QƏRBİN “GÜNEY AZƏRBAYCAN” PİROQU


Ənvər BÖRÜSOY

Qərbin ayağı hara dəyirsə, orada antitürk siyasəti aparılır
Son on gündə ABŞ və Avropa ölkələrində Güney Azərbaycan mövzusu aktuallaşmağa başlamışdır. Suriya böhranından sonra, BOP (Böyük Orta Doğu Projesi) planının tərkib hissəsi olaraq beynəlxalq diqqətin İran çevrəsində cəmlənməsi prosesinə hazırlıq görülməkdədir. ABŞ konqresinin üzvü Deyn Borabaherin dövlət katibi Hillari Klintona rəsmi məktubla Güney Azərbaycan siyasətinin xarici siyasət kursuna daxil edilməsi üçün etdiyi müraciəti heç də təsadüfi deyil. İngiltərə, Fransa, Almaniya, Belçika, İtaliya və digər Avropa ölkələrinin strateji mərkəzləri, nüfuzlu dərgi və qəzetlərinin “səxavət”lə Güney Azərbaycan mövzusunu incələməyə başlamaları da sıradan adi bir olay deyil. Qərbin Güney Azərbaycana diqqət ayırmasının sirrini bu regionun tarixini bilməyənlər heç zaman anlamayacaqlar. Qərb Güney Azərbaycanı ayağa qaldırmaqla İranın molla rejiminə qarşı “qurbanlıq” qoyun taktikasından məharətlə istifadə etməyi strateji hədəf olaraq görür.
Tarixi proseslərin astar üzü
19-cu yüzilin sonlarında və 20-ci yüzilin ilk iki onlliyində İngiltərə, Fransa, Almaniya və Rusiyanın fəal siyasəti nəticəsində Güney Azərbaycanın Urmu, Səlmas, Xoy, Mərənd, Soyuqbulaq, Sulduz, Tikantəpə, Makı və digər şəhərlərində kürd, aysor və ermənilər silahlandırılaraq 200 min nəfər Azərbaycan türkü soyqırım olunmuşdur. Türkiyədən Əli İhsan Sabis Paşanın komandanlığı altında 17-ci Kolordu Ordusu bölgəyə yeridilməsəydi bu ağır faciələr Təbiz, Miyana, Zəngan, Qəzvin, Əhər, Meşkin, Ələmdar, Zunuz və digər şəhərləri də əhatə edəcəkdi. Bununla yanaşı, həmin dönəmdə Güney Azərbaycanda və Türkiyədəki İttihadi İslam Hərəkatı da yerli əhalinin silahlanaraq könüllü özünü müdafiə qüvvələrini yaratmışdılar. Xüsusilə Tağı Rüfətin genişmiqyaslı fəaliyyətləri nəticəsində Güney Azərbaycan və Anadolu türkləri ilk dəfə olaraq birgə hərəkət taktikası nümayiş etdirdilər.
20-ci yüzildə bütün Şərqdə ilk dəfə olaraq Ana Yasa və parlamentli ölkə siyasətini milli iradə kimi 1905-1911-ci illərdə irəli sürən Səttar Xan Hərəkatının faciəli sonluqla bitməsi, yüzminlərlə insanın quşunlanaraq öldürülməsi, dar ağaclarından asılması, sürgün olunması da məhz İngiltərə, Fransa, İtaliya, Rusiya və Almaniyanın günahı ucbatından baş vermişdir. 1917-1920-ci illərdə Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabanin başçılığı altında Azadistan Hərəkatının boğulmasının əsil səbəblərindən biri də Qərbin nəzarətində olan o zamankı Millətlər Şurasının (indiki BMT) suçu ucbatından olmuşdur. 1925-ci ildə türk kökənli Əhməd Şah Qacarın hakimiyyətdən devrilərək onun yerinə mehtər Rza Pəhləvinin gətirilməsi və bunun ardınca fars şovinist və faşist düşüncəsinin siyasi doktrinaya çevrilməsi, bu günə kimi davam etdirilməsində Qərbin güclü dəstəyi olmuşdur. 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin lideri olduğu Güney Azərbaycan Milli Hökumətinin devrilməsində, onminlərlə insanların edam olunması, həbsxanalarda işgəncələrə məruz qalması, sürgünlərə göndərilməsi siyasətində bir tərəfdən SSRİ-nin, digər yandan isə Qərbin antitürk strategiyası bu yöndə başlıca rol oynamışdır. 1947-ci ilin payızında BMT-də Güney Azərbaycan Milli Hökumətinin süquta uğradılması Qərb ölkələri tərəfindən toy-bayram kimi qarşılanmışdır. 1978-ci il 23 Bəhmən İnqilabı baş verən zaman Güney Azərbaycan Milli Hərəkatının qan içində boğulmasında Qərb dövlətləri dolayı yolla yaxından iştirak etmişlər.

Qərbin masasındakı modern fars şovinizmi 

Hələ 19-cu yüzilin ortalarında süni şəkildə ideoloji doktrinaya çevrilmiş “Hind-Avropa” nəzəriyyəsi əsasında İranda siyasi fars şovinizminin inkişaf perspektivləri də diqqətlə incələnmişdi. Elə indinin özündə belə Qərbin “İran siyasəti”ndə həmin doktrina başlıca strategiya kimi qəbul edilir. Belə olmasaydı Kanada, ABŞ, Fransa, İngiltərə, Danimarka, Hollandiya, İsveç, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Belçika və digər Qərb ölkələrində İrandakı mollakratiya rejiminin devrilməsi istiqamətində fars dilində yayımlanan 320 tele kanala dəstək verilməzdi. Azərbaycan türkcəsində yayınlanan Gün AzTV və Ana Dili TV kanalları isə demək olar ki, çox məhdud dairəyə malikdir. Qərdin strateji hədəfi İranın demokratik rejimə keçidi deyil, mədəni islahatlar adı altında bu ölkənin daha modern şəkildə istismarına nail olmaqdır. İndiki məqamda İranı daxildən sarsıtmaq üçün “milli azlıqlar” projesinə üz tutulmuşdur. Halbuki, sayları milyonları ötən türk, türkman, bəluc, lor, gilək, ərəb və kürdlərə məxsus milli təsisatları mollakratiya rejiminə qarşı yönəltmək üçün Qərb həmin toplumları səfərbər etmək üçün bir sıra təşəbbüslər irəli sürmüşdür. Güney Azərbaycana olan indiki ilıq münasibətin də səbəblərini burada aramaq lazımdır. Güney Azərbaycandakı sosial və mədəni sahədə milyonlarla insanın aktivləşməsini isə Qərbin strateji mərkəzləri diqqətlə araşdırmaqdadır. Qərbin “İran manifesti”ndə yer alan strateji maraqlardan biri də Güney Azərbaycan və Xorasan Türkləri məsələsində ənənəvi antitürk siyasətini indiki məqamda fərqli bir taktika ilə gündəmə gətirməkdir. Bu yöndə “Urmu vilayətinin İran Kürdüstanının coğrafi sərhədlərinə daxil edilməsi” projesinə dəstək verilməsi üçün artıq açıq şəkildə hərəkətə belə keçilmişdir. İngiltərənin paytaxtı Londonda kürdlərə məxsus “UrmuTV” kanalının fəaliiyyətə başlaması bunu təsdiq edir. Avropadakı digər kürd KİV-ləri də genişmiqyaslı təbliğatlara başlamışlar. Bu da öz növbəsində Anadolu- Güney Azərbaycan- Xorasan Türkman- Orta Asiya dəhlizinin qarşısının alınması deməkdir. Qondarma “İraq Kürdüstan Muxtariyyəti” üzərindən İran Kürdüstanına güclü maliyyə və silah dəstəyinin göstərilməsi sayəsində son illər Urmu vilayətinə kürd axınının artması, onların öz ictimai və siyasi təşkilatlarını yaratması 19-cu yüzillikdə Qərbin bölgədəki misssioner siyasətinin davamı olaraq görülür.
Hal-hazırda Fransa, Almaniya, İngiltərə və digər Qərb ölkələrində İrandakı mollakratiya rejiminə qarşı müxalifətin qatı fars şovinist siyasətini gücləndirməsi, bunu bir qədər mədəni görüntülər içində modernləşdirmə taktikası gələcəkdə daha təhlükəli oyunların baş verəcəyini təxmin etmək heç də çətin deyil. Keçmiş şahçılar, İran milli burjuaziyası, eləcə də digər siyasi partiyaların İranda “top və pop” mədəni inqilabına doğru gedilən yolun sürətlənməsini şərtləndirməyə çalışmaları da fars şovinizminə Qərbin nə qədər önəm verdiyini sübut edən amillərdən biridir. Bu prosesə digər xalqlara məxsus manqurt düşüncəli ziyaların da cəlb edilməsi əslində adi taktikadan başqa bir şey deyildir. Qərbin təbliğat ruporuna çevrilmiş mühacirətdəki müxalifət sosial və siyasi proseslərdə islahatçı rolunda çıxış etməklə, ölkədə modernləşmənin tərəfdarları olmaqla, iqtisadiyyatın liberallaşmasını əsas prioritet hesab etməklə ön sırada durmağa çalışırlar. Qərbin İrandakı mollakratiya rejiminə qarşı dəstək verdiyi müxalifət farslardan savayı digər millətin milli hüquqlarını tanıdıqlarını, onların öz tarixi coğrafi sərhədləri daxilində milli statuslarına necə sahib ola biləcəklərini açıqlamamışlar. Çünki, ən azından Güney Azərbaycan məsələsi fars şovinist siyasəti və Qərbin 122 ildir dəstək verdiyi bu antitürk ideologiya tamamilə iflasa uğraya bilər.

Genişmiqyaslı antitürk şəbəkəsi

1978-ci ildə İranda baş vermiş 23 Bəhmən İnqilabından sonra, klassik və modern fars şovinizmi siyasəti üz-üzə durmuşdu. Bütün bunlar din pərdəsi altında idarə olunurdu. Bir tərəfdən mövhumatçı şiə radikalimzi (klassik, bu ideyanın lideri Ruhulla Xomeyni idi) və digər yandan isə Londondan idarə olunan modern cəfərilik (bu hərəkatın ideoloji lideri doktor Əli Şəriəti idi) qarşı-qarşıya dayansalar da, sonucda mövhumatçı siyasətlə cəmiyyəti daha dərindən farslaşdırma ideyası müdafiə olnmuşdu. On illik İran-İraq savaşının kökündə dayanan faktorlardan biri də fars şovinist siyasətinin daha dərin qatlara kimi güclənməsi dayanırdı. İslam İnqilabını bəhanə edərək daha geniş miqyasda “şiəlik coğrafiyası”na üz tutulması, ideoloji müstəvidə İraq, Pakistan, Əfqanıstan, Suriya, Bəhreyn və Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi ölkə daxilində digər toplumların farslaşdırılması üçün atılan addımlardan biri idi. Digər yandan isə Tehran rejimi savaşı, digər amilləri bəhanə edərək milli dillərdə təhsilin, mətbuatın və mədəni cəmiyyətlərin yaranmasının qarşısını almış oldu. İranda 34 ildir davam edən klerikal rejimin bütün xalqların milli hüquqlarını pozması yönündə Qərb və onun nəzarətində olan beynəlxalq qurumlar bircə dəfə də olsun səslərini çıxarmayıblar. Bu yöndə hansısa konfranslar keçirməyiblər. Qərbin masasında klerikal rejimin necə dəyişdirilməsi və ya zəiflədilməsinə üstünlük verilmişdir. Hal-hazırda İranı daxildən sarsıtmaq üçün hərəkətə keçmiş “Cümbeşe Səbz” və ya “Rahe Səbz” (Yaşıllar Hərəkatı) adı altında modern fars şovinist siyasətinin dəstəklənməsi, Mir Hüseyn Musəvi, Mehdi Kərrubi, Əbdülkərim Soruş, Möhsün Kədivar, Əkbər Gənci, Hüseyn Əli Müntəziri, Kamil Xərrazi, Məhəmməd Xatəmi, Əbdüləli Bazarqan və Haşimi Rəfsacani kimi liderlərə önəm verilməsi birbaşa fars şovinizminin yanında durmaq deməkdir. Vaxtilə Qərb bu taktikadan istifadə etməklə pəhləvilər ailəsinin hakimiyyətini gücləndirmişdi. Rejimə qarşı çıxan və müxalifətdə olan modernist fars şovinistləri istənilən anda Qərb tərəfindən fəal şəkildə müdafiə olunurlar. Kürdlərin Güney Azərbaycana qarşı ərazi iddiaları da Qərbin maraq dairəsindədir.
2003-cü ildə İraq diktatoru Səddam Hüseyn devrildikdən sonra, ABŞ və Qərbə məxsus güclər türkman torpaqlarında “Kürdüstan Milli Muxtariyyəti”ni qurdular və beləliklə BƏSS partiyasının 40 il ərzində apardığı antitürk siyasət bu dəfə kürdlərə həvalə edilmiş oldu. Suriyada ilyarımdır yaşanan vətəndaş savaşında 40 min nəfərdən artıq türkmanın soyqırım olunması, onların insani hüquqları barəsində beynəlxalq birlik susmaqda davam edir. Halbuki, Suriyada bir kürdün, çərkəzin, erməninin, yunanın və ya ərəbin burnu qanayan kimi Qərb insan haqlarının pozulmasını bəhanə edərək bütün cəmiyyəti ayağa qaldırır. Uzun müddətdir Qərb İran siyasətində də farslara məxsus şəbəkələrə üstünlük vermişdir. Güney Azərbaycanda insan haqlarının və milli hüquqların pozulması yönündə isə susmuşdur. İndiki məqamda Suriya ssenarisinin ardınca “İran masası”nın gündəmə gəlməsindən faydalanmaq üçün baxışlar inqilablar beşiyi Təbrizə və Güney Azərbaycana yönəlmişdir. Güney Azərbaycan son yüz il ərzində bütün inqilabi proseslərin mərkəzi olmaqla yanaşı, yüzminlərlə qurbanlar vermişdir. Ancaq bunun mükafatını Qərb farslara bağışlamışdır.