LEDUN ELMİNDƏ İMAM ƏLİ OBRAZI


Firudin Gilar Bek

İslamın ən sirli obrazlardan biri də imam Əli obrazıdır. Məhəmməd peyğəmbərin kürəkəni sayılan imam Əli, Şah İsmail Xətainin “Divan”ında Allah kimi qeyd olunur. Burada öz əksini tapmış Qızılbaş nəzəriyyəsinə görə, Hz. Məhəmməd yalnız peyğəmbərdirsə, imam Əli «Allah həqiqətinin təzahürüdür» («məzhər-i həqq»dir) (O. Əfəndiyev, «Azərbaycan Səfəvilər dövləti», B., 1993, səh.47). İmam Əlini Allah kimi qəbul edən batini şiələri isə mənbələrdə “ƏliAllahilər” və ya “Əhli-Haq” da adlandırılırlar. Ortaya belə bir sual çıxır:“İslamda Allaha şərik qoşmanın böyük günah sayıldığı halda, nəyə görə şiələr imam Əlini Allah adlandırırlar?”  Bu suala cavab tapmaq üçün batinilərin öz elminə müraciət etmək lazımdır.

Bu gün artıq hamıya məlumdur ki, Quranın, hamı üçün aydın olan zahiri mənasından başqa, onun batini, yəni gizli mənası da vardır. Bu gizli mənanı isə yalnız sufilər, ariflər nəsli sayılan batinilər bilmişlər. Batin elmi də, mənbələrdə Ledun, Təvil, Təsəvvüf, Sufizm, Ezoterizm, Germetizm, Mistisizm və s. kimi qeyd olunan bu gizli elmin müxtəlif adlarından biridir. Bu elm mənbələrdə Hürufilik də adlandırılır ki, burada hər bir samit xüsusi məna ifadə edən rəmz kimi qəbul olunmuşdur. Deməli, Batin elmi, yalnız samitlərin məna ifadə etdiyi elmdir və burada hər bir samitin nə məna ifadə etməsini bilməklə söhbətin nədən getdiyini təyin etmək olar. 

Tədqiqatçıların gəldiyi qənaətə görə qədim Misir, Finikiya, Yəhudi, Aramey və s. xalqlarının dilləri də xüsusi məna ifadə edən samitlər üzərində qurulmuşdu. Burada da sözün kökü olan samitlər əsas fikrin daşıyıcısı hesab olunurdu. Saitlər isə məna ifadə etmirdi («Культура древнего Египта», М., 1976, səh.301). Bu isə o deməkdir ki, bütün qədim yazılar da Batin (Ledun) elminin qanunları ilə yazılmışdır və onları başa düşmək üçün bu elmi bilmək lazımdır.

Mənbələrdə Ledun elmi adlandırılan batinilikdə Əli rəmzi, yalnız bir “L” samitindən ibarətdir və bu samit ən qədim Şumer, Akkad və s mənbələrində Alu, İlu və s. kimi yazılaraq el-oba, ərazi və bu ərazidə yaşayan xalq mənasında işlənirdi. Qədim Misir yazılarında bu rəmz – Yalu (Ya – alqış mənasındadır) sahələri kimi qeyd olunurdu ki, bu da ölənlərin ruhlarının yaşadığı dünya, cənnət anlamına gəlirdi. 

Erməni mənbələrdə Alu rəmzi Alban dövlətinin digər adı kimi qeyd olunur. Erməni dilində “L” rəmzi əvvəllər “Q” səsi kimi qeyd edildiyi üçün Albaniya, Alu rəmzi mənbələrdə Aqu kimi yazılırdı (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б. 1991, səh. 435). Aqu rəmzi, yəni “Q” səsi isə Kitabi – Dədə Qorqud abidəsinin axırıncı boyunda Oq kimi yazılaraq Oğuz sözünün əvəzində işlədilir. Bu isə o deməkdir ki, El, Əli, Alu rəmzləri Oğuz eli ilə bağlıdır və bu rəmzləri anlamaq üçün Oğuz rəmzinin sirlərini bilmək lazımdır. 

Aşşur mənbələrində El rəmzi “Al” kimi yazılaraq şəhər və onun icması mənasında qeyd olunur. Aşşur şəhər-dövləti isə –  “Al libbi Ale” , yəni “şəhər içində şəhər” kimi qeyd olunur (“История древнего Востока” М. 1988, II cild, səh.94, 95). Bu fikir Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında – “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu” kimi qeyd olunur ki, bu da “bir elin içində ikinci el yaranmışdı”  mənasındadır. Deməli, abidədə qeyd olunan Taş el – Oğuz eli (Taş Oğuz), onun içində yaranmış el isə İç eldir (İç Oğuz). Burada «vilayət» sözünün işlənməsi isə onu göstərir ki, “Təmam vilayəti” anlayışı bilavasitə sufizmlə bağlıdır. Sufizmdə “vilayə”, “vilayət” sözləri (övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların Allaha yaxınlığı mənasındadır. Bu fikirləri daha yaxşı başa düşmək üçün Orxon-Yenisey abidələrinə müraciət etmək lazımdır.

Türklərin Moyun Çor abidəsində türk xanı Tolis bildirir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 134,104). Bu isə o deməkdir ki, “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu” ifadəsi – “Oğuz elinin göylərində Cənnət mənasında olan El yaranmışdı” kimi başa düşülməlidir. Buradakı Oğuz [ĞZ] rəmzi qədim mənbələrdə Xaos [XS] kimi qeyd olunur və bu da göyləri əhatə edən ilkin materiya mənasındadır. Əgər biz qədim Misir yazılarındaki – Yalu sahələrinin, ölənlərin ruhlarının yaşadığı göy cənnəti mənasında olmasını nəzərə alsaq, razılaşırıq ki, Oğuz Eli də göydə yaradılmış ruhlar dünyasıdır. 

Gül Təkin abidəsində bildirilir ki, türk xaqanları El və onun Törəsini, yəni qanunlarını yaradaraq uçub getmişlər (Köl Tigin Yazıtı, Sayt: http://www.dilimiz.com/dil/kultiginyaziti.htm). Mətndəki “uçmaq” sözü onu göstərir ki, burada da qədim Misir yazılarında olduğu kimi, söhbət ölən insanın ruhunun quşa çevrilib cənnətə uçmasından gedir. Kitabi – Dədə Qorqud abidəsində də ərənlər haqqında danışarkən onlar quş kimi təsvir edilirlər və onların bir yerə yığışması «qondu» sözü ilə ifadə olunur («Kitabi – Dədə Qorqud», B., 1988, səh.40,41,79,104). Quranda insan ruhu mənasında olan quşun, hər bir insanın öz boynunda “bərkidilməsi” qeyd olunur (Quran, 17:13). Bu isə o deməkdir ki, mənbələrdəki Oğuz Eli – ruhlar üçün göydə yaradılmış El mənasındadır.

Oğuz sözünün qısa variantı olan Oq rəmzi – sufilərin “Hu” adlandırdıqları ilkin materiyanın rəmzidir və bu rəmz bütün bəşəriyyətə həyat vermiş dirilik suyu, həyat enerjisi anlamındadır. Ledun elmində Allah sözü də “Alla-Hu” mənasında “Həyat enerjisindən yaranmış İki El”, və ya “İki Elin həyat enerjisi” fikrini ifadə edir. Erməni dilində “L” rəmzinin əvvəllər “Q” kimi qeyd olunması, göydə yaradılmış bu Elin əvvəllər ilkin materiya (“Q”,“H” rəmzləri) olması ilə əlaqədardır. 

Erməni mənbələrinə görə, Alunun, yəni Albaniyanın Sünik ərazisində “Böyük səhra tikilmişdir” və bu səhranı tikənlər kitablarda “müqəddəs Atalar” adlandırılır. Mənbələrdə açıq yazılır ki, insanlar burada ikinci həyat qazanırlar və ömürlərini bu mələklər diyarında davam etdirirlər (А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51). Bu isə o deməkdir ki, Alu rəmzi – ilkin materiya, səhrada yaradılmış cənnət mənasındadır və ölən insanların ruhları da burada yaşayırlar.

Yunan mənbələrinə görə, Xaosdan (Oğuz) Ereb yaranmışdır ki, bu da “göydə yaradılmış el” fikrini ifadə edir. Deməli, sufilər Ərəbistan deyəndə göydə yaradılmış Oğuz Elini nəzərdə tuturlar. Oğuzla bağlı dastanlarda bildirilir ki, Oğuzun Göy hakiminə (Tanrıya) tapınması nəticəsində Göydən Göy bir şüa düşür və bu şüanın içindən qız çıxır. Oğuzun birinci və ikinci arvadı ilə izdivacından isə Kainat yaranır (M. Seyidov, «Azərbaycan mifik təfəkkürünün qaynaqları», B., 1983, səh.26). Oğuz Xaqan dastanında deyilir: “Qoy Günəş bizim bayrağımız, Göy isə çadırımız olsun” . Burada göy çadırı dedikdə, Allahın sakinliyi (mövcudluğu) olan “vəhy çadırı” nəzərdə tutulmalıdır. Tövrata görə “vəhy çadırı”nı, Musa peyğəmbər göy səhralarında qırx illik “səyahətdən” sonra, göydən gətirdiyi İlahi nurdan yaratmışdır. Bütün bunlar isə o deməkdir ki, Oğuz Eli göydən gətirilmiş İlahi enerjidən, yəni ilkin materiyadan yaradılmış El mənasındadır.

Kitab və məqalələrimdə mən yazmışam ki, ruhlar üçün göydə yaradılmış El kosmik insan Adəmin, yəni qədim Misirin Atum Allahının bədənindədir. Qədim Misir mənbələrinə görə, özünü Ptah (türklərdə Fateh rəmzi) adlandıran Misir piri Amon (firon Əman), ilkin materiyadan – bədəni ilə bütün dünyanı əhatə etmiş Atum Allahını yaradır. Doqquz Allahın ürəyi və sözləri mənasında olan Ptah – teurqiya (Tanrı yaratma) vasitəsilə Atum obrazında zühur edir (Г.Франкфорт, Г.А.Франкфорт, Дж. А.Уилсон, Т.Якобсен, «В преддверии философии», М., 1984, səh. 67-68). Beləliklə, ümumilikdə Atum Allahı adlandırılan “Doqquz Allah” (Enneada) yaranır və bu zamandan sonra bütün dünyanı məhz bu Atum vasitəsi ilə pir Amon idarə edir. Türklərdə bu “Doqquz Allah” – “Doqquz Oğuz” kimi qalmışdır.

Məşhur sufi Mühiddin İbn Ərəbi Adəmi Allah kimi təqdim edir və onun bədəninin hər şeyi əhatə etdiyini yazır. Fəzlullah Astarabadinin “Cavidannamə” kitabına görə isə, Beytül-Müqəddəs, Darüs-Səlam və Kəbə – Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya”, “El” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Əl-Qəzaliyə görə isə Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. Əflatunun, Xorenatsinin əsərlərində, induizm və s. mənbələrdə də kosmik insanın bədəni – dövlət, yəni öz qanunları olan göy ölkəsi kimi təsvir edilir (Г.М.Бонгард-Левин, Г.Ф.Ильин, «Индия в древности», М., 1985, səh. 563). Bu isə onu göstərir ki, Əli, El obrazı, qədim Misirdə Atum, sonrakı mənbələrdə isə Adəm adlanan kosmik insanın obrazıdır.

Mənbələrə görə, Yəhudilərin Yaxve Allahının digər adları  El-Şadday və El-Amurrudur. Şadday rəmzi akkad mənbələrində Şadu [ŞD] kimi də qeyd olunur və bu rəmz, qədim Misirdə Xaos-un, yəni ilkin materiyanın təcəssümü olan Set [ST] rəmzindən yaranmışdır. Deməli, El-Şadday rəmzi də “ilkin materiyadan yaradılmış göydəki El” mənasındadır.

Tövratda yəhudilərin El Allahı – Səlim [SLM] şahı adlandırılır ki, bu da elə İslam [SLM] şahı deməkdir. Şumer, Mesopotamiya mənbələrdə El (İl) rəmzinin “El-Amurru” kimi yazılması, onun Əli-Əmir (Əli –Əmir əl möminin) mənasında olması deməkdir. Tədqiqatçı Devid Rol “İtirilmiş Əhd” kitabında qeyd edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El rəmzi, patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. Ay rəmzi isə bildiyimiz kimi İslamın rəmzidir. Belə çıxır ki, Səlim, yəni İslam şahı olan yəhudilərin El Allahı – imam Əlidir.

Mühiddin ibn Ərəbiyə görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olması deməkdir (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). 

Bu gün artıq məlumdur ki, qədim mənbələrdə yəhudi dedikdə Xəzər türk xaqanı və türk bəgləri nəzərdə tutulur və Kitabi – Dədə Qorqudda da türk bəgləri – “ərənlər əvrəni”, “Adəmilər əvrəni”, yəni “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” adlandırılır. Mən – “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə göstərmişəm ki, mənbələrdə İsrail oğulları rəmzi altında pirlər, bəglər, seyidlər, şıxlar və s. türk müqəddəsləri nəzərdə tutulur. Deməli yəhudilərin El Allahı, türk bəglərinin Əli Allahıdır. 

Yazdıqlarımdan belə çıxır ki, Batin elmində Məhəmməd peyğəmbər – qədim Misirin Atum Allahının obrazıdır. Atum isə hər şeyi əhatə edən və insan (Kamil İnsan) formasında olan kosmik Varlıqdır. Bu Allahın ruhu isə İslamın Rəhman, qədim misirlilərin Ra-Amon adlandırdığı Tək Allahdır. Deməli, Məhəmməd peyğəmbər Rəhman Allahın obrazıdır. Qədim sirləri bilməyənlərin nəzərinə xüsusi olaraq onu çatdırmaq  istərdim ki, Batin elmində yalnız bir Allah vardır və bu Allah da Rəhman Allahdır. Bütün digər Allah adları, göydəki Dünyanı yaratmaq üçün istifadə edilən obrazların adlarıdır.

İslama görə, imam Əli Məhəmməd peyğəmbərin varisidir. Ledun elmində Əlinin varis kimi qəbul edilməsi, Məhəmməd peyğəmbərin yerinə, yeni ruhlar Eli mənasında Əli obrazının gəlməsi deməkdir. Quranda (14:48) bu varislik – “Torpağın başqa Torpaqla dəyişdirilməsi” kimi qeyd olunur.

Qədim Misir mənbələrinə görə axirətdə, göydə yaradılmış birinci El-in yerində ikinci El yaranacaq ki, bundan sonra iki dünyanı da məhz axirətdə gəlməli olan bu Mehdi obrazı idarə edəcəkdir. İmam Əlinin mənbələrdə Vilayət adlandırılması da onun göydəki El, yəni ruhlar dünyası mənasında olmasına işarədir. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan Mehdi obrazı, elə Xəzər türk bəylərinin El Allahı adlandırdığı İmam Əlinin obrazıdır. 

Bunlar haqqında daha geniş məlumat müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir. Burada bütün dinlərin bir olması və bilavasitə türk bəgləri ilə bağlılığı təkzibolunmaz faktlarla sübut edilmişdir.