YUNUS ƏMRƏNİN MƏZARLARI NİYƏ BU QƏDƏR ÇOXDUR?


Yazar Ülker Abdullayeva

Türk dünyasındakı ən böyük liberal…

Adı gözəl, özü gözəl Məhəmməd… Ağlım kəsəndən kəndimizin uşaqları bu misranı təkrarlayardılar. Mənasını bilməzdik, kimin sözü olduğunu da… Kəndimizdə bir nəfər də olsun, molla yox idi. Ölüsü ölən başqa kəndlərə gedib, molla gətirərdi. Əgər, o molla başqa yerə hüzrə getmiş olsaydı, ölümüz mollasız, duasız dəfn edilərdi. Sadəcə, Fatihə surəsini oxuya bilən birisi, onu oxuyardı, adamı da dəfn eləyərdilər. Amma İlahi eşqə aid şerləri yaşlılar da, cavanlar da əzbərdən deyərdilər. “Gəl, gör, bu eşq məni neylədi”, “Elm, elm deməkdir”, “Eşqsizlərə vermə öyüt”, “Ağla gözüm, ağla gülməzim” kimi şerlərini əzbərdən deyirdilər, kəndlilərimiz… Onda nə təsəvvüf ədəbiyyatı bilirdilər, nə də Yunus Əmrənin türk şairi olduğunu… Onlara görə, qonşuluqdakı Oncallı qəbiristanlığında, “Hacı Tapdıq” ziyarətgahında iki müqəddəs yatırdı. Onların hər ikisi könüllərini İlahi eşqə vermişdilər. Biri Tapdıq Əmrə, o birisi də, Yunus Əmrə idi. Kəndlilərimizin də dildən-dilə əzbərlədikləri şerlər həmin Yunus Əmrəyə aid idi, vəssalam… Bu iki müqəddəs barədə uşaqkən valideynlərimlə həmin ziyarətgaha gedəndə öyrəndim. Ziyarətin sahibi bizə məsləhət gördü ki, öncə Yunusu, sonra Tapdığı ziyarət edin. Qəribədir, ziyarətgahın adı “Hacı Tapdıq” idi. Niyə öncə Yunusu ziyarət etməliydik? Atam yaşlılardan eşitdiyi bir rəvayəti bizə anlatdı. Bunlar iki övliya, iki müqəddəs insandırlar. Sultanların zülmündən qaçıb, can qurtaran İlahi aşiqləri Hacı Tapdığa pənah aparardılar. Onların yeri-yurdu bəlli olmazdı. Üç gün burda, beş gün orda köç salardılar. Yunus gənc idi. O, Tapdığın əmrlərini şəksiz yerinə yetirər, ona ağac qırardı. Bu ağaclardan çalğı alətləri düzəldər, qalanlarını odun eləyirdilər. Yunus düz ağacları kəsməzmiş. Bunda da bir hikmət varmış. Öləndə də vəsiyyət etmişdi ki, məni düz ağacların altında dəfn edərsiz. Hacı Tapdıq da Yunusun xidmətlərindən çox məmnun qalarmış. Ona görə ətrafındakılara vəsiyyət edərmiş ki, məndən sonra Yunus ölsə, onu mənim baş tərəfimdə dəfn eləyin. Özü də məni ziyarətə gələnlərə tapşırın ki, öncə onu, sonra məni ziyarət etsinlər. Odur ki, bu ziyarətgaha gələnlər öncə Yunusu, sonra Tapdığı ziyarət edir.
O dövrə aid əski ərəb əlifbası ilə yazılmış qəbir daşlarının çoxu qırılıb. Amma Yunusla Tapdığın qəbir daşlarını qırmağa və qəbirlərini itməyə yerli camaat imkan verməyib. Sovet dövründə Bakıdan gələn arxeoloqlar o daşları tədqiqat üçün özləri ilə aparıblar. Sonra bir hissəsini qaytarıblar, bir hissəsi isə, yoxa çıxıb. Amma xalqın qan yaddaşında qalan müqəddəslərin qəbirləri əsrlərdən bu yana ziyarətgaha çevrilib. Həm Tapdıq, həm də Yunus Əmrələr bütün türk dünyasının hər zaman sevgi ilə andığı Allah aşiqləridir. Ötən il Türkiyənin prezidenti Abdullah Gül Azərbaycana səfəri zamanı oranı ziyarət etmişdi. A.Gülün diqqətini çəkən başlıca məqam, Yunusla Tapdığın qəbirlərinin eyni yerdə olması, onlar haqqında yerli əhali arasında dolaşan rəvayətlər, Yunus şerlərinin ətraf kəndlərdə dildən-dilə keçməsi faktları idi və bu, Yunusun əsl qəbrinin harada olduğuna dair fikirləri xeyli aydınladırdı.
Yunus haqqında deyirdilər ki, o, düzlüyün carçısı olub. Onun bu şerini bayatı əvəzi deyənlərə də rast gəlinirdi, kəndimizdə:

Yol odur ki, doğru vara,
Göz odur ki, Haqqı görə,
Ər odur, alçaqda dura
Ucadan baxan göz deyil.

Yunus öz fəaliyyətində və şerlərində insanlıq sevgisini hər şeyin fövqünə gətirib. Əsl eşqin ilahi eşq olduğunu, yaradanın qullarının ədalət və hür içində yaşamasının Allahdan gələn bir buyruq olduğu fikrini müdafiə edib. Onun həyatı barədə qədim yazılı mənbələrdə məlumat yoxdur. Şifahi söhbətlərdən toplanmış məlumatların çoxu isə, bir-birinə uyğun gəlmir. Bəzi qaynaqlara görə, Anadoluya Şərqdən gələn türk tayfalarından birinin nümayəndəsi olub. Onun təqribən 1238-ci ildə anadan olduğu, 1320-ci ildə öldüyü söylənilir. Anadolunun bir çox yerində Yunus Əmrənin adını daşıyan və onunla əlaqədar olduğu ehtimal edilən 15-dək “məqam” adlandırılan yerlər, məzarlar, türbələr var. Bir başqa mənbəyə görə isə, 1240-1320-ci illərdə yaşayıb. Atasının adı İsmayıldır. Fikir var ki, Yunus, yazıb oxumaq bilmirmiş. Amma şerlərindən mədrəsədə yetişdiyi, ənənəvi İslam elmləri ilə yanaşı, ərəb və fars dillərini bildiyi, İran və Yunan mifologiyasını, həmçinin təsəvvüf tarixini araşdırdığı hiss olunur. Bektaşinin «Vəlayətnamə»sinə görə, gəncliyində əkinçilik edib, sonradan Tapdıq Əmrə adlı şeyxin müridi olub, Tapdıq Əmrənin iqamətgahında uzun illər xidmət etdikdən sonra dərvişlik ənənəsinə uyaraq, qürbətə gedib. Onun insanlığı təriqət yoluna çağıran şerləri geniş bir çevrəyə yayılıb. Yunusun Oncallıdakı qəbrini ziyarət edənlər, həmişə ona “qərib aşiqin məzarı” deyirlər. Böyük ehtimalla Yunusun Azərbaycan ərazilərində peyda olması, onun qürbətə köç edib, dərvişliyi təbliğ etmək məqsədilə əlaqədar olub. Onun ilahiləri 20-ci əsrin əvvəllərinə qədər dərviş iqamətgahlarında oxunub. Əsas davamçıları (Sait Əmrə, Aşıq Paşa, Qayçısız Abdal, Hacı Bayram (bu ad Yunusun məzarının olduğu Oncallının yerləşdiyi Qıpçaq kəndlərində məşhurdur-m.), Əşrəfoğlu Rumi, Xətai, Niyazi Misri və b.) hətta onun təxəllüsləri (Miskin Yunus, Dərviş Yunus, Aşiq Yunus, Yunus Dədə və s.) ilə şerlər yazıblar.
Aparılan araşdırmalara görə, şerlərinin toplandığı «Divan» ölümündən yetmiş il sonra hazırlanıb. Anadoluda Yunus Əmrənin adını daşıyan və Yunus Əmrədən çox sonralar yaşamış başqa şairlərin əsərləri ilə qarışan şerlərinin bir bölümü dil araşdırmaları nəticəsində ayırd edilmiş, beləliklə 357 şerin Yunusa aid olduğu qənaətinə gəlinmişdir.
Yunus Əmrə şerlərində heca ölçüsünə üstünlük vermiş, əsasən, yeddi və səkkiz hecalı qəliblərdə yazmış, amma başqa qəliblərdə və əruz vəznində də özünü sınamışdır. Oğuz ləhcəsində və dövrünün danışıq dilində yazsa da, şerlərində istifadə etdiyi sözlərin heç də hamısı türkcə deyil. O, fars dilinin qaydalarına daha çox riayət edib və türk sözlərini əcnəbi sözlərlə bağlayıcılar vasitəsilə (məsələn, izafətlə) bağlayıb. Bəzi sözlərin həm türkcəsini, həm ərəbcəsini, həm də farscasını birlikdə istifadə edib. Amma Yunusun şerlərində Oğuz ləhcəsi çox gözəl bir tərzdə qorunub.
Niyə qarşılıqsız sevmək lazımdır?!
Yunus Əmrənin şerləri həm ədəbiyyat tarixi baxımından, çox önəmlidir, həm də burada dil, düşüncə, duyğu və yaradıcılıq kimi dörd vacib amil əksini tapıb. Onun şerlərinin əsas mahiyyətini insan, Tanrı, canlıların vəhdəti, sevgi, yaşam sevinci, həyat sevgisi, sülh, kainat, ölüm, kamillik, yetkinlik, təvazökarlıq, comərdlik, əliaçıqlıq kimi anlayışlar təşkil edir. Yunus bu anlayışları insanın həyatında vacib amillər kimi qiymətləndirib. Onun fikrincə, insan sevgi bəsləməyi bacaran və ona ən çox ehtiyacı olan varlıqdır. O, həyatın dörd ünsürdən – torpaq, su, od və yeldən ibarət olduğuna, bu dörd ünsürün də Tanrı tərəfindən yaradıldığına inanıb. Onun inandığı fəlsəfəyə görə, insan, sevgi yoluyla Tanrıya qovuşur, çünki insanla Tanrı arasında bənzərlik var. Amma insanın maddi olması, onu Tanrıdan ayıran yeganə amildir. Və bu səbəbdən də, insan yaşamı boyunca Tanrını düşünməyə, onun intizarını çəkməyə məcbur olub. Reallıqda insan-Tanrı-kainat üçlüyü vəhdətdədir, mövcud olan isə, yalnız Tanrıdır. Fərqli görüntü var. Əslində isə, Tanrı bütün varlıq formalarını öz daxilində toplayıb və o, hər bir varlıqda əksini tapıb. Kainatı təşkil edən elementlərlə insanın gövdəsini təşkil edən elementlər eynidir. Çünki onların hamısı Tanrıya məxsus tozdan əmələ gəliblər. Tanrı onları müxtəlif şəkillərə salıb. Və Tanrı özü şəkilləndirdiyi həmin varlıqlarda mövcudluğunu qoruyur. Yunusa görə, sevgi Tanrı və onun yaratdığı bütün varlıqlara qarşı duyulan bir yaxınlıqdır. Sevgi ən sonda ölümsüz olan Tanrıya qovuşduracaq. Odur ki, sevgi heç vaxt ölmür. Və o sonda Tanrıya qovuşaraq, orada əbədi yaşayır. Ona görə də, Tanrını sevən, özünü sevər, özünü sevən də, Tanrını sevər. Çünki sevgi özünü başqasında, başqasını da özündə tapmaqdır. Sevginin olmadığı yerdə, hikkə, qırğınlıq, nifrət, parçalanma, bir-birindən qopma kimi neqativ hallar ortaya çıxar. Sevginin dəyərini, yalnız sevənlər bilər. Sevmək bir kamillik əlamətidir. Yetərincə aydınlanmamış, Tanrı işığından yoxsul olan könüldə sevginin yeri yoxdur. Bütün varlıqları bir-birinə bağlayan, onları Tanrı ilə bütünləşdirən şey sevgidir. Sevgi bir mənfəət vasitəsi olmadığından, sevən qarşılıq gözləməz. Dost qəlbən sevən insandır. Yunusa görə, sevərək, düşünərək yaşamağı bilən kimsə hər yerdə Tanrı ilə qarşı-qarşıyadır. Yaşamaq üçün təkcə əşyaları, maddiyyatı sevmək kifayət deyil. Yaşamaq üçün insaniyyəti sevmək lazımdır. İnsanlığı sevən, həm də Tanrını sevmiş olur. Yunus Əmrənin dilində sevən insan müqəddəsdir. Müqəddəslərsə, sülh içində yaşamağı, bütün insanları qardaş görməyi, özünü sevməyəni belə, sevməyi bilən insanlardır. Onun könlü yalnız sevgiylə, dostluq duyğularıyla doludur. Yunus sevgi ilə dolu olan müqəddəs insanları Tanrının surəti kimi qəbul edib. Onun gözündə insan kiçik bir kainatdır. Böyük kainat isə, Tanrıya məxsus tozun sardığı varlıq sahəsidir. Ölüm ruhun gövdədən ayrılıb, Tanrıya məxsus qaynağa dönməsi sayəsində reallaşır. Bu səbəbdən də, ölüm ruhla gövdənin arasında bir ayrılıqdır. Gerçəkdə ölüm yoxdur, ruhun əbədiyyətə qovuşması, uca qaynağa dönüşü var. Ölümün bir başqa mənası da bilgidən, kamillikdən, yetkinlikdən, sevgidən yoxsul olmaqdır.
Yunus Əmrə ədəbiyyat tarixinə türk dilində şerin banisi kimi daxil olub və təsəvvüfün problemlərini asan və aydın bir dildə söyləməsi ilə məşhurlaşıb. Ona görə də, türk toplumları içərisində Yunusun şerləri çox asan başa düşülür və əzbərlənirmiş. Dilinin saflığı, şerdəki axıcılıq, sadəlik, dini inancındakı səmimiyyət, eşq, ölüm kimi dünyəvi şer mövzularını təsirli bir şəkildə anlatması səbəbindən, o, bütün Türk ədəbiyyatının ən böyük şairlərindən biri sayılıb. Yunus bu gün həm də ona görə dəyərlidir ki, o, hər dindən, hər inancdan olan insanlara eyni gözlə baxmağı vacib sayıb və insan sevgisini hər şeydən uca tutub.
Tapdıq Əmrəyə gəlincə, onun Xorasanlı olduğu, Çingiz xanın işğalı zamanı Anadoluya getdiyi ehtimal olunur. 1210-1215-ci illər arasında doğulduğu güman edilir. Deyilənlərə görə, Hacı Bektaşi Vəlinin xələfidir. Yunus Əmrəni yetişdirməyi Hacı Bektaşi Tapdıq Əmrəyə həvalə edib. Tarixçilərin radikal batini dediyi tapdıqlılar Tapdıq Əmrə adlı bir türkmənin ətrafındakı insanlardan ibarət idi. Tapdıq Əmrədən sonra Anadoluda bir «Tapdıqlılar» icmasının mövcud olduğu barədə mənbələrdə məlumat var. Tapdıq Əmrə dərgahında qırx il odun daşıyan dərviş Yunus tapdaqlıların yetişdirdiyi ən böyük ozan kimi tanınır.
Tapdıq sözünün etimologiyasını araşdıran etimoloqların fikrincə, Tapdıq sözü İslamdan əvvəl türk tayfalarında mövcud olan sözdür. Tapdıq türk və Altay mifologiyasında şər qüvvələri təmizləmək üçün göydən yerə endiyinə inanılan əfsanəvi qəhrəmandır. Bəzi ehtimallara görə, Yunus Əmrənin adı onun şeyxi Tapdıq Əmrənin adından gəlir. Tədqiqatçı Cəlal Bəydili «təsadüfən tapılmış» mənasını daşıyan Tapdıq adının mənşəyinə Azərbaycan türkcəsində rast gəlindiyini, «tapmaq» mənasını ifadə etdiyini, İlahi bir qüvvə tərəfindən göndərilən və adamlar tərəfindən tapılan uşaq motiviylə bağlı olduğunu qeyd edib. Əmrə sözü isə, qədim türk dillərində aşiq olmaq mənasını daşıyır.
Yunus qarşılıq gözləmədən sevirdi. Əvəzində insanlardan çoxəsrlik sevgini qazanmış oldu. İndi hər diyarda bir məzarın və o daşlara tapınan saysız-hesabsız insanların olması, bu sevginin əlaməti deyilmi? İndi siz deyin: Yunus sevginin ölümsüz olduğu fikrində nə qədər haqlı idi?!