbuatın inkişaf etdirilməsi də prioritet məsələlərdən hesab olunur. Demokratiyanın ən vacib şərti sayılan müstəqil mətbuat üçün lazımi şəraitin yaradılması, peşəkar yurnalistikanın inkişaf etdirilməsi dövlət qarşısında dayanan başlıca vəzifə hesab olunur.

Bəs bizdə vəziyyət necədir? Bu gün Azərbaycanın müstəqil mətbuatı hansı yolla inkişaf edir? Sovetlər birliyi dövründə resrublikamızda bir neçə qəzet nəşr olunurdu ki, onlar da dövlət tərəfindən maliyyələşdirilirdi.
Azərbaycan müstəqillik qazandıqdan sonra onların sırası xeyli genişləndi. Yeni – yeni qəzetlər dövlət qeydiyyatından keçib faliyyətə başladı. Müstəqil mətbuatdan əlavə, siyasi partiyaların da mətbu orqanları yarandı. Həmin illərdə qəzet bolluğu olmasa da, bir çox nəşrlər işıq üzü görüb oxucuya çatırdı. Lakin sonrakı dövrdə sözün həqiqi mənasında respublikada “qəzet bolluğu” yaranmağa başladı. Həmin vaxtdan bu günə kimi onlarca qəzet işıq üzü görüb, lakin maliyyə çətinliyi üzündən onların əksəriyyəti sıradan çıxıb. Əslində, bu gün də milli mətbuatın vəziyyəti qənaətbəxş deyil. İyirmi birinci əsrdə yaşasaq da, müasir dünyaya qovuşmağımız ciddi problemə çevrilib. Çünki məmləkətdə hökm sürən özbaşnalıq elə bir həddə gəlib çatıb ki, yazılmış qanunlar yox, yazılmamış qanunlar mətbuatın da, insanların da, cəmiyyətin də taleyini həll edir. Həticəsi isə göz qabağındadır; inkişafa edə və müasirləşə bilmirik. Avqustun 1-də Azərbaycan prezidenti Ehtiyat Fondundan bir sıra qəzetlərə maliyyə yardımı verilməsiylə bağlı fərman imzaladı. İlk baxışdan bu, təqdirəlayiq addımdır. Lakin fərmanın ölkədə yaratdığı ayrı-seçkiliyi gördükdə, bu “xeyirxah addımın” yaradacağı fəsad dərhal üzə çıxır. Bir qəzetin əzizlənməsi, digər mətbu orqanın aşağılanması cəmiyyətdə daha bir parçalanmaya şərait yaradır. İstər-istəməz sual doğur: bu mükafatlandırma hansı prinsiplə aparılıb? Hiyə görə yenə eyni adlar, eyni imzalar ortaya çıxıb? Onsuz da bu qəzetlər hansı yollasa maliyyələşir. Təbii ki, hansısa yol deyəndə biz təkcə hakimiyyətlə bağlılığı nəzərdə tutmuruq… Ortada daha eybəcər ilgilər ola bilər… Əks halda, həmin qəzetlərin gündəlik nəşri mümkün olmazdı. Çünki açıq etiraf edək ki, Azərbaycanda nə o qədər çoxsaylı oxucu kütləsi var ki, qəzetlər satışla öz xərclərini ödəyə bilsin, nə də elə bir reklam bazarı. Deməli, hansısa gizli əl vasitəsilə bu qəzetlər gündəlik dərc səviyyəsində maliyyələşirlər. Əgər bu əl hakimiyyətdən uzanıb gəlirsə, onda bu əlavə yardım nə üçün? Yox, başqa kanalla gəlirsə, onda niyə dövlət kanalı onu araşdırıb üzə çıxarmır, əksinə özü də ona yardımçı olur? Əgər dövlət humanist addım atırdısa, demokratiyanın inkişafına təkan vermək istəyirdisə, onda gündəlik çıxan və yaxşı maliyyələşən qəzetlərə deyil, çətinliklə yaşayan mətbuata kömək etməli idi. Təbii ki, iki laylı qapılar arxasında oturan məmur ordusunu demokratiya maraqlandırmır, onlar bu yardımı ona görə edirlər ki, gündəlik qəzetlərin hədəfindən yayınsınlar. Onların əməlləri barədə deyilməsin, yazılmasın! Üstəlik, hakimiyyət bu qəzetlər və Mətbuat Şurasının başında oturan şəxslər vasitəsilə istədiyi mətbu orqanı “reket” elan edib sıradan çıxara bilir. Bununla belə həmin şəxslər özlərini peşəkar elan edərək cəmiyyətin gözünə soxur və digər qəzetlər üzərinə hücuma keçirlər. Peşakar jurnalistin mahiyyətinin nədən ibarət olduğunu anlamadıqları halda, bütün mətbuata dərs keçmək iddiasında bulunurlar. Peşakarlığın nəticəsi stabil gəlirin təmin edilməsidirsə, onda bu “peşəkarlar” niyə dövlətin əlinə baxırlar? Digər tərəfdən, peşakar yurnalist sifarişlə yalan, böhtan, tərif yazıb rüşvət almaz və bu rüşvət hesabına gündəlik qəzet buraxmaz. Əslində, peşakarlıq mətbuatın inkişaf yollarını axtarmaq, cəmiyyətdə ictimai rəyi formalaşdırmağa nail olmaqdır.
Sitat. Xalq Cəhbəsi hakimiyyət başına gələndə o dövrün bir sıra qəzetləri ictimai şüurda dərin iz saldı, vətənrərvərliyi təbliğ etməklə hakimimyyətin köməkçisinə çevrildi. Lakin həmin dövrdən bu günədək fəaliyyət göstərən bir sıra mətbu orqanlar indiki hakimiyyətin əziz xələfləri də olsalar, o zaman Heydər Əliyev haqqında yazı çap etməkdən imtina etmişdilər. Yalnız “Resrublika” qəzetinin baş redaktoru Teymur Əhmədov həmin məqaləni dərc etmişdi. Tarixi reallıq budur. Cənab redaktorlar, indi siz hakimiyyətin “sədaqətli” dostu olmaqla neft gəlirindən bəhrələnməyə çalışırsınız, dövürlüyünüzü artırmısınız. Özünüz də həmrəylik nümayiş etdirirsiniz. Hansı ki, bir vaxtlar biriniz müstəqil, digəriniz rartiya qəzeti olmaqla bir-birinizi ittiham edirdiniz. Partiya qəzetlərinin redaktorlarını qeyri-peşəkarlıqda suçlayırdınız. Əslində isə, məqsəd hakimiyyətin gözünə xoş görünmək idi. Ən acınacaqlı və iyrənc bir faktı da bildirməyi özümə borc bilirəm. Prezidentin Ehtiyat Fondundan daimi ayrılan müavinəti bir qism müxalfətyönlü qəzet də alacaq. Hecə olur ki, bir tərəfdən hər gün hakimiyyəti söyürsünüz, digər tərəfdən ondan yardım umursunuz? Bir vaxtlar Cahangir Məmmədli televiziya kanallarına çıxıb “Yeni Musavat” qəzetinin baş redaktorunu ələ salırdı, onu peşəkar olmamaqda suçlayırdı. İndi məqsəd yaxınlığı, ola da bilsin ki, hansısa sifarişlə Cahangir Məmmədli 180 dərəcə dəyişib.

Eləysə, peşəkarlıq harada qaldı? Peşakarlıq işverənlikdirmi?

Peşəkar rəhmətlik Elmar Hüseynov idi. Yeddi güllə ilə evinin kandarında qətlə yetrildi. Sizin kimi peşəkarlar isə heç onun qatilinin tapılmasında da maraqlı deyilsiniz. Əks halda bu keçən illər ərzində bir bəyanatla çıxış edərdiniz. Hörmətli oxucular, bu məqaləni düşüncələrimi sizinlə bölüşmək üçün yazdım. Ona görə fikirlərimi sizinlə bölüşürəm ki, bəzi həmkarlarımın obyektivlik və vətəndaşlıq hisslərini itirdiyini görürəm. Onlar məlum olmayan vəsaitlərlə gündəlik və həftəlik qəzet nəşr etməklə bərabər, televiziya ekranlarına çıxıb təmizlikdən və düzlükdən danışırlar.Onlara verilən bu vəsait təmizliyin və düzlüyün haqqı ola bilərmi? Əgər hakimiyyət özü təmiz və düz deyilsə…