BƏDİYYAT USTALIĞINA YİYƏLƏNMƏMİŞDƏN QABAQ İNTİRİQA USTALIĞINA YİYƏLƏNİRLƏR


İnam ATA

Ehkama uyan ədəbiyyatda insan həyatı çox vaxt istehsalatla eyniləşdirilir; az qala tarla insanı, zavod insanı, sex insanı yaranır.
Süjet istehsalatlaşır, bədii problem istehsalatlaşır, münaqişə istehsalatlaşır. Təzə istehsal üsuluna həsr olunur əsər; geri qalmış kolxozun qabaqcıl kolxoza çevrilməsinə həsr olunur; unudulur kəndliylə torpaq arasındakı özgələşmə, mədhdə zəhmətkeş həyatı itir, insan tarlalaşır, zavodlaşır, sexləşir. Əməkçi surətində insan kölgələşir.Ehkam xüsusi bir realizm icad edib: həyatın müsbət tərəflərinin təsdiqi əsas məqsəd sayılır. Ümumi tendensiyanı, gedişatı, mahiyyəti tənqid etmək olmaz, ayrı-ayrı hadisələri tənqid etmək olar və həmin hadisələri mahiyyətin, gedişatın ifadəsi kimi yox, qeyri-təbiilik, anomaliya, yaxud köhnə dünyanın qalığı kimi qiymətləndirmək olar. Əks təqdirdə əsər antirealist (gerçəkliyin təhrifi) sayılır. Təzə, xüsusi realizm vasitəsiylə həyat həqiqətiylə döyüşürlər, antirealizm təsdiq olunur; normativ realizm ehkamı yaranır; sosializm idealının təsdiqi naminə həqiqətdən keçmək, həyatı Ehkamın təsdiq etdiyi həyat normativliyinə bərabərləşdirmək.
Xüsusi realizm realizmi ədəbiyyatdan silir.
Şərqiliyimizdən uzaq düşdük.
Hürmüzd İşığından ayrıldıq.
Ənəlhəqqdən ayrıldıq. Ülvi Eşqdən ayrıldıq.
İnsanın ruhani mahiyyətindən ayrıldıq.
Ruhsuzluğa düçar olduq.
10. Ədəbi mühitə siyasətbazlıq sirayət eləyib.
Rəqibi sıradan çıxarmaq üçün idealları müdafiəyə qalxırlar, ideoloji itihamlar arxasında xudbin niyyətlər, mənsəbpərəstlik, şöhrətpərəstlik gizlənir; bədiiyyat ustalığına yiyələnməmişdən qabaq intriqa ustalığına yiyələnirlər; əqidə döyüşü pərdəsi altında qatilləşirlər; həmkarlarından böyük düşmən tanımırlar; xəbisliyi mübarizliklə «doldururlar», – fəlakətli, qəbahətli, antihumanizm yaranıb ziyalılar arasında.