“QURAN ”DAKI İSRAİL OĞULLARI – AZƏRİ BƏGLƏRİDİR!


quran4 Firudin Gilar Bəg
Müqəddəs kitabımız Qurani-Kərimi dərindən araşdırdıqca ortaya çoxlu sayda cavabsız suallar çıxır. Müasir məntiqlə izahı qeyri-mümkün olan bu suallar onu göstərir ki, biz bu kitabda yazılanların həqiqi mənasını hələ də dərk etməmişik. Quranda nədən və kimlərdən danışıldığı oxucu üçün bu gün də qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq, çoxsaylı sualların bəzilərinə cavab tapmaq məqsədi ilə araşdırma aparmaq qərarına gəldik və nəticəni Sizə təqdim edirik.Quran Ərəb dilində yazıldığı üçün bu gün qəbul olunmuşdur ki, bu kitab ərəblərlə bağlıdır. Lakin Quranda yazılanlara görə bu kitab İsrail oğullarına, yəni yəhudilərə göndərilmişdir. Quranda adı ən çox çəkilən peyğəmbərlərin demək olar ki hamısı yəhudilərdir. Əgər bu kitabda Musa peyğəmbərin adı təxminən 128 dəfə, İbrahimin adı – 55, İsanın adı – 23 dəfə çəkilirsə, Hz. Məhəmmədin adı burada cəmi 4 dəfə çəkilir.
Quran yazır: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir… And olsun ki, biz İsrail oğullarını gözəl bir yurdda yerləşdirdik və onlara təmiz nemətlərdən ruzi verdik… Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdi. Allah demişdi: Mən sizinlə bərabərəm, əgər namaz qılar, zəkat versəniz; elçilərimə inansanız, onlara yardım etsəniz ve Allaha gözəl borc versəniz, əlbəttə sizin günahlarınızı örtərəm ve sizi altından bulaqlar axan cənnətə göndərərəm. Sizdən kim həqiqəti inkar etsə, düz yoldan azmış olar… Və onları ümmət olaraq on iki tayfaya ayırdıq. Qövmü ondan su istədiyi zaman, Musaya əsasını daşa vurmasını vəhy etdik. O zaman ondan on iki bulaq çıxdı. Hər qrup insan, içəcəyi yeri bildi. Onların üzərinə buludla kölgə saldıq və onlara, qüdrət halvasıyla bildirçin endirdik. Sizə ruzi verdiyimiz halal şeylərdən yeyin! Və onlar bizə yox, ancaq öz nəfslərinə zülm etdilər… Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail oğullarına kitab, müdriklik, peyğəmbərlik verdik və onlara pak nemətlərdən ruzi verdik. Onları aləmlərdən üstün etdik!… Verdiyi nemətlərlə sınamaq üçün O, yerdə sizi varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən, sənin Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77, 10:93, 5:12, 7:160, 44:32, 45:16, 2:47,122,40, 6:165).
Quranın bu ayələrindən belə çıxır ki, Allah İsrail oğullarını Özünə bərabər tutmuş və onları on iki tayfaya ayırmışdır. Onlara gözəl torpaqlarda yer vermiş, Allahın qoyduğu qanunlara əməl etdikləri halda onlara cənnəti vəd etmişdir. Bunlardan əlavə, Allah İsrail oğullarına adi insanların bilmədiyi elm vermiş və bu elmə görə də onları digər insanlardan üstün etmişdir. Bu o deməkdir ki, Allah İsrail oğullarını fərqli yaratmışdır və onlar Allaha bərabər tutulan müqəddəslər nəslidir.
Allahın, İsrail oğullarını aləmlərdən üstün və adi insanlardan fərqli yaratması, yadımıza Aleksandriyalı Filonu salır. Filona görə, Allah iki növ insan yaratmışdır: Allahın obrazı ilə əvvəl yaranmış insan (Библ.Быт.1:27) və formalaşdırılmış insan (Библ. Быт.2:7). Filon, Allahın obrazı ilə əvvəl yaranmış insanı “Göy insanı” adlandırır və bildirir ki, Allah onları ilkin materiyadan yaratmışdır və onlar ölümsüzdürlər. Adi insan olan “Yer insanı” isə “usta” vasitəsi ilə əllə düzəldilmişdir (А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110). Əflatunun “Timey” əsərinə görə də ilk insanları (Tanrıları) Allah özü yaratmışdır və ona görə də onlar ölümsüzdürlər. Adi insanların yaradılmasını isə, Allah öz yaratdıqlarına həvalə etmişdir. Quranda da bu haqda məlumat vardır: «O, sudan bir insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:54). Bu o deməkdir ki, ilk insan sudan, yəni ilkin materiyadan yaradılmışdır və bundan sonra kişi və qadın, yəni adi insanlar yaradılmışlar.
Belə çıxır ki, İsrail oğulları adi insanlardan fərqli yaradılmış göy insanının nəslidir. Göy insanı dedikdə, qədim mənbələrdə Mesopotamiyanın məhşur şahlar nəsli olan kutilər sülaləsi başa düşülür ki, Kuti şahlarının hakimiyyəti mifik dövrlərdə göydən yerə enmişdir (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980, səh.146). Ərəb mənbələrinə görə isə göydən yerə enmişlər, Salman ibn Rəbiənin başçılığı ilə gəlmiş İran əhalisidir («Azərbaycan tarixi üzrə qaynaqlar», B.,1989, səh.59). Bu o deməkdir ki, İsrail oğulları İranın Ərdəbil ərasizində yaşamış Kuti şahlarının nəslidir.
Sufizmdə və qədim dilçilikdə, Kuti [KT] sözü Xuda [XD] sözü ilə eyni mənalıdır. Allah mənasını verən Xuda sözündən isə “yaxuda”, yəni “yəhudi” sözü yaranmışdır. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır (И. Дьяконов, «История Мидии», М-Л, 1956, səh.31). Psevdo-Lukiana (“Əbədiyaşarlar” kitabı) görə midiyalıların arasında maq adlandırılan peyğəmbərlər qrupu var ki, onlar özlərini Allaha həsr etmişlər. Bu isə onu göstərir ki, İsrail oğulları dedikdə, qədimdə İran, indi isə Azərbaycan adlandırılan ərazidə yaşamış və peyğəmbərlər sayılan Midiya maqları nəzərdə tutulmalıdır. Digər mənbələrə görə maqlar, Mesopotamiya və Xaldeya (kəldani) sehirbazlarıdır. Əbu Reyhan Biruni xaldeyləri İran şahları olan Kəyani və Əhəmənilərin nəsli kimi təqdim edir (Бируни, «Избранные произведения», т.1,www.pereplet.ru/gorm/chrons/biruni2.htm). Belə çıxır ki, İsrail oğulları həqiqətən də göylərdən enmiş şahlar və peyğəmbərlər nəslidir.
Əhdi-Ətiqə görə, Midiya ölkəsinə yəhudiləri assuriyalılar köçürmüşlər (Библ.2Чар.17:6). Əl-Müqəddəsi də bildirir ki, Midiyada yəhudilər xristianlardan çoxdur (А. Мец, «Мусульманский Ренессанс», M.,1973, səh.42,43). Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunan «On üçüncü boy» kitabında bütün dünyaya sübut etdi ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxmışlar. Əsl yəhudilər isə Xəzər türklərinin xaqanı və türk bəgləridir (bəy) (А. Кестлер, «Тринадцатое колено»). “Kitabi – Dədə Qorqud”da türk bəgləri – “ərənlər əvrəni”, “Adəmilər əvrəni” adlandırılır ki, bu da “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” mənasındadır. Bu kitaba görə, öyünərək “Dünya mənim” deyən bəg-ərənlər dünyanın sahibləridir («Kitabi – Dədə Qorqud», B.,1988, səh.49,80,122). Bu isə onu göstərir ki, Midiya ərazisində yaşayan İsrail oğulları, dünyanın sahibləri olan türk xaqanı və türk bəglərinin nəslidir.
Quranda, elmlərinə görə üstün yaradılan İsrail oğulları əvəzinə, digər yerdə bəsirət gözü açıq olan xüsusi tayfadan danışılır ki, onlar Allahın sirlərini dəqiqliklə bilirlər (Quran, 45:20, 10:6, 7:181). Quranın “Mağara” surəsinə görə, Allahın gizli sirlərini bilənlər Şərqdə yaşamışlar və Allah onlarla Özü arasında pərdə yaratmamışdır (Quran, 18:90). Nikolay Rerix qədim sirləri bilənləri – “Böyük sirləri bilən Böyük Azərilər” adlandırır və qeyd edir ki, bu sirlər insanlara açıldıqdan sonra həyat tam dəyişəcəkdir (Н. К. Рерих, «Шамбала сияющая»). Bu isə o deməkdir ki, İsrail oğulları dedikdə, Allahın gizli sirlərini bilən və xüsusi ezoterik elmləri olan Midiyanın batini türkləri nəzərdə tutulur. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korben bu nəticəyə gəlmişdir ki, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu onu sübut edir ki, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur.
İslamda Quranın gizli mənası batin (daxili) adlanır və onun zahiri mənasının əksi kimi qəbul edilir. Batini anlamla bağlı Hz. Məhəmmədin bu hədisi, bütün əhəmiyyətli qaynaqlarda qeyd olunur: “Quranın bir zahiri (adi) mənası, bir də batini (gizli) mənası vardır. Bu batinin ardından da başqa bir batini (iç) məna gəlir. Bir-biri içində göy kürələri formasında olan bu batinin də başqa batini dərinliyi vardır. Beləcə, yeddinci batini dərinliyə qədər açılır”. Deməli, Midiya əhalisi olan ismaili-batinilər, Quranın ən dərin qatlarının mənasını bilən türk bəgləridir.
Batini sirlə bağlı hədislərin birində qeyd olunur ki, Hz. Məhəmmədin silahdaşlarından olan Abdulla ibn Abbas bir dəfə insanlar arasında dedi: “Əgər mən Quranın bu ayəsinin (65:12) peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı adamlara söyləmək olar. Ən qədim mənbələrdə batin elminin adi insanlara çatdırılması qadağan edilmişdi. Assur-Babil ədəbiyyatında bununla bağlı mətndə tez-tez bu ifadə təkrarlanırdı: «Yalnız arifi sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!». Xristian müdriklərindən olan İppolit də batini sirrin gizli saxlanılması ilə bağlı onun xüsusi tələblərini çatdırırdı: «Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan və hamıdan uca olan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanmasına and iç». Belə çıxır ki, qədim Midiya ərazisində yaşayan və Allahın gizli sirlərini bilən İsrail oğulları, mənbələrdə “batinilər” adlandırılan ismaili şiələridir.
Əhdi-Ətiqdə izmailli, yəni ismaililər deyəndə, İbrahim peyğəmbərin Həcərdən olan oğlu İsmailin törəmələri nəzərdə tutulur və bu tayfanın şahzadələri 12 nəfər olmuşlar (Библ.Быт.17:20). İsrail oğullarının bu on iki başçısı, ismaili şiələrində On iki imam və ya On iki Pir kimi qalmışdır və bunlar “İsna Aşəriyə” adlanırlar. Özlərinin gizli fəlsəfəsi olan ismaili imamlarının əsas vəzifəsi, peyğəmbərimizin yolunu davam etmək, insanların dünyəvi və axirət həyatlarını gizli fəlsəfəyə uyğun idarə etməkdir. İmam Əlidən (yəhud. El Allahı) başlayan bu On iki Pir, imam Mehdi Sahib əz-Zamanla qurtarır və bunlara mütləq itaət şiəliyin əsas şərtlərindəndir.
Tövrata görə izmaililər Madiamın Qalaad elinin əhalisidir (Быт.37:25,28, Суд.8:24). Mənbələrdə Madiam dedikdə Midiya, Qalaad dedikdə isə ifrat şiələrin Qulat eli nəzərdə tutulur. Deməli, Qalaad izmailliləri, imam Əlini Allah kimi qəbul edən və batiniliyə həyat vermiş Gel (Qaliyə – Qulati Şiə) tayfasıdır.
Əhdi-Ətiqdə Qalaad – Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım” adlandırır (Библ.Пс.59:9). Bu isə onu göstərir ki, Allahın batini sirlərini bilən ismaili türkləri həqiqətən də Allahla bağlı olan nəsildir və Allah onların elini Öz eli hesab edir. Məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə isə batini sirləri bilən türk müdriklərini Allah özü himayə edir.
Mənbələrdə “ledun elmi” də adlandırılan ismaililərin batin elmi, yer kürəsini əhatə edən ilkin materiyanın qanunları əsasında yaradılmışdır. Bu qanunlara görə bütün bəşəriyyətə həyatı, sufilərin “Hu” adlandırdıqları ilkin materiya vermişdir və bütün varlıqlar da bu cövhərin materiallaşmasından yaranmışlar. Batin elmində yalnız samitlər xüsusi məna ifadə edir və sağa, sola oxunmasından asılı olmayaraq eyni məna verir. İlkin materiya asanlıqla dörd ünsürə çevrildiyi üçün, onun rəmzləri olan oxşar samitlər də eyni fikri bildirir. O eyni zamanda gözə görünməz substansiyadır və onu yalnız ekstaz vəziyyətində görmək mümkündür. Buna görə də “H” samiti, eyni mənalı “K”, “Q”, “G”, Ğ” samitləri kimi mənbələrdə bəzən yazılır və bəzən də yazılmır.
Bildirmək istərdim ki, bütün qədim yazılar batini məntiqlə yazılmışdır və onları başa düşmək üçün sözləri bu məntiqlə araşdırıb, gizli mənasını üzə çıxarmaq lazımdır. Bu elm ən qədim zamanlarda sofi (müdriklik) adlanırdı, dövrümüzə isə sufi elmi kimi gəlib çatmışdır. Sufiliyin Hürufi cərəyanı da məhz samitlər qanununu əsas tutan cərəyandır.
Sufiliyin Bəqa, yəni bəglik (bəy) səviyyəsindən endirilən bu dil isə Rəbblərin [RBB], yəni Allah və peyğəmbərin dili olduğu üçün Ərəb [RB] dili adlanır. Quranda açıq yazılır ki, bu kitab Aləmlərin Rəbbinin endirməsidir və aydın Ərəb dilində Rûh-ül-Əmîn tərəfindən endirilmişdir (Quran,26:192-196). Burada Rûh-ül-Əmîn dedikdə, qədim Misirin fironu “Amonun ruhu” nəzərdə tutulmalıdır ki, O göydə Ra günəş diski yaratmışdır. Özü fiziki öləndən sonra onun ruhu göyə qalxaraq Ra diski ilə birləşmiş və Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Dilimizdəki “Vahiy” [VH-Y] rəmzi də Bəqa/Bəg (rus. Boq) [BQ/BG] rəmzindən yaranmışdır. Oğuz atalar sözü olan «bəglik verilir, qəhrəmanlıq isə döyüşdə qazanılır» deyimindən də aydın olur ki, bəglik, vəhy kimi Allah tərəfindən verilir.
Abu Usman əl-Cəhizin «Türklərin ləyaqətləri və xəlif ordusundakı digərlər haqqında» əsərinə görə də, Ərəb deyəndə söhbət kiminsə milliyətindən yox, bir formada olmuş insanın, dəyişərək digər forma almasından, yəni ölümündən sonra 124 min peyğəmbər kimi, bədən formasını dəyişib göylərdə yeni forma almasından gedir. Deməli, Ərəb dili – cənnətdə danışılan dil, yəni ilkin materiyanın vahid dili mənasındadır ki, burada ərəblər deyəndə cənnət əhli olan Rəbblər (peyğəmbərlər) başa düşülməlidir və s. (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72).
Bildiyimiz kimi, Məhəmməd peyğəmbər, Əli və ailəsi islamda əl-Beyt [L-BT] adlanır. Batinilikdə əl-Beyt dedikdə, ailə qohumluğu yox, “gizli elm, bilik və hikmət evinin ailəsi” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) nəzərdə tutulur ki, bu da Quranın batini mənasını bilənlər mənasındadır. Sufizmdə əl-Beyt [L-BT] rəmzi yəhudi seçilmişlərinin levit [LVT] rəmzi ilə eyni mənalıdır. Tövratda Allah levitləri “Mənim levitlərim” adlandırır ki, bu da onların Allahın seçilmişlərinin nəsli olması anlamındadır (Библ.Чис.3:12). Levit [LVT] rəmzi batin elmində təvil[TVL] rəmzi ilə eyni məna verir ki, bu da Quranın batini mənasına verilən izahı bildirir. Bu o deməkdir ki, yəhudilərin levit adlandırdıqları Allahın seçilmişləri, islamın əl-Beyt adlandırdığı imam Əlinin ismaili bəgləridir və məhz onlar Allahın gizli elmini bildiklərinə görə əhli əl-Beyt, yəni Allah Evinin əhli hesab olunurlar.
İsmaili batiniləri mənbələrdə nizarilər, deyləmlər, seyidlər və s. adlarla da adlandırırlar. Mənbələrə görə, deyləm-nizarilərin dövləti İranın Ələmut qalasında yaranmışdır. Müxtəlif mənbələrdə bu ismaililər – məlahi, əl-mülhid, əl-məlahid və s. kimi qeyd olunurlar. Ələmut [LMT] rəmzi sufizmdə El-Muta [L-MT], yəni “Midiya eli” mənasını verir. Məlahi, əl-mülhid, əl-məlahid [MLH/MLHD] və s. rəmzləri isə mələk və mələküt, yəni mələklər [MLK/MLKT] dünyası (yəhud. Malxut) fikrini ifadə edir. Bu isə onu bildirir ki, mələklər nəsli hesab olunan ismaili türkləri, üstündə Mələküt dünyası, yəni ruhlar aləmi yaradılmış Midiya elinin sakinləridir. Quranda mələk kəlməsi təxminən 88 dəfə çəkilir ki, bu da Quranın ismaililərlə bağlı olması deməkdir. Deməli, Midiya qalası dedikdə, ifrat şiələrin Gel elinin üstündə yaradılmış mələklər (Mələküt) dünyası başa düşülməlidir.
Tarixçi M. Xorenatsiyə bildirir ki, Gel adı, Yerusəlim şəhərinin tikilib qurtarandan sonra ona verilən addır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə əsl Yerisəlim şəhərinin məhz qədim Midiya ərazisində yerləşməsini soxlu sayda faktlarla sübut etmişəm.
Türk  alimi Cihangir Gener “İsmaililik ve Templiyerler” məqaləsində, Süleyman məbədi varisləri sayılan xaçlıların ismaili şıələrlə əlaqəsindən yazır və bildirir ki, xristianların batıni doktrin məbədi olan Yerusəlimi qorumaq istəyən xaçlılarla ismaili-assasinlər eyni ideyaya qulluq edirdilər. İsmaililərin Gel və Qulat rəmzi xaçlılarda Gildeya və Kollegia rəmzinə, digər rəmzlər isə masonluğun əsas rəmzlərinə çevrilmişdir. Təsadüfi deyildir ki, əsası hələ XVII əsrdə qoyulmuş və XIX əsrdə yenidən dirçəldilmiş “Qızılgül və Xaç Qardaşlığı” (Rozenkreyser Ordeni) mistik təşkilatının banilərindən hesab edilən və Kral Mason Ensiklopediyasının müəllifi olan mason Kennet Makkenzi, ismaili müqəddəsi Həsən ibn Sabbahın mistik ordenini – mason ordeni adlandırır. Əsl Yerusəlimin Midiya ərazisində tikilməsini və buranın da həmişə türk bəglərinin əlində olmasını nəzərə alsaq razılaşarıq ki, masonluq öz kökünü məhz ismaili-batinilərin gizli elmindən götürmüşler.
Gel elinin mələklərlə bağlılığı, mənbələrdə Heraklla əlaqələndirilir. Rəvayətə görə, Herakl Gel şəhərinə (Gileya) gələrək burada yarıqadın-yarıilan Yexidna ilə cütləşir. Bu izdivacdan skif/sak şahlar və mələklər nəsli yaranır ki, mənbələrdə onlar “ilandan (əjdahadan) doğulmuş midiyalılar” adlandırılır.
Xristianların angel, arxangel, Yevangel və s. rəmzləri də məhz Gel eli ilə bağlıdır. Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər bilavasitə Geliopolda, yəni Gel şəhərində yaşayırdılar (М.А.Коростовцев, «Религия древнего Египта», М.,1976,səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib olunurdu. Qədim misirlilərin “Ölülər kitabı”na görə isə Gel şəhərindən çıxan Ptah (türk. Yafət) Allahı indi də yaşayır və məhz burada Osiris, yəni Oziri Allahının bədəni uyuyur. Mətnlərə görə Allah, göydəki ruhlar dünyasını, Geliopol şəhərindəki Ra Günəşinin məbədinin ərazisindəki ilkin təpədən yaratmağa başlamışdır. Bu isə o deməkdir ki, Ələmut, yəni Midiya qalası kimi qeyd olunan Mələküt dünyası, qədim Misirin Ra-Amon (İslamda Rəhman) Allahının göydə yaratdığı “Qeb”, yəni Qeyb aləmidir.
Qeb [QB] rəmzi Tövratda Yaqub [Y-QB] adı kimi də qeyd olunur. Bu kitaba görə Yaqub peyğəmbər Allahla güləşir və Allah onun adını dəyişib İsrail qoyur (Библ. Быт.32:30). Əhdi-Ətiq lüğətində «izrailli» sözü, Zaradan törədiyi üçün «Zaranın törəməsi» mənasını verir. Mənbələrdə bu ad, yuxarı Misiri idarə edən və hər iki torpağın başçısı olan Oziriyə, yəni Osiris Allahına şamil edilir. Deməli, Zara/Oziri adı Osiris Allahının adıdır və İzrail/İsrail dedikdə də Oziri-Eli/Usiri-Eli nəzərdə tutulur. Yaqub adının İsrailə çevrilməsi də, göydə yaradılmış Qeb aləminin sonradan “Osiri müqəddəslərinin eli” adlandırılması deməkdir.
Oziri haqqındakı rəvayətdə deyilir ki, Oziri Allahı dünyanın yaradılması zamanı Qeb və Nut Allahlarından doğulur. O doğulduğu zaman məbəddən qüdrətli səs gəlir ki, dünyaya Böyük hökmdar, Allah gəlmişdir. Bu isə o deməkdir ki, “İsrail oğulları” dedikdə, Oziri Allahının göydəki Mələküt elindən gəlmiş şahlar nəsli nəzərdə tutulmalıdır.
Tarixçi B. A. Turayev Aziru, yəni Oziri şahlığını amoreylər ölkəsi olan Kadeş kimi qeyd edir ki, bu da ismaili batinilərin Kadus elidir. Ziqmund Freyd, «Bu insan Musadır» kitabında Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı adlandırır. Tövratda Kadus/Kades eli cənnət ərazisi kimi qeyd olunur və yəhudilərin əsas şəhərlərindən biri sayılır. Kades/Kadeş rəmzindən isə müsəlman və yəhudilərin müqəddəs (kuddus/kodeş) sözü yaranmışdır.
İsmaili batinilərini mənbələrdə nizarilər də adlandırırlar ki, xristianlıq dönəmində bu rəmz nazarey kimi yazılırdı və həyatını Allaha həsr etmiş insanlara aid edilirdi. İsa peyğəmbərin eli mənasında olan Nazaret rəmzi də bilavasitə Nizar rəmzindən yaranmışdır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə sübut etmişəm ki, nizari, ənsari, nasara və s. rəmzləri, qədim Misir mənbələrində Nu-Usiri, Nu-Oziri kimi qeyd olunan Osiris Allahının Gel elinə aiddir. Bu gün pir, bəg, seyid, şıx adlandırılan Azəri müqəddəsləri də, ən qədim mənbələrdə nazorey, nasara, ənsar və s. kimi qeyd olunan yəhudi seçilmişləridir.
Quran yazır: «Məryəm oğlu İsa dedi: «Ey İsrail oğulları! Mən – məndən əvvəl Tövratda qeyd olunanların həqiqiliyinin təsdiqi kimi, Allahın sizə elçisi kimi gəldim.  Məndən sonra gələn və adı Əhməd olan elçinin xəbərçisi kimi gəldim. Sonra o açıq nişanələrlə gələndə onlar dedilər: «Bu – açıq cadugərlikdir» (Quran, 61:6).
Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. Ərəbi, varis rəmzi altında, Allahın “Kün” (“Ol!”) əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Kün” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı – imam Əli obrazında qəbul edir.
Məhəmməd peyğəmbər Özü mənbələrdə “iki dünyanın şahı” adlandırılır ki, bu da onun Aşağı (yer) və Yuxarı (göy) Misirin şahı olan Amon Allahının obrazında olması deməkdir. Sufi dahilərindən olan Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Kainatın qayda-qanununun təmin edilməsi ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın obrazı ilə yaradılmışdır. Göy insanı dedikdə, qədim Misirdə yaradılmış kosmik ölçülü Atum Allahı nəzərdə tutulur ki, sonrakı mənbələrdə Atum adı Adəm kimi qalmışdır.Deməli, pir, bəg, seyid, şıx və s. adlandırılan türk müqəddəsləri həqiqətən də adi insanlarda fərqli olaraq, Allahın obrazı ilə yaradılmışlar və ona görə də əvvəllər onların əmrləri həyata keçirdi.
Tövrata və s. yazılara görə də, ilk insan yarananda dünyanın bir başından o biri başına qədər olmuşdu və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Библ.Втор.4:32). Qədim Şumer mətnlərində Luqal kimi qeyd olunan bu kosmik ölçülü böyük insan eyni zamanda Allah rolunda göstərilir. Sufizmdə Luqal [L-QL] rəmzi “İlah-Eli” [LH-L] kimi də açıqlanır ki, bu da Allah (El-İlahi) [L-LH] rəmzi ilə eyni mənalıdır. Qədim yazılarda «Nam – Luqala» rəmzi altında, zaman başlanğıcında Göydən emanasiya kimi endirilən, əsrlər boyu bir şahdan digərinə fasiləsiz ötürülən və «Şah siyahısı» təliminin əsasını təşkil edən ilahi, vahid və əbədi «şahlıq» təlimi məlum idi. Bu isə o deməkdir ki, Kuti türklərinin nəsli elə Şumer Allahları olan Luqal nəslidir.
Mühiddin ibn Ərəbi də “Böyük İnsan” rəmzi altında kosmik Adəmi, yəni bədəni bütün varlıqları əhatə edən qədim Misirin Atum Allahını nəzərdə tutur və bu insanı Allah adlandırır. Belə çıxır ki, Məhəmməd peyğəmbər Luqal, yəni, qədim mənbələrdə Allah mənasında olan kosmik insandır.
Son dövrün tədqiqatçıları bildirirlər ki, Məhəmməd peyğəmbərin həyatı ilə İsa, Musa peyğəmbərlərin həyatında çoxlu oxşar cəhətlər var (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М.,2009,səh.46,37). On doqquzuncu əsrdə Polşa monastırında tapılmış “Yanıçarın yazıları”nda isə Məhəmməd peyğəmbər axirət günündə diriləcək insan kimi qeyd olunur. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də İsa peyğəmbər kimi, qədim mənbələrdə “ölüb-dirilən” Osiris, Attis, Adonis, Tammuz, Kibela Allahlarının obrazıdır.
Qeyd etmək istərdim ki, Mühəmməd [MH-MD] rəmzi sufizmdə “Maq-Mada” [MQ-MD], yəni “Midiya maqı” kimi də açıqlanır. Midiya şahlığının paytaxtı Ekbatan isə yəhudi dilində “Əhmət” kimi səslənir. Sufizmdə Əhməd [HM-D] rəmzi, Mehdi [MH-D] rəmzi kimi – Mada/Midiya [MD] rəmzləri ilə eynidir. Bu rəmz isə Adəm [DM] kimi də oxunur və bədənində ruhlar dünyası olan qədim Misirin Atum Allahı mənasını verir. Bildirmək istərdim ki, qədim hind, yunan, erməni və s. mənbələrində kosmik göy insanının bədəni ruhlar dünyası kimi qeyd olunur (“Batini-Quran”, B., səh.314). Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər, bədənində ruhlar dünyası olan qədim Misirin Atum Allahının obrazıdır.
Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır və yazdığımız kimi Osiris/Usiri Allahının eli mənasındadır. Quranda (25:38, 50:12-14) Rəsul rəmzi Ress əshabi və Ressli kimi də qeyd olunur və bizə bu rəmz Rus kimi də tanışdır. Rus rəmzinin indiki rus millətinə aidiyyəti yoxdur. Qədim mənbələrdə Rus rəmzi altında, Qafqaz dağlarındakı Günəş Allahın məbədgahı və Allahın taxtının yerləşdiyi ərazi başa düşülürdü («Книга Велеса»). Ruslar isə “ölümsüz və əbədi həyatı olanlar” adlandırılır. Rusların “Hümayun nəğmələri” abidəsində deyilir ki, bütün Rus torpağı qana bulaşmışdır və buranın hər daşında qan damlası var. Qan şırnağından başı göylərə çatan ağac yaradılmışdır. Onun gövdəsinin yanında isə göy Allahı Svaroq dayanır. Deməli, göylərədək yüksələn Rus torpağı dünya ağacı mənasındadır və o qandan yaranmışdır. Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Beytdə yerləşdirir və Allahın taxtı üçün sular yaradır. Bu isə o deməkdir ki, Quranda Rəsul kimi qeyd olunan Rus-Eli rəmzi – göydəki ruhlar dünyası mənasındadır və o qurban ruhlarından yaranmışdır. Sufizmdə Yerusəlim [RS-LM] rəmzi də İerus-Aləm [RS/LM], yəni “Rus aləmi” kimi də oxunur. İsrail də mənbələrdə Eres-İsrail, yəni Rus-İsrail adlandırılır.
Deməli, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” ifadəsi batinilərin “dili”ndə bu mənanı verir: “İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd – ondan yaranmış göydəki Osiris-Elidir (ruhlar dünyasıdır)”. Məhəmməd [MH-MD] rəmzinin Midiya [MD] və Adəm [DM] rəmzləri ilə eyniliyini də nəzərə alsaq, bu ifadəni – “Adəm (Midiya) ondan yaranmış Osiris Elidir” kimi də oxuya bilərik.
Tarixçi İ. Dyakonov yazır ki, Midiyada, babillilərin qalası olmuşdur və “başı göylərə çatan” bu qala mənbələrdə “Göy və yerin təməl evi” adlanırdı (И. Дьяконов, «История Мидии»,М-Л.,1956,səh.276-278,372). Babil rəmzinin “Allahın qapısı” mənasında olmasını nəzərə alsaq, başa düşərik ki, göy insanı olan Məhəmməd peyğəmbər məhz Midiya torpağında “ayağa” qalxmışdır. Quranda İsa peyğəmbərin: “məndən sonra Əhməd adlı elçi gələcək” deməsi, nizari nəslindən gələn və batini sirləri bilən sufinin, öləndən sonra göydə Adəmə çevrilməsi mənasındadır. Bu da Hz. Məhəmmədin və qədim yazılardakı İsa, Osiris, Attis, Kibela, Adonis və s. Allahların dirilməsi deməkdir. Kiçik Asiyada Attis, Kibela, Adonis və s. Allahların ölüb-dirilməsi bayramı Gilar bayramı adlanırdı (Ем. Ярославский, «Как родятся, живут и умирают Боги»,М.,1941,стр.83,86).
Tarixçi M. Xorenatsi “Ermənistan tarixi” kitabında batinilərin Gel elini GelarKüni adlandırır ki, bu da Adəmin məhz burada Allahın “Kün” əmri ilə yaradılması deməkdir (I Kitab,böl.12). Onun və digər tarixçilərin yazdığına görə, mənbələrdə Alu, Aqu, Qavaon, Aquank və s. kimi qeyd olunan Albaniya ölkəsi vərəsəliklə Gelarküni nəslindən kiməsə əbədi olaraq verilmişdir. Albaniya rəmzi, qədim Misir mənbələrində Ba (islamda Bəsmələ), Benu ruhları üçün göydə yaradılmış El mənasındadır. Bu isə o deməkdir ki, Geliopol göylərində yaradılmış Mələküt aləmi əbədi olaraq Gel türklərinə verilmişdir. İsrail oğulları dedikdə də Gel göylərindəki Oziri/Osiris Elindən gələn və bu gün Azər Elində yaşayan türklər nəzərdə tutlmalıdır. Quran kitabı da məhz bu bəg-ərənləri üçün göndərilmişdir.
Bu yazılanlar Quranın batini mənasıdır (təvil) və ən qədimlərdə bunları yalnız seçilmişlər bilirdi. Bu gün isə hamı üçün açıqdır. Quran yazır: «Onlar haqqındakı hekayələrdə ağıl sahibləri üçün ibrətlər var: bu (Quran) uydurma bir şey deyildir, ancaq ondan əvvəl göndərilənlərin həqiqət olduğunu təsdiq etmək, hər şeyə izah vermək üçündür, iman gətirən tayfa üçün hidayət və mərhəmətdir!… Onlar, elmini qavraya bilmədiklərini və yozumu onlara heç gəlməmiş bir şeyi yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların axırı necə oldu!. Həqiqətən, bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)… İçərilərində elələri var ki, Quran oxuyarkən səni dinlər. Lakin Biz onların ürəklərinə örtük, qulaqlarına karlıq endirdik ki, onlar onu başa düşməsinlər. Hərçənd ki, onlar bütün əlamətləri görərlər, lakin ona inanmazlar…, «Bu ilk insanların nağıllarıdır» deyərlər və s. (Quran, 12:111, 10:39, 27:76,77, 6:25).
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.