RAFİQ ƏLİYEVİ NƏDƏN GECƏ GÖSTƏRİRLƏR?


Aygün MURADXANLI

Yay media üçün ən çətin dönəmdi. Şəhərdə müsahib tapmaq olmur. Bacaran istidən baş götürüb sərinə çəkilib. İstirahətdə olan adamlara zəng edib gündəmdə olan məsələlərlə bağlı sual vermək nə qədər etikdir, bu da bir az mübahisəli məsələdir.
Bəzən bu “etikasızlığımızı” yumşaq dillə üzümüzə də vuran olur. Qınamıram, eybəcər qayda-qanunlarla idarə olunan ölkənin paytaxtından baş götürüb getməyin, 1 həftə, 10 gün də olsa, korrupsiya, rüşvətxorluq, insan haqları, neft gəlirlərinin yağmalanması haqqında danışmamağın, şübhəsiz, insana xeyri var. Ancaq hörmətli və dəyərli ekspertlər, “yersiz, zamansız” suallar verən müxbirləri, lütfən, qınamayın. Xüsusən yazılı mediada çalışanları. Axı bizim telekanallarda çalışanlar kimi bir məhsulumuzu media bazarına təkrar çıxarmaq şansımız yoxdur. Biz hər zaman yeni bir şeylər yaratmalıyıq. Siyasi liderlərin, ölkənin aparıcı şəxslərinin müsahibələrini, ya reportajları təkrar çap etsək, qəzeti kim alar?
Telekanallardakı “yay siyasəti” isə hər zaman olduğu axarı ilə davam edir. Yenə arxiv eşələyib nəsə axtarırlar, hətta bir neçə il qabaq efirə verilən verilişlərin təkrarını verirlər. Qəribəsi isə telekanalların uğurlu teleproje kimi seçib efirə verdiyi bütün verilişlərin aparıcı simalarının bu gün Azərbaycan hakimiyyəti ilə açıq, çoxşaxəli konflikt yaşayan tanınan kişilər olmasıdır. Son 15 gündə bir neçə belə veriliş izləmişəm. Kimləri görməmişəm – Rafiq Əliyevi, Rüstəm İbrahimbəyovu, Cəmil Həsənlini… Ən maraqlı detallardan biri də verilişlərin efirə gecə saatlarında verilməsidir. Günün günorta çağı bu simaları efirdə göstərməyə kimin cəsarəti çatar?
Bu faktlar həm də Azərbaycan hakimiyyətinin milyardlara hökm etsə də miskin və zavallı durumda olmasının göstəricisidir. 20 illik zaman da bu hakimiyyətə üzə çıxaracaq bir normal qafa sahibi yetişdirmək üçün bəs etməyib. Hətta bir zamanlar yanlarında olan şəxsləri belə itiriblər. Diqtənin bir qafadan alındığı ölkəyə düşünən beyinlər yox, tutuquşular gərəkdir. Bu sahə iqtidarın demokratik düşərgəyə ən ciddi qısqanclıq duyduğu sahədir. Elə ona görə də iki-üç ildən bir demokratik düşərgəyə tilov atıb mübarizədən bezib düşərgə dəyişmək üçün bəhanə gəzən “zəifləri” ovlayırlar. Bu düşərgənin zəifi, gərəksizi də o düşərgənin stajlı “əjdahalar”ından daha sanballı görünür. Möhtac olmaq pis şeydi, düşmənimə qismət olsun!
Hakimiyyət illərdir Azərbaycanı dünyadan təcrid etmək planları cızır. “Bizdə niyə o əjdahadan yoxdur” deyənləri əzə-əzə, ölkədən qova-qova, Azərbaycanı sivil dünyanın bir parçasına çevirmək üçün kənardan gələn təklifləri sinilərdə enerji müqavilələri, ağ balıq, kürü qonaqlıqları ilə qarşılamaqla zərərsizləşdirib. Bu siyasət hakimiyyəti elə bir günə qoyub ki, efirində gündüz Rəqsanəni, Üzeyiri, gecənin bir aləmi Rafiq Əliyevi, Lütfü Zadəni, Rüstəm İbrahimbəyovu göstərirlər.
Bu yaxınlarda Azərbaycanda ciddi bir telelayihənin olacağı haqda xəbər eşitdim. İnsanlar ciddi pul-para xərcləyib Azərbaycan gerçəkliyi üçün, YAP-ın patentini aldığı sevimli kəlməsi ilə desək, analoqu olmayan bir telelayihə hazırlayıblar. Xaricdən ən yeni texnologiyalı avadanlıq, yüksək səviyyəli kadrlar dəvət olunub, verilişlər hazırlanıb. Ancaq nə fayda? Telekanalların biri də verilişi yaxın qoymur. Tarixi, sosial-iqtisadi mövzuları əhatə etdiyinə görə. Telekanallardan birinin rəhbəri verilişin yaradıcı heyətinə maraqlı bir təklif verib. Adam deyib, verilişi dəyişin, interyer-eksteryer dizaynı ilə məşğul olan tanış şirkət var, onunla maraqlı bir telelayihə işləyin – siz də qazanın, biz də. Verilişin daha çox siyasi ağırlıqlı müəllifi deməyə söz tapmayıb. Tikinti və təmirdən başqa ağlı heç nə kəsməyən, iqtidar komandasının “uğurlu” daxili siyasəti nəticəsində telekanal rəhbəri olan bir “prorab”dan başqa nə eşitmək olar?!
Əsəblərinizi, gözünüzü bu “proRAB”ların telekanallarında qoruyun