BÜTÜN DİNLƏR BİRDİR


gilarbegFirudin Gilar Bəg
I hissə
Bu gün artıq heç kimə sirr deyil ki, Quran, Tövrat, İncil və s. müqəddəs kitablar, müasir insanların anlamadığı gizli informasiya daşıyır. Bu kitabların əsl mənası da məhz bu gizli informasiyadadır. Yəhudi, xristian, islam alimləri mənbələrdə bu ezoterik bilgi haqda geniş məlumatlar verirlər. Belə çıxır ki, biz həqiqi mənasını anlamadığımız yazılara sitayiş edirik. Bu isə bütpərəstlikdir. Deməli, biz bitpərəstlik dövründa yaşayırıq. Hər bir millətin, etnosun öz dini vardır, lakin onlar bu dinin nədən ibarət olması haqda demək olar ki heç nə bilmirlər.
İslamda Quranın gizli mənası Batin (daxili) adlanır və onun zahiri mənasının əksi kimi qəbul edilir. Bunlar arasındakı fərqi dərk etmək üçün yalnız bir misala nəzər salmaq kifayətdir. Peyğəmbərin silahdaşlarından olan Abdulla ibn Abbas bir dəfə insanlar arasında dedi: “Əgər mən Quranın bu ayəsinin (65:12) peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı adamlara söyləmək olar. Mən “Batini-Quran” kitabımda İslamın həqiqi mənasını açmışam və göstərmişəm ki, bütün dinlər yalnız bir kosmik hadisə ilə əlaqədardır. Lakin dillərinin dəyişdirilməsi ilə əlaqədar, bu hadisə bütün mənbələrdə müxtəlif forma və məzmunda yazılmışdır.
Bu məqalədə mən dinlərin yaranmasına səbəb olmuş bu hadisənin mahiyyətini açmağa çalışacağam. Həş şeydən əvvəl araşdırmalarımdan çıxan bəzi nəticələri çatdırmaq istərdim:
Günəş sisteminin zamanını III dövrə bölmək olar:
Birinci dövr günəş sisteminin yaranmasından – eramızdan əvvəl təqribən 3502-ci ilədək olan zamanı əhatə edir. Bu dövr ilkin materiya (dirilik suyu, ilahi od və s.) dövrüdür ki, bu zaman hər şey bu ilahi enerjinin qanunları ilə tənzimlənirdi. İnsan heyvanat aləminin bir növü idi və onun həyatı heyvanın həyatından heç bir şey ilə fərqlənmirdi. Yəni o mağarada yaşayır, bitkilər və çiy ətlə qidalanır, odun nə olduğunu bilmirdi və s. Bu dövr “İlahi efirin hakimliyi dövrü”dür.
İkinci dövr təqribən eramızdan əvvəl 3502-ci ildən, yəni qədim Misir fironu Amonun (Ra-Amon) Atum Allahını yaratdığı dövrdən başlanır və dünyanın axırında, yəni kosmik insan formasında olan I Atum Allahının sonu ilə başa çatır. Bu, bütün dinlərin tək Allahının hakimiyyətinin zamanıdır. Bu dövr “Ra-Amon Allahının şahlığı dövrü”dür.
Üçüncü dövr təxminən bizim eranın 2012-ci ilindən başlanır ki, bu zaman ikinci kosmik insan olan Atum yaranmalı və təxminən 4258-ci ilə qədər mövcud olmalıdır. Bundan sonra isə dünyada həyat dəyişməyəcəkdir. Bu dövr “Zamanın Sahibi – Mehdinin dövrüdür”.
Günəş sisteminin yarandığı zamandan, təxminən e. ə. 3502-ci ilə qədərki dövrdə, ilkin materiyada, yəni ilahi efirdə heç nə yaradılmamışdı. Yerdə isə hər şey bu həyatverici enerjinin hesabına təbii yolla yaranırdı. Məhz e. ə. 3502-ci ildə, sonradan firon olmuş Amonun ruhu, sufiliyin tərikə yolunu keçərək ilkin materiyaya “daxil” olur və onun qanunlarını öyrənməyə başlayır.
İlkin materiyanın qanunlarını öyrənib, onu özünə tabe edən Amon, bu həyatverici enerjidən iki böyük nursaçan: “Dünya”nın axırına qədər olan dövrdə hökmranlıq üçün Ra günəş diskini və axirətdən sonrakı dövrdə hakimlik üçün Ay diskini yaradır. Firon Amon bu dünyanı tərk etdikdən sonra, onun ruhu göyə qalxaraq orada yaratdığı Ra günəş diski ilə birləşir və kosmosu, göy insanı olan Atum Allahına çevirərək burada cənnət yaradır. O, Atum Allahının obrazı və bənzəri ilə yerdə, Allah simalı nəhəng ilkin insanları yaradır. Onlar isə öz növbəsində indiki düşünən insanları və “ölüm şahlığı” – Qades/Qüds mağarasını yaradırlar. Amon Allahı insanlarla, axirətədək qüvvədə olan müqavilə (din) bağlayır. Bu müqaviləyə görə, Allahın qoyduğu qanunlara əməl edənlərin ruhları, bədənin fiziki ölümündən sonra da göy cənnətində həyatlarını davam etdirəcəkdir. Lakin məhkəmə günü ərəfəsində insanlar Allahdan dönür və yerdə haqsızlıq, mənəviyyatsızlıq və bütpərəstlik başlayır ki, Mehdinin zühuru ilə bu II dövr sona çatır.
Məhkəmə günündə Atum Allahının birinci ruhlar dünyası tam yox olacaq. Lakin bu zaman firon Amon nəslindən bir insan doğulacaq və onun bədənində Ra-Amon Allahın ruhu olacaqdır. Mehdi və ya Məsih obrazında olan bu insan öldükdən sonra, onun ruhu göylərə qalxaraq, Amon Allahının, zamanın əvvəlində məhz onun üçün yaratdığı Ay diski ilə birləşəcək. Bu zaman göydə, əski ruhlar dünyasının yerində yeni – ikinci Atum Allahı yaranacaq. Bundan sonra isə hər iki dünyanın sahibı Mehdi olacaqdır. O insanlarla yeni müqavilə bağlayacaq. Dünyanın və düşünən insanın tarixini qısaca belə ifadə etmək olar.
Buradan belə nəticə çıxarmaq olar ki, düşünən insanlar hər şeyə görə qədim Misir fironu olan Amon Allaha və onun köməkçilərinə borcludur. Dinlər isə Allahla insanlar arasında bağlanmış müqavilədir. Allah, düşünən insanı yaradaraq ona yerdəki həyatını müdrikliklə yaşamaq üçün ağıl verir. Öləndən sonra isə Allah, müqaviləyə əsasən onun ruhunu göydəki ruhlar dünyasına aparır və burada o, yerdəki həyatını yadda saxlamaqla min illər boyu xoşbəxt həyat sürür. Allah eyni zamanda, insan ruhunun öz törəmələri ilə əlaqə saxlaması və hətta onlara köməklik göstərməsi üçün də şərait yaratmışdı. Deməli, bütün dinlər təxminən 5514 il bundan əvvəl göydə yaradılmış ruhlar dünyası və düşünən insanın yaradılması ilə əlaqəli olan hadisə ilə bağlıdır.
Ən qədim dinlərdən biri induizmdir. Bu din Dxarmakşetra səhrasının dərki və burada Allahların keçirdiyi möhtəşəm qurbankəsmə mərasimi ilə başlanır. Bundan sonra, Puruşanın göy dünyası yaradılır. İnduizmdə Puruşa – Atum Allahı mənasındadır və Pir-Şu, yəni “Firon ruhu” kimi izah olunur. Qədim Misirin Amon Allahı isə burada Atman kimi qeyd edilir ki, bu da sufizmdə Ata-Amon kimi yozulur. Bu dində II dövr qədim Misirdəkinə uyğun olaraq göy dünyasının yaranması ilə başlanır və Kali-Yuqada tamamlanır. III dövr isə, Maxabxarata əsərinin qəhrəmanı Arcuna obrazı olan Buddanın, yəni Saka-Muninin (Amon Ruhu) doğulması ilə başlanır. Bu eposa görə buddist Məsihi olan Arcuna, axirətdə düşmənlərə qalib gələrək ədaləti bərpa edir.
Beləliklə, yaranışın qədim Misir dövrləri kimi induizim dövrləri də eyni həqiqətləri əks etdirir: ilkin materiyadakı boşluq, Allahın göy dünyasını yaratması və bu göy dünyasının axirətqabağı sonu, sonra isə yeni göy dünyasının yaranması. Yazılanları nəzərə alaraq qeyd etmək olar ki, induizm dedikdə Amon Allahının 5514 illik hakimlik dövrü nəzərdə tutulmalıdır. Buddizm isə Məsihin, yəni Mehdinin 2246 illik dövrünü əks etdirir.
Ra-Amon Allahın hakimliyi dövrü qədim yazılardan iudaizm kimi də məlumdur. “Əhdi-Ətiq” (“Əski razılaşma”) adından göründüyü kimi burada söhbət, ilk göy dünyası olan Atumun yaranmasından və Ra-Amon Allahın öz nəsli ilə bağladığı müqavilədən gedir. “Əhdi-Ətiq”də kosmik Atum Allahı Yaxve [XV] adlandırılır və qədim Misir yazılarında, Nut səmasında yaradılmış Qeb [QB] səma torpağı mənasındadır. Qeb/İeqovanın [QB/QV] obrazları mənasında olan Yaqub [QB] peyğəmbər, Allahla (ilkin materiya ilə) güləşərək İzrail adını alır. İzrail rəmzi sufizmdə Oziri-El, yəni mifologiyaya görə axirətdə ölən Osiris-Allahı kimi yozulur. Mənbələrdə bu göy dünyası Yaqubun, Musanın çadırları adlandırılır. “Əhdi-Ətiq”in əsas rəmzlərinə mən öz kitablarımda geniş izah vermişəm.
Əgər “Əhdi-Ətiq” Ra-Amon Allahın öz törəmələri ilə bağladığı müqavilədirsə, “Əhdi-Cədid” – Məsihin axirətdən sonra insanlarla bağlayacağı yeni müqavilə mənasındadır. Lakin axirətin hələ baş vermədiyini nəzərə alsaq belə qənaətə gələrik ki, xaçpərəstlərin Məsihi olan İsa peyğəmbər hələ gəlməmişdir. Bu isə o deməkdir ki, xristian təqvimi düzgün dərk edilməmişdir. Qeyd etmək istərdim ki, yəhudilərin bu günkü təqvimləri də təhrifdir. Onların təqviminə görə biz bu gün Allahın dünyanı yaratmasının 5772-ci ilində yaşayırıq. Tövrata (mənim hesablamama) görə isə yaranışdan 5514 il sonra göydə yaradılmış birinci ruhlar (Qeb) dünyasının sonu olmalıdır. Axirətin başlamaması onu göstərir ki, 5514-cü il hələ yetişməyib.
Yazılanlar onu göstərir ki, İsa peyğəmbər hələ gəlməmişdir. Onun dirilməsi də yeni göy şahlığının yaranması mənasındadır ki, bu da hələ baş verməmişdir. Başqa sözlə desək, yeni saziş hələ bağlanmamışdır və İsanın, yəni Allahın ruhu hələ də hansısa bir insanın bədənindədir.
Ezoterik İslamda Məsih obrazı imam Əliyə aid edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, İslamın batini mənası şiələrlə bağlıdır. Qurana (37:83) görə ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar. İlk müsəlman da Məhəmməd peyğəmbərdən təqribən 1500 il əvvəl, övladlarına İslamı vəsiyyət etmiş İbrahim və Yaqub olmuşdur. Böyük İslam ezoteriki Mühiddin ibn Ərəbi, İslamın “Din” rəmzini – Əl, yəni El rəmzi ilə qeyd edir ki, bu da yəhudi Allahının rəmzidir və “göy şahlığı” mənasındadır. İbn Ərəbiyə görə yalnız müsəlman olaraq ölənlər, yəni Allahla sazişi qəbul edərək, ona riayət edən insanlar ruhlar dünyasında yaşamaq hüququ qazanırlar. Bu isə onu göstərir ki, İslam rəmzi altında mənbələrdə göy dünyası və Allahla müqavilə başa düşülməlidir.
Şiə ezoterizmində İslam [SLM] rəmzi, Səlim [SLM] və Süleymanın tikdiyi Yerusəlim [R-SLM] rəmzləri ilə eyni mənalıdır. Yerusəlim şəhərinin Allahı isə “El” adlanır və sufizmdə onu Əli kimi də oxumaq olar. Xristianlıqda Səlim Şahı Melxisedek eyni zamanda Məsihin obrazıdır. Deməli, şiələrin Allahı olan Əli elə İsa peyğəmbərdir. Əgər Əli/El (şahlıq, ərazi) rəmzinin “dünya”, İsa rəmzinin isə “ruh” demək olduğunu nəzərə alsaq razılaşarıq ki, bu ruh göydəki El dünyasının ruhudur. Sadə dildə desək, axirətdə, bədənində Amon Allahının ruhu olan İsa gələcək və onun fiziki ölümündən sonra isə o Əliyə, yəni qüdrətli El Allahına çevriləcək.
Bütün İslam qəbul edir ki, nübüvvət Məhəmməd peyğəmbərlə bitir. Şiə ezoterizmində isə Məhəmməd peyğəmbərdən sonra Əli dövrü başlayır. Hədislərə görə, Məhəmməd peyğəmbər və Əli, Adəmdən əvvəl yaranmış “vahid işığın iki nuru” olmuşlar. Hədisdə peyğəmbər qeyd edir ki, bu ilahi nur, iki toxuma bölünmək, Mühəmməd və Əli şəxsiyyətində təcəssüm etmək üçün müxtəlif dövrləri keçmişdir. Bu isə o deməkdir ki, onlar qədim Misir fironu Amonun yaratdığı Günəş və Ay disklərinin obrazlarıdır. Mənbələrin birinə görə Məhəmməd peyğəmbər ölüm ayağında öz ardıcıllarını başına yığıb bildirir ki, “Mənim üçün dəfn təşkil edin və mən dirilənə qədər yanımda olun”. Belə çıxır ki, Mühəmməd peyğəmbər adi insan yox, ən qədim mənbələrdə “Ölüb-dirilən Allah” kimi qeyd olunan sirli bir obrazdır. Digər hədislərdə Məhəmməd peyğəmbərin “iki dünyanın şahı” adlandırılması, onun Aşağı (yer) və Yuxarı (göy) Misirin şahının obrazında olması deməkdir. Sufi dahilərindən olan Qəzali isə Mühəmməd peyğəmbəri – kainatın sabitliyini qoruyan və kosmik gücə malik olan Göy insanı adlandırır. Bu isə peyğəmbərin, qədim Misirin Atum Allahının rəmzində olması deməkdir. Deməli, Məhəmməd peyğəmbər, İslamda Rəhman adlandırılan qədim Misirin Ra-Amon Allahının obrazıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Allah rəmzi altında “iki dünyaya həyat verən” ilkin materiya başa düşülməlidir. Bu isə belə bir nəticə çıxarmağa əsas verir ki, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” deyimi – “İlkin materiyadan başqa ilahi enerji yoxdur və Məhəmməd bu ilahi enerjini idarə edəndir” kimi başa düşülməlidir. Rəsul rəmzi sufizmdə Osiri-Eli, yəni “ilkin materiyadan yaranmış göydəki El” mənasını verir və bu haqda mən “Batini-Quran” kitabımda geniş şərh vermişəm.
Yazılanlardan belə nəticəyə gəlmək olar ki, digər dinlər kimi İslam dini də 5514 il əvvəl başlamış və 2246 il sonra bitəcək həqiqətləri əks etdirir. Burada Məhəmməd peyğəmbərin dövrü Amon Allahın 5514 illik dövrünün əksidir. 2246 illik Məsihin dövrü isə yaxın zamanlar başlanmalı olan imam Əlinin dövrünü əks etdirir. Başqa sözlə desək, İslamın sünnü qolu Amonun, şiə qolu isə Məsihin dövrünə aiddir.
Yazılanları yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, bütün dinlər eyni hadisəyə həsr olunmuşdur. Bu hadisə, göydə ilahi nurdan formalaşdırılmış kosmik işıq insanı olan Atumun yaradılmasıdır. Yaranışından 5514 il sonra bu işıq insanı məhv olaraq ilkin materiyada parçalanır. Bu zaman Amonun nəslindən, əvvəlki yaranışın bütün müdrikliyini özündə təcəssüm edən bir insan doğulur və ölümündən sonra onun ruhu göyə qalxaraq Ay diski ilə birləşir ki, bu diski qədim Misir yazılarında “Gecə Günəşi”də adlandırırlar. Deməli, Mehdi – məhkəmə günü ərəfəsində doğulacaq və axirətdən sonra dünyaya hökmranlıq edəcək şahdır.
II hissə
Məqalələrimdə qeyd etdim ki, araşdırmalarımdan çıxan nəticəyə görə bütün dinlərin mahiyyəti eynidir:
1.Bəşəriyyətə həyat vermiş ilkin materiyanın bir insan tərəfindən dərki və onda ruhlar üçün 1-ci göy dünyasının yaradılması.
2.Düşünən insanın yaradılması və onunla müqavilə bağlanması.
3.Müəyyən zamandan sonra isə 1-ci göy dünyasının yenisi ilə əvəz olunması.
Bu həqiqətlər minilliklər boyu adi insanlar üçün böyük sirr olaraq qalmışdır. Bunun səbəbi isə insanların müqəddəs kitabları hərfi mənada başa düşmələridir.
“Əhdi-Ətiq”də deyilir ki, ilk əvvəl şərqdən gəlmiş bir xalq mövcud idi və onlar bir dildə danışırdılar. Bu xalq, başı göylərə çatan Babil qülləsini tikdikdən sonra, Allah onların dillərini dəyişdirərək yer üzünə səpələdi. Deməli, çoxdillilik hansısa “başı göylərə çatan” sirli bir tikilidən sonra yaranıb. Əflatunun yazdığına görə, bütün qədim mənbələrdə, mahiyyəti unudulmuş bir sirli hadisə haqqında danışılır. Bu o deməkdir ki, bütün qədim yazılarda söhbət yalnız Babil qülləsinin tikilməsindən gedir. “Dillərin dəyişdirilməsi” isə Allahın bu hadisə haqqında həqiqətləri gizli saxlamaq istəyi ilə bağlıdır. Çünki yaranışın sirrini bilən hər bir insan eyni tikilini yaratmaq fikrinə düşə bilərdi. Bu tikilinin mahiyyəti isə belədir:
İlkin materiyanı dərk etdikdən sonra ilk insan, yüz minlərlə heyvan kəsərək böyük qurban mərasimi keçirir. Mantra və himnlərin köməyi ilə O, bu heyvanların ruhlarını göydə toplayaraq, onlardan ruhlar dünyasını yaradır. Bu möhtəşəm hadisəni tam dərk etmək üçün, bütün məlum faktarı nəzərdən keçirib, onları birləşdirən bəndi tapmaq lazımdır. Bunu anlamaq üçün isə “dillərin dəyişdirilməsi” rəmzi altında nəyin gizləndiyi dəqiqləşdirmək vacibdir.
Qədim xalqların dilləri, xüsusi məna ifadə edən samitlər üzərində qurulmuşdur. Samitlərin sola və ya sağa oxunuşu sözün mənasını dəyişmir. Saitlər isə yalnız bağlayıcı rolunu oynayır. Məsələn, üç samitdən ibarət qədim Misirin Ptax [PTX] rəmzi, öz mənasına görə Xotep [XTP] rəmzi ilə eynidir. Deməli, qədim yazıları anlamaq üçün, eyni zamanda rəmz olan hər bir samitin mənasını başa düşmək lazımdır. İslamda qədim əcdadlarımızın bu məntiqi sufizm, ən qədim dövrlərdə isə sofi, yəni müdriklik adlanırdı. Sufizmin özündə bu təlim hürufizm adlanmaqla şiələrə aid edilir. Deməli, yalnız samitlərin mənasını və müdriklərin məntiqini öyrəndikdən sonra, qədim yazıların həqiqi mənasını başa düşmək olar.
Yəhudilərin müqəddəs kitabı olan Tövrat, Allahın dünyanı yeddi günə yaratması ilə başlanır. Artıq qəbul edilmişdir ki, burada söhbət bizim yaşadığımız fiziki dünyanın yaradılmasından gedir. Lakin diqqətlə araşdırdıqda məlum olur ki, buradakı dünya heç də yaşadığımız fiziki dünya deyil. Çünki, günəş və ay heç cür floradan sonra yaradıla bilməzdi. Bu və digər faktlar onu göstərir ki, Tövratda söhbət fiziki dünyanın deyil, hansısa başqa bir dünyanın yaradılmasından gedir. Qədim Misir, Mesopotamiya, Hind və s. mənbələrində də məhz bu naməlum dünyanın yaradılması təsvir olunur.
Qədim Misir yazılarına görə, əvvəlcə firon Amonun ruhu ilkin matertiyada səyahət edərək onu öyrənir. Tövratda, Amonun ruhu su üzərində uçan “İlahi ruh” adlandırılır. Şumer-akkad mifologiyasında “Allahın ruhu” yarıinsan-yarıbalıq Kululu kimi rəmzləşdirilmişdir. Tarixçi Beros, insanlara mədəniyyət və inkişaf vermiş bu balığı Oann adlandırır. İslamda da balıq Allah ruhunun obrazı hesab olunur. “Göylərin yaranmasından əvvəl Allah harada idi?” sualına – “İşıqda üzən nurlu balıqda” cavabı verilir. Ümumiyyətlə, müsəlmanların təsəvvürünə görə, yer – dağa söykənmiş mələyin çiynindədir, dağı isə üzən balığın üstündə dayanmış öküz saxlayır. Bütün bunlar o deməkdir ki, qədim mənbələrdə dünya dedıkdə, yaşadığımız fiziki dünya yox, göydə yaradılmış dünya nəzərdə tutulur.
Sufizmdə, ilkin materiyada səyahət “suluq” adlanır və “Allahda səyahət” mənasındadır. Sufi silsiləsinin “Bəqa” səviyyəsinə qalxmış sufi, ilkin materiyadan bütün suallara cavab almağa başlayır. O bir neçə saniyə ərzində ulduzlar arasında məsafəni ölçmək, Allah kimi canlı varlıqlar yaratmaq qabiliyyəti qazanır. Bu isə onu göstərir ki, firon Amon dünyada ilk dəfə “Bəqa” səviyyəsinə yüksələrək, göylərdə Varlıq yaratmışdır. İnduizmdə “Bəqa” – nurlanma mənasını verən Bxa kimi məlumdur. Bu mövzuya xristianlığın apokrifik mətnlərində də rast gəlinir.
Dünyanın yaranışı haqda təlimin qədim Misir variantına görə, ilkin materiyanın dərkindən sonra Amon, əvvəl Şu, sonra isə Tefnut Allahını yaradır. Onlar da öz növbəsində Nut göyünü və Qeb torpağını yaradırlar. Bundan sonra Şu qalxaraq yeri göydən ayırır. Tövratda Qeb – torpaq, bərk yer, Nut isə Allahın ondan ayırdığı su kimi qeyd olunur. Yerin göydən ayrılması haqda Quran da (21:30-34) yazır. Lakin burada ayrılmış yer və göy – günəş və ayın yaranışı, ölümsüzlük və sirli dağla əlaqələndirilir. Qədim Misir yazılarından birində isə deyilir ki, Nut göyü, göy öküzünə çevrilərək Ra gunəşini belinə alıb, Osiris Allahının ayağının yerləşdiyi Mariyut şəhərinə gətirir.
Beləliklə, qədim yazılar və Quran – göyü və günəşi, Osiris Allahının ayağının mövcud olduğu yerdəki sirli ərazi ilə əlaqələndirir. Quranda (11:7) deyilir ki, Allah göyü və yeri altı günə yaratmışdır və Onun Taxtı su üzərindədir. “Əhdi-Ətiq”də Allah göyü – özünün Taxtı, yeri isə ayağının altı adlandırır və burada da Öz evi və istirahət yeri haqda məlumat verir (Исайя 66:1). İezekiil peyğəmbərin (43:7) kitabında da Allahın evi – Onun Taxtı və ayağının yeri adlandırılır və qeyd olunur ki, O, orada İsrail oğullarının arasında əbədi yaşayır. İsrail adı, Xarranda Allah evini yuxuda görərək bu yeri beyt-el (əl-beyt) adlandıran Yaqubun başqa adıdır. Sufizmdə Yaqub [QB] rəmzinin Qeb [QB] rəmzi ilə eyniliyini nəzərə alsaq, təsdiq edə bilərik ki, Allahın evi və taxtı qədim Xarran ərazisindədir.
Mətnlərdə Xarran, Azərbaycanın Arran ərazisi kimi də yazılır. Buranın əsas şəhəri isə Qəbələ, yəni qədim Misirdəki Qeb-Elidir (Qeyb aləmi). Bütün bunlar onu göstərir ki, Qeb göy dünyası Qafqazda, daha dəqiq desək Azərbaycan ərazisində yaradılmışdır. İzrail rəmzi altında da Oziri-El, yəni Azəri-Elı başa düşülməlidir. Qədim rus abidələrində də Allah taxtının Qafqazda, heç kəsin ölmədiyi və möhtəşəm günəş məbədlərinin yerləşdiyi Alatır dağının ətəyində olduğu qeyd olunur.
Alatır [LTR] rəmzi, ərəb rəmzi olan və qurbanlıq heyvan mənasını daşıyan “əl-atair” (“əl-atira”) [L-TR] rəmzi ilə eynilik təşkil edir. “Əl-itr” rəmzi isə qurbangah deməkdir. “Tir” rəmzinin özü müqəddəs Sinay dağının adı olan Tur, Turi-Sina rəmzinin başqa variantıdır. Bütün bunlar isə o deməkdir ki, Allahın taxtı – Sinay dağı və orada keçirilmiş qurban mərasimi ilə əlaqədardır.
Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi – Abtu [BT] kimi də yazılır və Beyt [BT], yəni ev mənasını daşıyır. Bu isə o deməkdir ki, Allahın yaratdığı ev və torpaq, qurban mərasimi ilə bağlıdır və bu mərasim, Yaqubun Allahla “güləşdiyi” yerdə keçirilmişdir.
Qurban mərasimi haqda şumer-akkad möhürlərində də məlumat verilir. Burada, “çılpaq qəhrəmanın insan-öküzlə güləşməsi” və ya kahinin iştirakı ilə qurbankəsmə səhnələri təsvir edilir. Tədqiqatçılar qeyd edirlər ki, qəhrəman Enkidunun adını “Yeri tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi də yozmaq olar. Buradaca “bit i-li” yazısına rast gəlinir ki, bu da (beyt-el) – “Allahın evi” mənasındadır. Belə çıxır ki, hökmdar tərəfindən yaradılmış Allah evi qurban mərasimi ilə əlaqəlidir.
Qədim ədəbiyyatda qurban mərasimi haqqında əsasən induizmdə danışılır. Mənbələrə görə, Puruşa özünü qurban verərək “dünya” yaradır. Upanişadalarda bildirilir ki, brahman və kahinlər – himn, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarını fırlanmağa məcbur edirlər. Bu isə o deməkdir ki, magiya vasitəsi ilə qurbanlıq heyvanların ruhlarını idarə etmək mümkündür.
“Əhdi-Ətiq”də qan – ruh mənasında göstərilir və qeyd edilir ki, “qan – ruhdur” və “bədənin ruhu qandadır” (Лев.17:11). Apostol Pavel isə yazır ki, “O, bütün insan nəslini tək bir qandan yaratdı və onlara yer üzündə yaşamaq üçün zaman verdi və yaşayış hüdudları təyin etdi…” (Деян.17:26). Buradan isə belə nəticə çıxartmaq olar ki, mənbələrdə yaranışı qeyd olunan dünya və ev, qurbanlıq heyvanların ruhlarından inşa edilmişdir. İnsan nəsli də məhz “tək bir qandan” yaradılmışdır.
Tövrata görə, israillilərin “səhrada səyahəti” (suluq) zamanı çadır qurulmuş və onun üzərində bulud əmələ gəlmişdi. Buradakı qurbangahda yanan müqəddəs od qurbanlarla saxlanılırdı. Qurbangahda daima qurban kəsildiyindən, ora həmişə təzə qan axıdılır və yanmış qurbanların tüstüsü aramsız olaraq göylərə qalxırdı. Axşamdan səhərədək bu çadırın üstündə ilahi od görünürdü. Səhrada “ruhun səyahəti” mərasimindən sonra bu ilahi od göydən enmiş və Allahın əmrinə görə heç zaman sönməməlidir. Deməli, məhz bu qurban hesabına göydən yerə ilkin materiya gətirilmiş və ondan “Sakin çadırı”, yəni ruhlar dünyası yaradılmışdır.
İslamda qurban mərasimi, Həcc ziyarətinin sonunda keçirilən Qurban bayramı kimi məlumdur. Həcc vaxtı zəvvar, qurbanlıq heyvanları “qovaraq” Məkkəyə gətirir. Bundan əvvəl isə o, “ihram” vəziyyətinə girir və dəvə (ruhu) ilə birlikdə “qalxır”. Hədislərə görə Məhəmməd peyğəmbər özü “ihram” vəziyyətində yağlı ətir sürtər, başına saç yapışdırar və digər magik rituallar keçirərdi. Təbii ki, burada qeyd edilən magik mərasimlər adi insan üçün başa düşülən deyil. Peyğəmbərin öz adının sufizmdə Maq-Midiya [MQ-MD] kimi yozulması, onun Midiya maqı olması deməkdir.
Həcc mərasimi bitdikdən sonra isə zəvvar Hacı – yəni həqiqət insanı adını alır. O heç vaxt yalan danışmamalı, söyüş söyməməli və pis hərəkətlər etməməlidir. Həcc/Hacı rəmzi sufizmdə Allah mənasını verən Haqq rəmzi ilə eynidir. Bu isə onu göstərir ki, Qurban bayramı, Allahla bağlı olan hadisəyə həsr olunmuş bayramdır.
Mənbələrdə qandan yaranmış torpaq deyəndə Rus torpağı yada düşür. Rusların “Hümayun nəğmələri” abidəsində deyilir ki, bütün Rus torpağı qana bulaşmışdır və buranın hər daşında qan damlası var. Qan şırnağından başı göylərə çatan ağac yaradılmışdır. Onun gövdəsinin yanında isə göy Allahı Svaroq dayanır. Deməli, göylərədək yüksələn Rus torpağı dünya ağacı mənasındadır və o qandan yaranmışdır. “Əhdi-Ətiq”də (Иезекиил 31:3-9) bu ağac Livanda yerləşən hündür sidr adlanır. Bu ağac Misir və Assur ölkələridir. Onun kökü böyük dərya sularındadır və sonsuzluq onu ucaldır. Buradakı hündür sidr, Edem və Allah bağının ağacları ilə müqayisə edilir. Livan dağı isə mənbələrdə “ölümsüzün dağı” adlandırılır. Bütün bunlar isə o deməkdir ki, qandan yaradılmış göy şahlığı elə Allah bağı, yəni cənnət mənasındadır.
Azərbaycan xalqının müqəddəs kitabı olan “Kitabi-Dədə Qorqud”da, Oğuz ölkəsi də – qanlı Oğuz eli, Oğuz bəgləri – «Qanlı Oğuz bəgləri», sular – «qanlı-qanlı sular», Oğuz elinin ordusu isə «Qan alaca ordu» adlandırılır. Qədim yazılarda Rus rəmzi altında Qafqaz dağlarında ərazi başa düşüldüyünü, rusların isə “ölümsüz və əbədi həyatı olanlar” adlandırıldığını nəzərə alsaq, razılaşarıq ki, Rus [RS] rəmzi – Osiris torpağına, yəni Oziri/Azəri [SR/ZR] elinə aiddir.
Sufizmdə Yerusəlim [RS-LM] rəmzi də İerus-Aləm [RS/LM], yəni “Rus aləmi” kimi də oxunur. İsrail də mənbələrdə Eres-İsrail, yəni Rus-İsrail adlandırılır. Bu isə o deməkdir ki, həqiqi Yerusəlim və İsrail – qandan yaradılmış Qeb [QB] göy dünyasının yerləşdiyi yerdə, yəni Azəri torpağında yaradırmışdır. Yaqub/İeqova/Kabbala/Yaxve rəmzləri də məhz Qeb [QB], yəni Qeyb aləmi mənasındadır.
Yəhudi mənbələrinin, Allahın mövcud olduğu çadır və müqəddəs əşyaların Ərdəbil ərazisində olmasını qeyd etməsi, həqiqi Yerusəlimin də məhz burada yaradılmasını təsdiq edir. Digər mənbələrə görə, burada Musa peyğəmbərin, Prometeyin gətirdiyi ilahi od, yəni ilkin materiya mövcuddur. Deməli, Allahın seçilmişləri adlandırılan həqiqi İzrail xalqı – müqəddəs Azəri elidir və Allah da məhz onların arasında əbədi yaşayır.
Qədim İzrail elinin indiki Azərbaycan torpağında mövcud olmasına və əsl seçilmişlər nəslinin də məhz burada yaşayan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəslərinin olmasına dair mən, Batini-Quran kitabımda istənilən qədər sübut gətirmişəm.
Bütün bu yazdıqlarımızdan çıxan ümumi nəticə odur ki, Allahın altı günə dünyanı, günəşi, ayı yaratması rəmzi mənadadır və qədim Misir yazılarındaki Amon Allahın, göydəki Qeb dünyasını, Ra günəş diskini və ay rəmzli obrazları yaratmasına işarədir. Qeb, yəni göydəki Qeyb aləmini yaratmaq üçün qədim Misirin Ra-Amon Allahı, yüz minlərlə qurban kəsmiş və maqiya ilə bu qurbanların ruhlarını göydə toplamışdır. Bu isə o deməkdir ki, “başı göylərə çatan” Babil qülləsi elə göydə yaradılmış ruhlar dünyasının rəmzidir. Bu mistik hadisənin axirətə qədər sirr kimi qalması üçün Allah, insanların dillərini dəyişdirib dünyaya səpələmişdir.
III hissə
Dünyanın yaranışı haqda təlimin qədim Misir variantına görə, ilkin materiyada ekstatik vəziyyətdəki səyahətdən sonra firon Amon, əvvəl Şu, sonra isə Tefnut Allahlarını, onlar da öz növbəsində Nut göyünü və Qeb torpağını yaradırlar. Bundan sonra Şu Allahı qalxaraq yeri göydən ayırır.
Şu rəmzi [Ş] qədim Misir yazlarında firon Amonun ürəyini, ruhunu bildirir və “Z”, “S” samitləri ilə də yazılır. İslamda “Z” rəmzi Əziz [Üzzə] kimi məlumdur və Allahın adlarından biri hesab olunur. Eyni mənalı “S” samiti isə yəhudilərin Yeşua [“Ş”] adlandırdığı, xristian Allahı İsaya (İssi) aid edilir. Qədim müdriklərin məntiqinə görə bu o deməkdir ki, xristianların İsa, qədim ərəblərin isə Üzzə Allahları, qədim Misir fironu Amonun müxtəlif obrazlarıdır.
Şu/Yeşua [Ş] rəmzi İslamda Şıə [Ş] adlandırılan rəmzlə eynidir. Mənbələrə əsasən şiəlik, imam Əlinin davamçılarına və Allahın rəsulundan sonra onun imamlığını qəbul edənlərə deyilir. Qurana görə (37:83) ilk şiələr, hələ İslamdan ən azı min il əvvəl Nuh və İbrahim peyğəmbərlər olmuşlar. Tarixçi M. Xorenski Nuh peyğəmbəri ruh kimi təsvir edir. Devid Rol isə yazır ki, Nuh “Allahı özündə daşıyırdı”, yəni o Allahın təcəssümü idi. Gilqameş eposuna görə, subasma qəhrəmanı və onun arvadı, Allahların əbədi həyat bəxş etdiyi insanlardandır. Aydındır ki, əbədi həyat qazanmış Nuh fiziki canlı ola bilməz, çünki fiziki bədən ölümlüdür. Mən kitab və məqalələrimdə göstərmişəm ki, subasma rəmzi altında mənbələrdə söhbət adi sudan yox, ilkin materiyadan, yəni dirilik suyundan gedir və İncilə görə Allah məhz bu subasma üstündə qərar tutmuşdur. Bu isə onu göstərir ki, ölümsüzlük qazanmış şiə-peyğəmbər olan Nuh, firon Amonun Şu-ruhunun obrazıdır.
Quranda, yəhudilərin patriarxı İbrahim (Avraqam) da şiə adlandırılır. İbrahim/Avraqam [BRHM/VRQM] rəmzi sufizmdə yəhudi-şaman kimi yozulur. Qədimdə bu rəmz “hər şeyi bilən Ra Allahının ruhu” fikrini ifadə edirdi. Buddizmdə bu rəmz – magiya, cadugərlik və yaradıcı qüvvə mənasında olan Braxmo [BRXM] rəmzi ilə eynilik təşkil edir. “Bxaqavat-Gita”da deyilir ki, Braxmo-bxuta səviyyəsunə qalxmış insan dərhal Allaha qovuşur. Bu isə o deməkdir ki, Bxuta [BX-T] rəmzi elə sufizmin Bəqa [BQ], yəni bəgliksəviyyəsinin rəmzidir.
İslamda Braxmo səviyyəsi “İbrahim məqamı” kimi məlumdur və məhz bu məqamda İbrahim Kəəbə evini yaratmışdır. Kəəbə rəmzi [KB] qədim Misir mətnlərində, Şu Allahının Nut göyündən ayırdığı Qeb [QB] torpağı kimi qeyd olunur. Lukanın “İncil”ində (16:22-25) İbrahim, Allah simasında ölmüşləri mühakimə edir və insanlar öldükdən sonra “İbrahimin qucağına” köçürlər. Bu o deməkdir ki, İbrahim rəmzi altında da firon Amonun ruhu olan Şu təsəvvür olunmalıdır.
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, ilkin materiyada səyahət edən Amonun ruhu, Bəqa səviyyəsinə qalxaraq, bu səviyyədə, göydə Qeb aləmini, yəni Kəəbə evini yaratmışdır. Şiə rəmzi isə, ekstatik vəziyyətdə qurbanlıq heyvanların ruhlarından Kəəbə/Qeb dünyasını yaratmış İbrahimin, yəni firon Əmanın ruhu (Şu) mənasındadır.
Kəəbə [KB] və Qeb [QB] rəmzləri induizmdə, göy dünyası ilə əlaqəli olan Qavat [QV-T] kimi məlumdur. Bxaqovati sözü hind mifologiyasında yeraltı dünya olan Naqalokanın (Patala) paytaxtı kimi qeyd olunur. Xristian mənbələrində Bxaqovati [BX-QVT] rəmzi – Bexkavat [BX-KVT] kimi də yazılır və fars şahları, onların ailələrinin yaşadığı saray mənasındadır. “Fars” [FR-S] rəmzi, Puruşa[PR-Ş] rəmzi kimi sufizmdə “Pir issi” (Pir-Şu), yəni fironun ruhu anlamındadır. Qədim Misir mənbələrində pir/piro rəmzləri böyük firon evi mənasında göstərilir. Deməli, Bxaqovati, firon və ailəsinin əbədi həyat qazandığı ruhların göy şahlığıdır.
Sufizmdə Bxaqovati/Bexkavat rəmzləri “Bəqa vəziyyətində yaradılmış Qeb göy dünyası” kimi yozulur. İsamda Qovati [QVT]rəmzi, Allahın 99 şərəfli adlarından biri olan Kabid [KBD] kimi məlumdur. Bəqa [BQ] rəmzindən əmələ gəlmiş Baqi (əbədi dünya)[BQ] rəmzi də mənbələrdə Allahın adlarından hesab edilir.
İudaizmdə Qeb, Kəəbə, Qavat [QB/KB/QVT] rəmzləri, Allahın İeqova və Yaxve [QV/XV] adları kimi məlumdur. Kitab və məqalələrimdə mən yazmışam ki, ruhların göy dünyası, kosmik insan Adəmin, yəni qədim Misirin Atum Allahının bədənindədir. Dahi sufi ibn Ərəbi qeyd edir ki, ilk insan olan Adəmin bədəni hər şeyi əhatə edir. Bu haqda qədim Misir yazılarında da deyilir. Edem cənnəti də məhz bu işıq insanının bədənindədir. Əflatun, induizm və s. mənbələrdə olduğu kimi, kosmik Adəmin bədənini – dövlət, yəni öz qanunları olan göy ölkəsi kimi təsvir edir. Deməli, Qeb və Kəəbə kimi, Yaxve və İeqova rəmzləri də, bədəni eyni zamanda Edem cənnəti olan, Atum/Adəm kosmik Allahının obrazlarıdır.
Mənbələrə görə, Yaxve Allahının digər adları El-Şadday və El-Amurrudur. El (akkad. Alu) rəmzi qədim yazılarda insanlar yaşayan ölkə, aləm, vilayət mənasındadır. Moyun Çor türk abidəsində deyilir ki, türk xaqanı Tolis, Allaha qovuşduqdan sonra onu Elə, yəni ölkəyə çevirir. Deməli, El – göylərdə yaradılmış ölkə mənasındadır. Şadday rəmzi akkad mənblərində Şadu [ŞD] kimi də qeyd olunur. Bu rəmz, qədim Misirdə Xaos-un, yəni ilkin materiyanın təcəssümü olan Set [ST] rəmzindən yaranmışdır. Belə çıxır ki, El-Şadday ilkin materiyadan yaradılmış göy dünyası deməkdir.
Amurru rəmzi “M” və “R” samitlərindən ibarətdir. “M” rəmzi, göydə yaradılış üçün keçirilən qurban mərasimini müşaiyət edən “Om” səsini bidirir. Buna görə də “M” – yaranışın rəmzi hesab olunur. “R” rəmzi isə, firon Amonun yerdəki həyatı dövründə ilkin materyadan yaratdığı Ra günəş diski mənasındadır. Bu disk müəyyən zaman göydə qalmış və Amon fiziki öldükdən sonra isə, onun ruhu göyə qalxaraq bu disklə birləşmişdir. Beləcə Ra-Amon Allahı özü-özünü yaratmışdır. “Orxon-Yenisey” türk abidəsində, türk xanı iddia edərək bildirir ki, məhz o, Allah kimi Allah yaradaraq göydə doğulmuşdur. Deməli, Amurru rəmzi “yaradılmış günəş” deməkdir. Qeyd etmək lazımdır ki, göy Eli, Ra Allahının ölkəsi olduğu üçün, qədim Misirdə “L” və “R” samitəri eyni məna daşımaqla mətnlərdə bir-birini əvəz edirdi.
Amurru rəmzi [MRR] mənbələrdə mar [MR] tayfası mənasında olan amorey rəmzi kimi yazılır. Mar rəmzi – midiyalı deməkdir. Bu isə onu göstərir ki, midiyalılar günəş Allahı Ra-Amonun törəmələridir və El rəmzi də məhz onlara aiddir.
Digər tərəfdən, qədim dünyanın ən inkişaf etmiş sivilizasiyalarından olan Lemuriya, Lemur [LMR] rəmzləri də El-Amurru [L-MRR] rəmzindən əmələ gəlmişdir. Qədim Misirdə onları “aamu” [M], yəni “Mu ilahi qüvvəsi olanlar” adlandırırdılar. Aamu nəsli “xekau” hakimləri olduqlarından, Manefon onları “qiksos” kimi qeyd edir. Xekau [XK] rəmzi bizə Haq [HQ], yəni Allah kimi də məlumdur. Onlar, Allah Mülkündə yaşayan şahlar və ölümsüz mələklər nəsli olduqları üçün, mənbələrdə onları amalikilər, yəni maliklər də adlandırırdılar. Bu nəslə aid edilən “qiksos” rəmzi də – “Haq issi” mənasında “Allah ruhu” deməkdir. Bütün bu yazılanlar onu göstərir ki, qədim dünyanın ən inkişaf etmiş sivilizasiyasını yaradan şahlar nəsli midiya maqları olmuşlar.
Mənbələrdə amorey [MR] rəmzi, bizə “əmir” [MR] kimi də məlumdur və bu rəmz – hökmdar, başçı, müsəlmanların rəhbəri deməkdir. Məhəmməd peyğəmbərin törəmələri olan seyidlərin adlarının qarşısında yazılan “mir” (məs. MirHəsən) rəmzi də bu rəmzdən yaranmışdır. Əgər bu əmirlərin şiə olduğunu nəzərə alsaq, razılaşarıq ki, ən qədim Şumer [Ş-MR] mədəniyyətini də məhz bu şiə-əmirlər [Ş-MR] yaratmışlar.
Əmir/mar [MR] rəmzi, sufilərin “əmr” [MR] rəmzi ilə eyni mənalıdır və Allahın əmri mənasındadır. Qəzali fəlsəfəsində “əmr” rəmzi, Allahın öz iradəsinin icrası üçün vasitə – hansısa bir ideal mahiyyət kimi qeyd olunur. Onun əsərlərində bu anlayış, insanın Allahla, yəni ilkin materiya ilə mistik əlaqəsinin təsviri üçün istifadə edilir. Bu mənada “aləm əl-əmr” rəmzi ilkin materiya vasitəsi ilə birdən yarama mənasındadır ki, qədim Misir mənbələrində bu rolda Pta Allahı çıxış edərək sözlə Atumu yaradır. Deməli, əmr – Allah Kəlamı, yəni Misirin Ra-Amon Allahının hökmü mənasındadır və o ilkin materiya ilə vəhdət təşkil edərək onun adından əmr edərək yaradır.
Buradan isə belə nəticə çıxır ki, əmir/amorey müqəddəslərinin nəsli, Allahın öz əmri ilə yaratdığı hökmdarlar nəslidir və adi insanlardan fərqli olaraq Allah onları öz bənzəri kimi yaratmışdır.
Əmir/amorey [MR] rəmzinin başqa variantı, avropa mənbələrindəki nəhəng İmir [MR] rəmzidir. “Edda” salnaməsinə görə İmir, xaosdakı dünya sonsuzluğundan, yəni ilkin materiyadan yaranmışdır. Odin Allahı qayda-qanun yaratdıqdan sonra, İmirdən – insan ayağının dəyməsinin mümkün olmadığı dağın zirvəsində, Asqard adlanan sehrli saray tikir və burada 12 Ezir (Allah) birgə yaşayır. Asqartın [SQRT], Midiyanın Asaqarta (Saqartiya) [SQRT] eli olmasını, Ezirlərin [ZR] isə qədim Misirin Osiris/Oziri [SR/ZR] Allahının nəsli olduğunu qəbul etsək, aydın olar ki, Odinin tikdiyi sehrli saray Azəri [ZR] torpağında, yəni Azərbaycandadır.
İmir [MR] rəmzi mənbələrdə İrəm [RM] kimi də yazılır. Əfsanəyə görə İrəm, cinlərin tikdiyi sütunlar şəhəridir. Ərəb maqları, İrəmin fiziki məkanda deyil, başqa reallıq səviyyəsində yerləşdiyinə inanırdılar. Bu yer Böyük Boşluğun qapısı hesab edilirdi. Əfsanəyə görə Ad oğlu Şəddad onu qızıl və gümüşdən tikmiş, lakin oraya daxil ola bilməmişdi. Misirin Naq Hammadi ərazisində tapılmış “Həqiqətin şəhadəti” mətninə görə isə, cinlər, Süleyman peyğəmbərin əmri ilə Allah evini də tikmişlər. Bu 62 metrlik ev və içindəki bütün əşyalar həqiqətən qızıldan düzəldilmişdir. “Əhd sandığı” və Allahın digər əşyaları da buradadır. Bu isə o deməkdir ki, İrəm sütunlar şəhəri elə Süleyman şahın tikdiyi Yerusəlim şəhəridir.
Qədim Misir mənbələrinə görə sütunlar şəhəri – Geliopol, yəni Gel şəhəridir. Bu mətnlərdə sütunun özü – “Şu sütunu” adlanır. Əgər Şu rəmzinin firon Amonun ruhu olduğunu nəzərə alsaq, razılaşarıq ki, göy Yerusəlimi Ra-Amon Allahının ruhunda mövcuddur. Mənbələrdə bu sütunu “Herakl sütunu” da adlandırırlar. Rəvayətə görə, Herakl Gel şəhərinə gələrək burada yarıqadın-yarıilan Yexidna ilə cütləşir və bu izdivacdan mələklər nəsli, yəni “ilandan doğulmuş midiyalılar” əmələ gəlir. Bu o deməkdir ki, əmir/amoreylər nəsli, İslamda batini şiələri olan məlahi-mülhidlər, yəni mələklər nəslidir.
İslam mənbələrində Gel rəmzi – Aqil/Akil kimi məlumdur və peyğəmbərin əmisi Abu Talibin oğluna, yəni imam Əlinin qardaşına aid edilir. Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin evi vərəsəliklə Akilə (Gelə) çatmışdır. Gel rəmzlərdən yaranmış Qulat (Gelat) rəmzi isə ifrat şiələri bildirir. Tövratda Qulat rəmzi Qalaad kimi yazılır və İzmail, yəni ismaililərlə əlaqələndirilir. Əhdi-Ətiqdə, Qalaad – Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır. Bu isə o deməkdir ki, türk müsəlmanlarının nəsli olan ismaililər Allahın seçilmişlərinin nəslidir.
Batini ismaililəri, müqəddəs yazıları dərk etmək qabiliyyəti bəxş edilmiş yeganə icmadır. İslam ezoteriklərinə görə bu şiə icması Allahın özü tərəfindən idarə olunur. Onların İşıq (Nur) haqqında yüksək təlimi Əflatun və ondan əvvəlki müdriklərin təliminə uyğundur. Qədim mənbələrdə onları, zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış Deyləm tayfası adlandırırlar.
Xristian mənbələrində bu ismaili-nizariləri – nazaretlilər, yəni İsa peyğəmbərin nəsli kimi qeyd edirlər. İsaya şamil edilən Qaliley [QLL] rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və Allahın təcəssümü, Allaha qovuşma, Allahla vəhdət mənasında olan, sufi rəmzdir. Deməli, İsa peyğəmbəri ona görə Qalileyli adlandırırlar ki, o Allahla, yəni həyatverici enerji mənasında olan ilkin materiya ilə vəhdət təşkil edir. Bu isə İsa peyğəmbərin, mənbələrdə əmir/amorey adlandırılan müsəlman şiələrin nəslindən olması deməkdir. Yəhudilərin Yeşua [Ş] adlandırdıqları İsa rəmzinin Şiə [Ş] rəmzi ilə eyniliyini nəzərə alsaq, “İisus Xristos” rəmzini – “Şiə Xristos”, yəni “Şiə Qor-issi” kimi də oxuya bilərik. Sufi dahisi ibn Ərəbi də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır. Bu isə bir daha təsdiq edir ki, Amon Allahın ruhu elə qədim Misirin günəş Allahı Qorun ruhudur və bütün dinlər bilavasitə bu Allahın ruhunda yaradılmış Qeyb aləmi ilə bağlıdır.