TÜRKÇÜLÜK: AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKLƏRİNİN VAHİD MİLLİ İDEYASI


 

Faiq Ələkbərov (Qəzənfəroğlu) AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru 

Qədim dövrlərdən eyni tarixi, mədəniyyəti, soykökü, dili, dini inancları və s. paylaşan Türkiyə və Azərbaycan türklərinin XIX əsrdən etibarən islamçılıq, türkçülük və yeniləşmə ideyalarının yaranmasında, inkişafında və formalaşmasında bərabər iştirak etmələri təbii bir proses olmuşdur.Coğrafi baxımdan böyük bir ərazidə (Orta Asiya, Turan-Altay, Qafqaz-Azərbaycan, Anadolu və b.) məskunlaşmış türklərin ortaq ideyalardan çıxış etməsinin ən başlıca amilləri kimi soykök və dil birliyini, din birliyini, mədəniyyət birliyini və sairəni göstərə bilərik. Əslində bu ideyalar, hansı türk elindən yaranmasından asılı olmayaraq vahid türk təfəkkürdən, türk inancından, türk düşüncə sistəmindən və s. qaynaqlanmışdır. Bu baxımdan soykökü, dili, dini, mədəniyyəti, adət-ənənələri və s. bir olan türkləri üçün həmişə Türkiyədən Azərbaycana əsən türkçülük və islamçılıq yelləri ilə, Azərbaycandan Türkiyəyə əsən küləklər rəmzi xarakter daşımışdır. Yəni burada söhbət birinin digərinə zorla ideya aşılamasından deyil, qarşılıqlı şəkildə bir-birini tamamlamasından, inkişaf etdirməsindən gedə bilər.
Qeyd edək ki, Türkiyə və Azərbaycan türkləri üçün türkçülük ideyası istər XIX əsrdə, istərsə də XX əsrin əvvəllərində eyni mahiyyət daşımış, hər iki bölgədə fikir cərəyanları, dövrün çağdaş tələbləri ilə uzlaşmağı da nəzərə almaqla onun əsasında yaranmışdır. Ona görə də, bu dövrdə türkçülüyün «Türkiyə türkçülüyü», «Azərbaycan türkçülüyü» və s. kimi adlandırılması yalnız türklərin həm Osmanlı İmperiyasında, həm də Rusiyada, o cümlədən Azərbaycanda və b. bölgələrdə islamçılıq və yeniləşmə ilə yanaşı, türkçülük əsasında mübarzə aparması ilə bağlı olmuşdur. Yəni Osmanlı İmperiyasında türkçülük uğrunda mübarizə aparanlar Türkiyə türkçülüyünü, Azərbaycanda eyni ideyanı daşıyanlar isə Azərbaycan türkçülüyü və s. kimi tarixə düşmuşlər. Şübhəsiz, vaxt keçdikcə Türkiyə türkçülüyü Azərbaycan türkçülüyünün, Azərbaycan türkçülüyü isə Türkiyə türkçülüyünün inkişafında mühüm rol oynamışdır ki, bu da çox təbii bir proses olmuşdur.
Fikrimizcə, bu baxımdan türkçülüyün tarixi-fəlsəfi mahiyyətinə aydınlıq gətirmək, həmişə olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır.
Qeyd edək ki, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Türkiyə və Azərbaycan ziyalılarını birləşdirən islamçılıq və yeniləşmə ilə yanaşı, əsas ideyalardan biri türkçülük olmuşdur. Şübhəsiz, bu ideya öz əksini ilk növbədə milli-dini və demokratik ruhlu aydınların dünaygörüşündə tapmışdır. Belə ki, XIX əsrin ikinci yarısından başlayaraq Türkiyə, Azərbaycan, Quzey, Krım və başqa türk ellərində yaşayan aydınlardan İ.Şinasi, Ə.Vefiq, Ziya Paşa, M.Cəlalləddin Paşa, Ə.Cevdət, A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zər¬dabi, Həmzə Nigari, Ş.C.Əfqani, Ş.Mərcani, İ.Qaspıralı və b. islamçılıq və türkçülük uğrunda birgə mübarizə aparmışlar. Azərbaycan, Türkiyə, Quzey və b. türk ellərində yaşayan türklərin islamçılıq və türkçülük uğrunda birgə mübarizələri Ə.Hüseyn¬zadə, H.Tunalı, Ə.Ağaoğlu, Z.Gökalp, Ə.Topçubaşov, N.Asim, Y.Akçuraoğlu, Ə.Cavad, N.Yusifbəyli, M.Ə.Rəsulzadə, M.Kamal Atatürk və başqalarının timsalında XX əsrdə də eyni sürətlə, istəklə davam etmişdir.
Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, çar Rusiyası və SSRİ dövründə olduğu kimi, indinin özündə də bu məsələ obyektiv qiymətləndirilmir, bir çox hallarda Türkiyə türkçülüyü ilə, Azərbaycan türkçülüyü ayrı-ayrı, müstəqil ideyalar kimi təqdim olunur. Burada əsas vurğu ona yönəldilir ki, hər bir müstəqil dövlətin yaranmasında başqası ilə bağlı olmayan milli ideya dayanmalıdır. Yəni hər bir millətin müstəqil varlığı, dövlətçiliyi yalnız və yalnız özünəməxsus milli ideyası ilə bağlıdır. Bəzilərinin mülahtzlərinə görə, bu mənada Azərbaycan Cümhuriyyətinin milli ideyası azərbaycançılıq, Türkiyə Cümhuriyyətinin milli ideyası isə türkçülükdür. Doğrudur, Azərbaycanın bəzi ideoloqları azərbaycançılığı milli ideya kimi irəli sürməklə yanaşı, onun vaxtilə türkçülükdən qaynaqlandığını da iddia edirlər. Ancaq onlar bu zaman da əsas mili ideya kimi üstünlüyü azərbaycançılıq amilinə verərək, türkçülüyü onun yaranmasında müəyyən rol oynamış mücərrəd, yaxud da ümumi bir ideya kimi təqdim edirlər. Türkiyənin bəzi ideolqları isə türkçülüyü milli ideya kimi yalnız Türkiyə ilə bağlamaqla səhvə yol verirlər. Onlar buna nümunə olaraq türkçülüyün, əsasən 20-ci əsrdə Türkiyə Cümhuriyyətinin milli dövlət ideyası olmasını göstərirlər. Ancaq bu zaman onlar unudurlar ki, söhbət türkçülüyün dövlət səviyyəsində tətbiq olunmasından gedirsə, ilk dəfə bunu dövlət ideologiyası kimi Azərbaycan Cümhuriyyəti qəbul etmiş, hətta SSRİ işğalının ilk dövrlərində müəyyən qədər onu qoruyub saxlamışdır.
Bu isə o deməkdir ki, türkçülük bir-birinə yaxın iki coğrafi ərazidə (Anadolu və Azərbaycan) yaşayan türklər üçün eyni dərəcədə doğma olmuş, onlar hər bir fürsətdə türkçülüyü milli ideya olaraq qəbul etmişlər. Sadəcə olaraq, türk coğrafiyasının bir hissəsində (Azərbaycanda) yaşayan türklər SSRİ imperiyasının təzyiqi və zorakılığı nəticəsində mənən olmasa da, zahirən türkçülüyü bir müddət yaşada bilmədiyi halda (türkçülüyü milli ideya kimi yaşatmaq istəynələr isə SSRİ imperiyasının repressiyalarına məruz qalmış, böyük əksəriyyəti fiziki cəhətdən məhv edilmişdir), türk elinin digər hissəsində (Anadoluda) məskunlaşmış türklər həm mənən, həm də zaihrən bunu, bacarmışlar.
Şübhəsiz, bütün bunların əsil tarixi-fəlsəfi mahiyyətini dərk etmək üçün, istər Azərbaycanda, istərsə də Türkiyədə milli şüurumuza yeridilən və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixlərdən, ədəbiyyatdan, qeyri-milli ideyalardan deyil, vahid bir millətin min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, ədəbiyyatdan, milli ideyalardan çıxış etməliyik. Yəni, vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün Azərbaycan və Türkiyə türkləri üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ortaq türk tarixini, türk fəlsəfəsini, türk ədəbiyyatını və s. Azərbaycan və Türkiyə türkləri eyni dərəcədə tədris etmədən, türkçülüyün (türk dili, türk kimliyi və s. baxımdan) sözün həqiqi mənasında onların həyatında onydaqları ortaq yeri və rolu qavraya bilməyəcəklər.
Məsələn, Mahmud Kaşğarlı, Məhəmməd Farabi, Əbu Reyhan Biruni, Yusif Bala-saqunlu, Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Yunus Əmrə, Əlişir Nəvai və b. türk ziyalılarının Azərbaycan mədəniyyətinə fəlsəfəsinə aid edilməsi üçün, fikrimizcə onların hökmən Azərbaycanda doğulması, Azərbaycan türkcəsində yazması, eləcə də konkret vətən anlayışı baxımından azərbaycanlı, Azərbaycan türkü olması vacib deyil. Burada başlıca məsələ bu türk dühalarının dünyagörüşləri ilə türk dünyasının, türk coğrafiyasının bir hissəsi olan Azərbaycana, Azərbaycan xalqının fəlsəfəsinə mədəniyyətinə təsir göstərmələri, onun formalaşmasında bu və ya digər dərəcədə iştirak etmələridir. Ən başlıcası isə, bu dahilərin dini-fəlsəfi dünyagörüşü ilə Azərbaycan türk ziyalılarının (X.Təbrizi, N.Gəncəvi, Ş.Y.Sührəvərdi, Xaqani, F.Nəimi, M.Şəbüstəri, N.Tusi, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli və b.) dini-fəlsəfi, mədəni düynagörüşlərinin bir çox cəhətlərə görə vəhdət təşkil etməsidir. Belə olduğu təqdirdə, nə üçün Azərbaycan fəlsəfəsində, Azərbaycan ədəbiyyatında, Azərbaycan tarixində və s. yuxarıda adları çəkilən və çəkilməyən türk bilicilərinin elmi, dini, fəlsəfi, ictimai-siyasi dünyagörüşünü Azərbaycan gəncləri öyrənməməlidir? Fikrimizcə, bütün türk aydınları arasında heç bir ayrı-seçkilik olmadan (Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan və b.) türk dünyasının ziyalıları kimi qəbul edilməli (sözdə yox, əməldə) və onların yaradıcılığı bütün türk dövlətlərinin fəlsəfə, ədəbiyyat, tarix və sairənin tərkib hissəsi kimi yeni yetişən gənc nəsilə çatdırılmalıdır.
Bir sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi türk fəlsəfəsi, türk dini fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixindən də bəhs olunmalı, tədris edilməlidir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq yenicə müstəqillik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi mənasında türkçülüyü – türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsini, türk tarixini və s. daha dərindən və yaxından anlamış olacaqlar.