MİN İLDİR ADI HALLANAN TÜRK…


577

Tərcümə etdi türkoloq: İlahə İbrahimova “Baku Post”

Tarixi dəyişdirən alimlər silsiləsindən 1000 ildir adı hallanan adam.
YUNESKO üçün 25 dildə nəşr edilən “Courier” jurnalı tərəfindən hazırlanan xüsusi nömrədə Biruni bu formada təqdim edilirdi: “1000 il əvvəl Orta Asiyada yaşayan hərtərəfli bir dahi: Biruni (973-1048). Astronom, tarixçi, botanik, farmakoloq, geoloq, ozan, filosof, riyaziyyatçı, coğrafiyaşünas və humanist”.Kolumbdan əvvəl yeni qitələrdən, Nyutondan əvvəl yerin cazibə qüvvəsindən bəhs edən Biruni yaşadığı dövrün onun adı ilə xatırlanmasını təmin edən mükəmməlliyə sahib olan bir dahi idi. İbn Sina ilə eyni dövrdə yaşamasına baxmayaraq dövrün ən böyük elm adamı olaraq qiymətləndirilirdi. Bu gün riyaziyyatdan astronomiyaya, tibbdən botanikaya qədər bir çox elm sahəsində, insanlıq olaraq Biruniyə çox şey borcluyuq. Kim idi bu “Biruni Əsri”nin qəhrəmanı? 973-cü ildə Xarəzmşahlar dövlətinin paytaxtı Kas (Ket) şəhərində dünyaya gəlmişdi. Kiçik yaşlarından dövrünün tanınmış alimlərindən dərslər aldı. Həmin dövrdə atasını itirməsinə baxmayaraq Xarəzmşahlar dövlətinin xanədanı və sarayıyla yaxın əlaqə qurdu. Həyatı boyu yaşadığı yerlərdə hakimiyyətdə olan iqtidarlarla yaxın əlaqədə oldu.
Gözləri zəiflədi
17 yaşında olanda təcrübə və müşahidələrinə başlayan Biruni elmə olan marağından gözlərini itirmə təhlükəsi ilə qarşı-qarşıya gəldi. Kas yaxınlığındakı bir kənddə təcrübə aparmaq üçün uzun müddət yalın gözlə günəşə baxdığından gözləri xəstə düşdü. Yenə də geri durmadı və maraqlı bir üsula əl atdı. Günəş haqqındakı daha sonrakı işlərini günəşin sudakı əksinə baxaraq davam etdirdi! Bağdadın tanınmış riyaziyyatçılarından olan Beu-l Vefa ilə bərabər işləyərək Kas şəhərinin meridianını tapdı.
Sonra Kas ilə Qəznə şəhərini başlanğıc qəbul edərək bir səma cisminin tam olaraq orbitindən çıxmasının ölçülərini hesabladı. Bu işləri ilə geodeziya elminin başlanğıcını qoymuş oldu.Sarayla əlaqələri elə qüvvətli idi ki, Kas şəhərini idarə edən Əhməd İbn İraq 995-ci ildə öldürüləndə hadisənin təsiri ilə “dünyanın vəzifə və mövqelərini” tərk edərək özünü elmə həsr etdi. Daha sonra yenə Xarəzmşahlara aid Cürcan şəhərini idarə edən Məmun ibn el-Memunun yanında vəzir oldu.
Sonra isə Kasdan Reyə, oradan da Buxaraya getdi.Şərqi Xarəzmşahların Qərbi Xarəzmşahları işğal etməsiylə çətin günlər yaşayan alim Xarəzmşahların Qəznəvilər tərəfindən ələ keçirilməsiylə Qəznəvi Mahmudun himayəsinə keçdi. Mahmud Qəznəvidən sonra oğlu Məsud və nəvəsi Məvduddan da böyük dəstək görəcəkdi. Mahmud Qəznəvi Hindistanı ələ keçirdikdən sonra onun yanına gedərək xəzinəsinin başına keçdi. Hindistanda olduğu zaman İbn-i Sina ilə məktublaşdı.
Dünyanın yarı diametrini ölçdü
Xarəzm ilə Cürcan arasında olan Oğuzlar bölgəsində dünyanın yarı diametrini ölçmək üçün hesablamalar aparan Biruni ilk əvvəl nəticə əldə edə bilmədi. Ancaq Hindistanda Mahmud Qəznəvinin köməkliyi ilə Nəndənə şəhərində olan bir qalada hesablamalara davam edərək uğurlu nəticə əldə etdi.Hindistanda olduğu müddətdə sanskritcə öyrəndi, hind mədəniyyəti, elmi, adət və ənənələri mövzusunda araşdırmalar apardı.
Özündən sonra 120-dən çox əsər qoyub gedən Biruni 1051-ci ildə Qəznədə dünyasını dəyişdi.Ərəb, fars, ibri, yunan, sami və çin dilləri arasından bir çoxuna bələd olan böyük alim riyaziyyat, astronomiya, həndəsə, fizika, kimya, tibb, əczaçılıq, tarix, coğrafiya, filologiya, etnoqrafiya, geologiya, dinlər və məzhəblərin tarixi barədə araşdırmalar aparmış və 30-a qədər vacib əsəri insanlığın müştərək hafizəsinə hədiyyə etmişdir.
Əsərləri ilə əsrini işıqlandırdı
140 ilə 180 arasında əsər yazdığı təxmin edilən Biruninin əsərlərindən təəssüflər olsun ki, ancaq 32-si günümüzə qədər gəlib çatmışdır. Əsərlərinin cəmi 13000 səhifədən artıq olduğu təxmin edilir. Əsərlərində tez-tez Quran ayələrinə müraciət edərək onları müxtəlif elm sahələri yönündən şərh etməyə çalışdı.İlk keysəriyyə əməliyyatını günümüzdən 1000 il əvvəl gerçəkləşdirdi.Anadan olmasının 1000-ci ilində Sovet İttifaqı, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Əfqanıstan, İran və Liviya adına pul çap etdirildi.