DAHA BİR ERMƏNİ SAXTAKARLIĞI: YAFƏS VƏ TOQARMA KİMİN ULU BABASIDIR – HAYLARIN, YOXSA TÜRKLƏRİN?


1359464130_bextiyar-tuncayBəxtiyar Tuncay
Erməni tarixinin atası sayılan M.Xorenatsiya əsasən, Nuhun oğlu Yafəsin oğlu və nəvə-nəticələrindən olan Homer, Aşkenaz, Rifat, Toqarma və Hayk ermənilərin əcdadları sayılmaqdadır (1, 5-6). Erməni tarixşünaslığı da bu məlumata dayanaraq, adı çəkilən bu yarı əfsanəvi, yarı tarixi şəxsləri ermənilərin ulu babası, elcə də onların soy ağacından çıxış edərək, Nuh peyğəmbəri erməni kimi qələmə verirlər. Halbuki, digər tarixi mənbələr tamam başqa şeydən xəbər verməklə və adı çəkilən şəxslərdən Hayk istisna olunmaqla, digərlərinin haylara qətiyyən aidiyyatı olmadığını göstərməkdədir.
Məsələn, Vlll əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Nuhun üç oğlundan biri olan Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlumatlar verməkdədir: “Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona (əslində Qordiana, yəni Kürdüstan olmalıdır – B.T) qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı” (2. 14).
Bu məlumatdan göründüyü kimi, Vlll əsr tarixçisi, Yafəsə verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll – V əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vll fəslində Yafəsi Albaniyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir (2. 17). Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də müşahidə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur:
“…Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalılar, albanlar, qarqarlar.., sarmatlar.., meotlar, iskitlər, tavriyalılar.., bastaranlar…
Yerləşdikləri ölkələr isə bunlardır; Midiya, Albaniya, Meotiya, Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi…” (3. 100).
Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir (3. 96).
XlX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll – XlV əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəllifi Xondəmirin “Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğulları barədə ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir (4. 31).
Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mərkəz kimi “Şərq ölkələri və Türküstan”ın adını qeyd etməkdədirlər. Bu baxımdan XlV əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir (5. 10).
Türklərin mənşəyinin Nuhun oğlu Yafəsə bağlanması fikrində bütün yəhudu, xristian və müsəlman mənbələri yekdildirlər. Bu baxımdan türkologiyanın atası hesab edilən Kaşğarlı Mahmudun söylədikləri də maraqlıdır:
“Türklər əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam Nuh peyğəmbərin oğlu Yafəsə, Yafəsin oğlu Türkə qədər uzanır” (6. 22).
Olcay xanın, yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və müsəlman tarixçilərinin verdikləri məlumatlar ilk baxışdan bir-birindən fərqli görünsə də, birincilərin daha düzgün məlumat verdiklərini söyləyə bilərik. Əslində müsəlman tarixçilərin söylədikləri sələflərinin söylədiklərini inkar etmir. Məsələ burasındadır ki, xristian mənbələrində, o cümlədən “Albaniya tarixi” kitabında Azərbaycanın şimalı, yəni Albaniya həm də “Şərq ölkəsi” adlandırılır (2. 17-19), Fəzlullah Rəşidddin də “Şərq ölkələri” ifadəsini işlədir (5. 10). “Türküstan” ifadəsinə gəlincə, bu ifadə müəyyən dövrdə Azərbaycanı da əhatə etmişdir və bunun ən gözəl sübutu “Kitabi – Dədə Qorqud”dur. Bu əsərdə Həm Qazan xan, həm də Bayandır xan “Türküstanın dirəyi” adlandırılırlar. Bu fikri başqa bir Azərbaycan tarixçisi Əbu Bəkr əl – Tehrani əl – İsfahaninin “Kitabi – Diyarbəkriyyə” əsəri də təsdiqləyir (7. 20). Həm yazılı mənbələr, həm də mövcud arxeoloji və yerüstü abidələr bir-birini heyrətamiz şəkildə tamamlayaraq, Yafəsin (Olcayın) atası Həzrət Nuhun yaşayış yeri kimi Azərbaycan ərazisinə işarə etməkdədir. Deyilənlərin ən əsas və təkzibedilməz sübutu Həzrət Nuh əleyhissəlamın məzarının Azəbaycanda, daha dəqiq desək, Naxçıvanda olmasıdır. Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də l – ll əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır. O, Nuhun Nuksuanada, yəni Naxçıvanda yaşayıb burada öldüyünü, burada yerdən duz çıxarmaqla məşğul olduğunu qeyd etmişdir (7. 190).
Maraqlıdır ki, Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər öncə, yəni təqribən Həzrət Nuh dövründən başlandığını göstərmişdir ki, bu da Ptolomeyin məlumatını təsdiq edir. Üstəlik də Duzdağ ərazisində aparılan son arxeoloji tədqiqalar nəticəsində məlum olub ki, həmin ərazi dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.
Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sərdabə tikildiyini, sonrakı əsrlərdə bir çox səyyahın bu sərdabəni ziyarət edərək, əsərlərində bu barədə qeydlər etdiyini əlavə etmək lazımdır. Yəni bu şəxsin heç də mifik şəxsiyyət deyil, real tarixi şəxsiyyət olduğu, fəqət sonrakı dövrlərdə ətrafında bir çox miflər uydurulduğu heç bir şübhə oyatmır (7. 194).
Musa Kağankatlı özünün “Albaniya tarixi” kitabında qeyd edir ki, Yafəsin oğullarından olan Homer (Qamer) Albaniyanın ikinci şahı idi və ondan homer // kimmer (qamer) xalqı törəmişdir:“Yafəsin oğulları budur: Homer (Kimer) – hamirlər (kimmerlər) onun nəslindəndirlər…” (2. 14-15).
Kimmerləri “qamira” adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər. (8. 327-219). Rus və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli idi (9. 239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır.
Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri əvəzsiz mənbə hesab edilə bilər: “…Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar” (10. 20; 13. 96-97).
Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri, o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.
Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni də təqdim edir:
Vaxtilə Kimmer kralınn Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kəmarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə – üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır(11. 575).
Hun türklərinin genezisi ilə bağlı bu əfsanə sözügedən xalqın Anadoludan Şərqi Avropaya gəldiklərini, soy ağaclarının kimmerlərdən, deməli, Azərbaycan və Şərqi Anadoludan cücərdiyini söyləməyə tam əsas verir.
Hun türklərinin genezisi ilə bağlı bu əfsanə sözügedən xalqın Anadoludan Şərqi Avropaya gəldiklərini, soy ağaclarının kimmerlərdən, deməli, Azərbaycan və Şərqi Anadoludan cücərdiyini söyləməyə tam əsas verir.
Yuxarıda qeyd etdik ki, Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Kimer idi və kimmerlər onun soyundandır (2. 14-15).
Müəllif eyni zamanda kimmerlərin soy babası olan Kimeri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir.
1933-cü ildə Aşşurbanipalın (e.ə. 668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) “Saka ölkəsi”nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson “saka” (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor iddia etdi ki, ifadəni “Saka və Qutium” (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan sakların üzərində də hökm sahibi imiş (12. 84).
Herodotun yazdıqlarından belə anlaşılır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır. Tarixin atasının yazdığına görə, iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar (13. 24). Lakin mütəxəssislər həmişə nədənsə iskitlərdən Azərbaycana gəlmə xalq kimi söhbət açmışlar. Halbuki, arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də iskit və iskit-sakların ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir.
Artıq qeyd etdiyimiz kimi, Moisey Xorenatsiya istinad edən erməni tarixçilrəi Nuhun nəslindən olan Aşkenazı (Əşkinazı) da ermənilərin ulu babalarından biri kimi göstərirlər. Halbuki, Musa Kağankatlı Yafəsin övladlarından, yəni oğullarından və nəvələrindən danışarkən, Aşkenazın, (Əşkenaz, Askenaz) da adını xüsusi vurğulayaraq, sarmatların onun soyundan olduqlarını qeyd etmişdir:
“Tirasın oğulları bunlardır: Əşkinaz – sarmatların cəddidir…” (2. 15).
Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə.63-b.e.23) iskitləri əsasən iki yerə: roksolanlara və sarmatlara bölmüş, ikncilərin isə çar sarmatları və kaziq sarmatlarından ibarət olduqlarını vurğulamışdır (13. 51). İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə “iskitlərin sarmat adlanan hissəsi” ifadəsini işlətməkdədir (13. 53).
Strabona görə, sarmatların bir bölümü “sarmat -kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olub (19. 116). Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdivacından törəmişlər və iskit dilində danışırdılar. Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara dəniz iskitlərindən və Don çayından şərqdə məskun idilər. Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya, Həştərxan, Stavropol və Rostov bölgələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları “savromat” da adlandırmışlar. Məsələn, Herodot “savromat” yazdığı halda, eradan əvvəl lV əsrdə yaşamış Skilak Karianidli “sarmat” ifadəsini işlətmiş, Ovidiy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların sarmatları “savromat” adlandırdıqlarını bildirmişdir (13. 329-330).
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar Midiyadan, yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin sarmatları midiyalıların törəmələri hesab etmişlər. Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır. Eradan əvvəl ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla eyniləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soylarından biri də sarmatlardır və onlar qazaxların içərisində “şermat” və “sarmat teleu” adları ilə məşhur idilər (14. 329-330, 334). Bu fakt qədim Atropatenanın paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nədən qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast təşkil etdiyini anlamağımıza yardımçı olur.
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıqları maday xalqının da qazaxların etnogenezində iştirak etdikləri məlumdur.
Müqəddəs “Tövrat” kitabında Yafəsin oğullarından söz açılarkən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl lX-Vlll əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan – maday xalqından və eradan əvvəl Vll-Vl əsrlərə aid mixi yazılarda isə bu xalqın Azərbaycanda qurduğu Madayya dövlətindən söhbət açılır. Qədim yunan müəllifləri, o cümlədən eradan əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər.
Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində yaxından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar (25. 118). Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri də albanlardır (16. IV, 326; 19. 66, 82; 17. 16, tablo 2; 18. 41). Yafəsin soylarından biri olan albanların adı yazılı mənbələrdə miladdan sonrakı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrdə baş vermiş olaylarla əlaqədar yad edilirlər. Xatırladaq ki, Moisey Xotenatsiyə istinad edən ermənilər Toqarmanı da ermənilərin əcdadlarından biri kimi qələmə verirlər. Musa Kağankatlı isə “Albaniya tarixi” kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən davam etdirilən şahlığın nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın (Türkün) adıını çəkir:
“Yafəs, Homer (Kimer), Tiras, Toqarma (Türk)…” (1. 19).
Albanları ermənilərin bir qolu kimi qələmə verməyə və beləcə də albanların bütün mədəni irsinə sahib olmağa çalışan ermənilər bu faktdan həmişə yararlanmağa və dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışmışlar. Çox təəssüflər olsun ki, bizim alimlər məsələnin kökündə gizlənən çox incə bir nüansa fikir vermədiklərindən həmişə susmağa və ya bu məsələnin üstündən keçməyə çalışmışlar. Dediyimiz nüans isə budur ki, xəzər türkləri də özlərini və onlarla qohum olan digər türk soylarını Toqarmanın soyundan hesab edirdilər. Maraqlıdır ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məşhur məktubunda xəzərlərin Toqarmanın (Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını qeyd etməkdə, Toqarmanın oğullarının adlarını belə sıralamaqdadır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir (19. 7).
Bu fakt xəzərlərin etnogenezinin bilavasitə Azərbaycan və Şərqi Anadolu ilə bağlı olduğunu söyləmək üçün tamamilə yetərlidir. Və məsələ təkcə bunda deyil, Təbərinin yazdığına görə, Sasani şahı Qubadın ömrünün son illərinədək Aran (Albaniya), Gürcüstan, Vaspurakan (Naxçıvan və Diyarbəkrin də daxil olduğu geniş ərazi), Sisəcan (Sisakan // Zəngəzur) xəzərlərin əlində qalmış…, Qəbələ hunların mərkəzi olmuşdur:
“…Buna görə bu əyalətlərlə birlikdə Azərbaycana Xəzər məmləkəti demişlər” (20. 90).
Eyni müəllif xəzərləri və türklərin Yafəsin soyundan olduğunu xüsusi vurğulamışdır (19, 7). XII əsrdə fars dilində qələmə alınmış, müəllifi naməlum olan “Məcmə-ül Təvarix” əsərində də eyni fikir təkrarlanmaqdadır (22. 98—105).
Belə olan halda, ortaya sual çıxır: Yafəsin oğlu, Albaniyanın dördüncü şahı Toqarma eyni zamanda necə həm ermənilərin, həm də xəzər türklərinin, eləcə də İosifin məktubunda adı çəkilən bulqar, savir, oğuz, uyğur və digər türk xalqlarının atası ola bilər? Bu suala cavab verməklə, Moisey Xorenatsinin və ona istinad edən saxtakar erməni “alimlərinin” ortaya qoyduqları tapmacann cavabını da vermək və hər şeyə aydınlıq gətirmək olar.
Sualın cavabı isə budur ki, qədim yəhudi mənbələrinin, istisnasız olaraq, hamısında “Toqarma evi” ifadəsi məhz türklərə şamil edilir (19. 7).
ƏDBİYYAT
1. Хоренский Моисей. Армянская история. Перевод Н.О.Эмина. M.: 1893
2. Kalankaytuklu M. Alban tarixi.”Elm”, B.,1993.
3. Алиев К. Античные источники по истории Азербайджана. “Элм”, Б.,1987.
4. Bakıxanov A. Gülüstani – İrəm, B., 1951.
5. Rəşidəddin. Oğuznamə. Tərtibçi İ.M.Osmanlı. B.: Azərbaycan Milli Ensiklopediyası, 2003, 108 s.
6. Mahmud Kaşğari. Divanü lüğət – it – türk. Bakı, Ozan, 2006, I c. 512 s.
7. Oğuz Y, Tuncay B. Türkün gizli tarixi, B. 2009.
8. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.
9. Дьяконов И.М. Ассиро-вавилонские источникн по истории Урарту. ВДИ, 1951, № 2.
10. Oğuz Y. Qədim Azəbaycan və Anadolu türkləri. “Azərbaycan Milli Ensiklopediyası” NPB.,B.,2002.
11. Ögəl B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006.
12. Грантовский Э.А. Индо-иранские касты у скифов. XXV Международная конференция востоковедов. Доклады делегации СССР, М., 1960.
13. Гасанов З. Царские Скифы. “Liberty Publishing House”, New York, 2000.
14. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.
15. Востров В.В., Муканов М.С. Родоплеменной состав и расселение казахов. Алма-Ата,1968.
16. Велиханов Ч.Ч. Сочинения, тт.,l-lV.
17. Кармышева Б.Х. Узбеки – локайцы Южного Тадикистана. М., 1954.
18. Жданко Т. А. Очерки исторической этнографии каракалпаков. «ТИЭ. Новая серия», 1950, т. lX.
19. Плетнева С. А. Хазары, М., 1976.
20. İslam Ansiklopedisi, 1950.
21. Ат-Табари. Тарих ар-русул ва-л-мулук. Сер. 1. С. 216—218.
22. Моджмал ат-таварих, Тегеран, 1939.