İSTİQLAL GÜNÜ


Damət Kərimli 

Ey vətən övladı, sevin bu gün sən,
İstiqlal gününü bayram edirsən.
Qırdın zəncirini sən əsarətin,
Azad övladısan bəşəriyyətin.

Bu günün yolunda axan qanların
Nurlu şəfəqiylə boyandı Vətən.
Şəhid oğulların məzar başında
Ana fəryadıyla oyandı Vətən.

Ey odlar yurdunun cəngavər oğlu,
Qalx! Oyan! Özünü sən yaxşı tanı
Bil Babək nəslisən, Koroğlu nəsli,
Oynat qılıncını, titrət cahanı.

Sənin Nizami tək böyük dühan var,
Xətai tək dəryalarda «Nuh»un var,
Məmməd Əmin kimi ölməz ruhun var,
Nə qədər cahan var, bil sən də varsan,
Azadlıq eşqiylə daim yanarsan.

Vaxt gələr, şad olar Cəfərin ruhu,
Bakıyla Təbrizim qovuşar bir gün.
Həsrətli, nisgilli Şəhriyar ömrü
Yetər səadətə bax həmin o gün.

Ey vətən övladı, sevin bu gün sən,
İstiqlal gününü bayram edirsən.
Qırdın zəncirini sən əsarətin,
Azad övladısan bəşəriyyətin.