RAMAZANI HEÇ SEVMƏDİK


Orxan Kərimov

İl boyu, ölkəmizdə bir çox bayramlar rəsmi olaraq qeyd edilir. Həmin bayram günlərində bəzi əlavə və çıxarışlar edilməklə, ənənəvi qaydada tədbirlər planı həyata keçirilir. Bu yazımda, mən xüsusən, yeni il, novruz və ramazan adlandırılan 3 bayram üzərində durmaq istəyirəm. Birincisi beynəlxalq bayram olub, insanları əyləndirən sıradan bir bayramdır. Həmin bayramın uzaqdan-yaxından mənəvi dəyərlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, ilin yenisi ilə əvəz edilməsinə sevinmək və bu məqsədlə də, şənliklərin təşkil edilməsidir. Buna baxmayaraq, həmin bayram günlərində bütün ölkə ərazisində canlanma olur. Simvolik olaraq da, şaxta (saxta) babalar göbələk kimi hər yanı bürüyür. Hamı tullanır-düşür və beləcə, bayramın sonu yetişir. İndi də, keçək novruza.

Elə bu bayram da, demək olar ki, müsbət yöndə fərqlənmə baxımından, heç də yeni ildən bir o qədər də üstün deyil. Qısaca demək olar ki, bu bayram, yazın gəlişini simvolizə edən qədim xalq bayramı. Elə bu bayram da, öncəki kimi insana heç bir mənəvi dəyəri aşılamır. Sadəcə, atəşpərəstlik tariximizin müasir şəkildə qorunub, gələcək nəsillərə ötürülməsi mahiyyəti daşıyır. Əlavələr isə keçəl, kosa, paxlava, qoğal, şəkərbura və s. kimi ünsürlərdir. Yuxarıda, 3-cü olaraq qeyd etdiyim ramazan bayramında isə digərlərindən fərqli olaraq, insanların ruhu saflaşır, mənəvi dəyərlər üzə çıxır, oruc tutanlar nəfslərinin sonadək mübarizəsindən xüsusi zövq alır, bayram günü çıxarılan fidyələr vasitəsilə kasıb ailələr evlərində süfrə açır. Bir sözlə, hər tərəf rəhmətlə sarılır və sanki, insaniyyət günəşi yenidən doğur. Buna səbəb isə təbii ki, nəfslərin sınağa çəkildiyi ramazan ayıdır. Bu münasibətlə, bir çox müsəlman ölkəsində xüsusi coşğu ilə hər gün iftarlar verilir, imsaklar edilir. Bu məqamda, qardaş Türkiyə dövlətini və əhalisini vurğulamamaq ədalətsizlik olar. Belə ki, hamımıza məlumdur ki, orada ramazan bayramı necə keçirilir. Hara baxsan, ramazan ayından bir işarə görürsən, onu xatırlayırsan. Lakin, təəssüflər olsun ki, hər il olduğu kimi, bu il də, ölkəmizdə ramazan ayı çox sönük şəkildə keçirilməkdədir. Fərdlər bu ayı layiqincə keçirtsələr belə, ümumilikdə cəmiyyət demək olar ki, bu ayın abu-havasından tam kənardadır. Küçəyə çıxdıqda da, bunu hiss etmək olar. Nə əhalidə ramazan hiss olunur, nə də ki, şəhərin simasında.

Məgər, ramazanı sevmirik?  Görünür, xeyr. Biz başqalarının olan yeni il bayramını, atəşpərəstliklə və farslarla bağlı olub, islamdan kənar novruz bayramını, hansısa keşişin qaranlıq taleyi ilə əlaqəli, naməlum tarixçəli valentin gününü, mahiyyətinə varmadan istirahət günü və bayram pulu əldə etmək niyyəti ilə bir neçə dövlət bayramını və sairlərini yamanca sevirik. Amma yemək-içməyimizi məhdudlaşdıracaq, nəfsi istəklərimizin həyata keçməsinə maneçilik törədəcək bir ayı, bayramı heç sevmirik. O ay ki, Allahla dostluğumuzun yaranmasına və ya güclənməsinə səbəb olacaq. Amma yox! Şeytanın dostluğu nəfsimizə daha xoş gəlir. O bizi əyləncəyə sövq edir. Biz isə əyləcəyə meyilli, ondan geri qalmayan insanlarıq.

İçərisində olduğumuz ramazan ayının az günləri gedib, çoxu qabaqdadı. Gəlin, mənfi vəziyyətimizi müsbətə doğru dəyişmək üçün səy göstərək. Biz, küçədə ramazan abu-havası yarada biləcək kəslər deyilik. Amma nəfsimiz üzərində hakimiyyət qurmağa həm səlahiyyətimiz çatır, həm də bunu bacararıq. Sonda isə yazımı uca Allahın müqəddəs kitabında ramazan ayı ilə bağlı nazil etdiyi aşağıdakı ayəni qeyd etməklə bitirirəm:

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (2:185)