OXU SUSMA, OXU BÜLBÜL


Damət Kərimli

Sil o çöhrəndəki pərişanlığı,
Unut qəlbindəki nigaranlığı,
Oxu nəğmələri yenə sübh çağı,
Oxu susma, oxu bülbül!
Həsrətdədir axı könül.

 

 

 

Sökülməz dan yeri, açılmaz səhər,
Alar ürəkləri sənsiz qəm-kədər,
Susar həyat eşqi, sən sussan əgər,
Oxu susma, oxu bülbül!
Həsrətdədir axı könül.

Neyləyim ki, naşı bağban əlindən,
Perik düşdün gülşənindən, gülündən,
Bilirəm, susmusan dərdin əlindən,
Oxu susma, oxu bülbül!
Həsrətdədir axı könül.

Sən ki Qarabağın nəğməkarısan,
Xarı bülbülünün vəfadarısan,
Bu yerdə insaf et, susma barı sən,
Oxu susma, oxu bülbül!
Həsrətdədir axı könül.