GÖRÜNMÜR


2108_nElman Tovuz
Mənim əhvalımı soruşma, lələ,
Falçı da ha baxır tasa, görünmür.
Vəzifə nadanı döndərib filə, –
Elə yayılıb ki, masa görünmür…

Tülkü həccə gedir, şir yığır nəzir –
Dovşanı gələn il qoyalar vəzir.
Əlli-ayaqlılar çomaqla gəzir,
Çolağın əlində əsa görünmür.

 

Süd də su yerinə, müftə olanda,
Axır vannalara həftə olanda…
Səhərdən-axşama kefdə olan da
Gecə gəlib-gedir yasa, görünmür.

Kişilər əllərdə qalıb qul kimi,
Ərli də, ərsiz də gəzir dul kimi.
Haramlıq göz deşir qızıl pul kimi,
Halallıq tutulub pasa, görünmür.

Tamah mayasını bağçadan tapır,
Məktəb kündələyib təndirə yapır.
Beləcə, nə varsa – keçəllər qapır,
Hələ ki pay verən kosa görünmür.

İndi özü desin qoy qodaq büzən,
Kimdir bu çirkabda qaz kimi üzən.
Elmana çəllək ver, ay dözüm süzən,
Səbr elə daşıb ki, kasa görünmür…