BİZ “AZERİ” DEYİLİK


0016

Rövşən Yerfi 

Sözüm özlərini türk, bizi “azeri” adlandıran Türkiyə türklərinə, daha doğrusu osmanlı türklərinədir. Əziz qardaşlarımız, sizin türk olmağınıza kimsənin şübhəsi yoxdur. Amma, bizi türk deyil, türk kökənli xalq kimi “azeri” çağırmağınızın nədən qaynaqlandığını özümə heç cürə aydınlaşdıra bilmirəm. Bu qardaşlıq “qısqanclığı”dır, yoxsa nədir? Necə olur ki, Türkiyə mətbuatı İranda, Güney Azərbaycanında yaşayan azərbaycanlıları türk hesab edir, dilini türk dili adlandırır, ancaq, Arazdan şimaldakıları isə müvafiq olaraq “azeri” və “azeri dili” sayır? Məgər biz quzeylilər, güneylilərdən ayrı xalqıq?!.
Qardaşlar, bizi niyə ayırırsız? Yoxsa, yadlar kimi sizə də bizi – Azərbaycan türklərini bir bütöv tanımaq sərf etmir? Olmaya böyrünüzdə güclü qardaş görmək istəmirsiz? Üstəlik Kərkükdəki soydaşlarımıza da türkman deyirsiz. Bəlkə də, bu səbəbdəndir ki, Bütöv Azərbaycan məsələsi gündəmə gələndə daha çox susmağa üstünlük verirsiniz…
Kökləri onbeşinci əsrə gedən qısqanclığın səbəbləri məlumdur. Osmanlı dönəmindən bəri ətrafındakı bir çox ölkələri zəbt etdikləri halda, talandan savayı Azərbaycanda oturuşa bilməmələri Anadolu “başbilənlərini” daim qıcıqlandırıb. O dövrün tarixini oxuyarkən bəzən özüm də heyrətlənmişəm: qəribədir, yüz illərlə Yaxın Şərqi, Balkanları əsarətdə saxlayan Osmanlı imperiyası nəyə görə bütün Azərbaycana sahiblik edə bilməyib? Görünür, bu qan qohumluğundandır: qardaşı məğlub etmək, yada qalib gəlməkdən həmişə çətin olub. Şah İsmayıla, Azərbaycan hökmdarlarına aşağılayıcı münasibət də, elə bu üzdəndir. Həmin münasibət indiki günümüzdə də Türkiyədə çəkilən teleseriallarda davam etdirilir. Seriallarda bir normal azərbaycanlı obrazı görməzsən. Əksəriyyəti gülüş yaradan yalançı, fırıldaq ya da dələduz…
Qardaşlar, biz hamımız dələduzuqmu? Yəni “azeri”lərin içində Adəm oğlu yoxmudur?
Yeri gəlmişkən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında biz özümüzü türk adlandıranda siz osmanlı idiniz. Bizdən beş il sonra siz də türk olmağınızı etiraf etdiniz. 1937-ci ildə bir “gavur” adımızı dəyişdirib azərbaycanlı edibsə, bu sizə əsas verirmi ki. təkcə özünüzü türk hesab edəsiniz..?
Qanımız bir, canımız bir osmanlı qardaşlarım, Sizə müraciət edirəm! Doğru sözdür, qarın qardaşdan irəlidir. Narahat olmayın, Sizə bizdən heç vaxt rəqib olmayacaq. Dədə Qorqudun ulu ruhu xatirinə, haqq naminə – rusa, farsa qoşulub Siz də bizi ayırmayın, paralayıb kiçiltməyin… Biz “azeri” deyilik, biz güneyli-quzeyli Azərbaycan türküyük!