XEYİRXAHLIĞA BƏLƏNMİŞ ÖMÜR


TEYMUR KƏSƏMƏNLİ – 50164_n
Yusif Dirli
Dirili Qurbani Məclisinin sədri, şair-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Mən sədaqətli dost kimi dəyər verdiyim və bu mənada dəfələrlə sınaqdan üzüağ, alnıaçıq çıxan Teymur bəyi xatırlayanda, hələ tələbəlik illərində yazdığım aşağıdakı şeir parçası gəlib durur gözlərimin qabağında.Dostluq  bir qaladır, düşünsək əgər
Alınmaz qalaya hansı quş cəkər?
Sədaqət ipini qaçırsaq əldən,
Təməli bərksə də uçrulub gedər!

Teymur Kəsəmənli ilə bizi birləşdirən daha çox xeyirxahlıq və təmənnasızlıqdır. Böyük Azərbaycan filosofu Asif Ata insan ömrü üçün təmənnasızlığı hadisə hesab edirdi. Mən bu keyfiyyəti Teymurda dəfələrlə duymuşam. Onun ürək qızdırdığı milli – mənəvi insan, kimliyindən asılı olmayaraq Teymur bəyin təmənnasız xeyirxahlığından şəksiz bəhrələnibdir. O, ürəyini sevgi dolu istəklə münasibətdə bulunduğu hər kəsə verməyi bacarır. Orası da var ki, gözündən düşdün, qurtardı. İlk baxışda onu qəbul etməyə bilərsən, fəqət daha yaxın tanışlığın, hər halda “Teymur ürəyi təmiz adamdır!” qənatinə  gəlməyi sənə diqtə edəcək. Kinli deyilsə də, namərdi, haqsızı, bir sözlə, pisi bağışlamaq xasiyyətinə yaddır. Belə haldan eymənir.

Teymur Kəsəmənlini tanımağımın qəribə bir tarixi var. Ötən əsrin sonlarında dövri nəşrlərdə ardıcıl çap olunan müəlliflərdən biri idim. O zaman “Gənclik PS” qəzetinin (baş redaktoru, qələm dostum Kərim Kərimli) əlavəsi kimi “TƏBİƏT” adlı aylıq qəzet buraxırdım. Həmin dövrdə “Gənclik PS”-in müxbiri Pünhan Əzizov  (hazırda “Region-media” qəzetinin baş redaktoru) mənə Teymur haqqında danışdı. Qeyd edim ki, həmin illərdə mən Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində şöbə müdiri vəzifəsində çalışırdım. Eyni zamanda mərkəzdə açılmış “Ekoloji jurnalistika” kursunun rəhbəri idim. Pünhan Teymurun kursa yazılmaq istəyini bildirdi. Etiraz etmədim. Növbəti gün o, artıq kursda dinləyici kimi iştirak etməyə başladı. İlk dövrlərdən redaktə və korrektə işlərində ciddi çalışdıq. Mətbu orqanlarda təcrübə keçməsi üçün indiyəqədərki əlaqələrimiz işə yaradı. Az – çox nəticə özünü göstərdi. Başlanğıcda səbirsiz olsa da, sonralar usanmadan öz üzərində işləməsi ona yaşına baxmayaraq, jurnalistika sahəsində irəliləmə imkanı verdi. Bir gün qəzet təsis etmək arzusunu mənə söylədi. Təsis edəcəyi qəzetə maraqlı ad da seçmişdi: “Eko-İnter!” “Asif Atanın təbiət görüçləri” adlı çoxdan arzusunda olduğum bu mövzunun ilk variantını məhz bu qəzetdə dərc etdirdim. Belə demək mümkünsə, bu qəzet həm də Teymurun birinci sınaq debütü idi bir naşir kimi. Çox keçmədən o, qəzeti beynəlxalq əhəmiyyətli ictimai -siyasi jurnala çevirdi. Amma bu nəşrdə ən çox ekoloji mövzuda elmi istiqamətli məqalələr yer aldı. O, yorulmadan müvafiq elmi – tədris müəssisələrilə yaradıcılıq əlaqələrini genişləndirdi. “ EKO – İNTER ” cəmiyyətdə yeni ekoloji nəşr kimi tanındı. Ekoloji nəşrin sahibi kimi T. Kəsəmənli (əvvəllər Teymur Məmmədzadə imzası ilə yazırdı – Y. D.) mütamadi olaraq ekolji tədbirlərə dəvət alırdı. İndi onun ətrafı daha geniş və sıx idi. Ekoloji maarfçilik sahəsindəki xidmətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iki dəfə pul mükafatı ilə qiymətləndirildi. Özəl sektorlarla da ciddi əmıəkdaşlıq qurdu, bir neçə layihədə uğurla iştirak elədi. “ EKO – İNTER” in internet saytına beynəlxalq nəşr kimi dünyanın müxtəlif qütblərindən ardıcıl məktublar, məqalələr gəldi. Sonra o, paralel olaraq ufologiya sahəsinə maraq göstərir. Fizika-riyaziyyat elmləri doktoru, ufoloq Fuad  Qasımovla  əməkdaşlıq edir. Sonra üç – Azərbaycan, rus, ingilis dillərində nəşr olunan “ UNO ” adlı jurnal təsis edir və nəşrin saytını yaradır. Daha sonra rəhbərlik etdiyi “ İSKRA” saytını qurur. Hər biri də maraqlı və işlək bir portala çevrilir. Teymur Kəsəmənli texniki yaradıcılığa meyilli və bu işi yaxşı bilən insandır. Kompüteri sıfırdan başlayaraq  mükəmməl öyrənməyə çalışmış və əsasən buna nail olmuşdur. Jurnalistikaya və tətbiqi ekologiyaya marağı da çoxdur. Odur ki, hər birindən müəyyən qədər mənimsəyə bilib. Ekoloji jurnalistika təhsilinə sonralar həm də  ATƏT-in nəzdində yaradılmış kurslardan ” EURASIA MEDIA CENTRE FOR THE TRANING OF TV & RADIO JOURNALISTS ” bitirməklə yiyələnib. Yeri gəlmişkən, Dirili Qurbani Məclisinin internet vasitəsilə dünyaya çıxışı Teymur Kəsəmənlinin yaxından himayəsilə mümkün olub. Saytın qurulması, materialların yerləşdirilmsəsi kimi məsələləri o həll edib. İlk  dövrdən Qurbani Məclisinə təmənnasız olaraq köməyini əsirgəməyən Teymur bəy, məclisin kütləviləşməsində böyük  rol oynayıb. Şair və yazıçıların yaradıcılıq nümunələrini dəfələrlə “ EKO – İNTER” dərgisində dərc edib, öz saytlarında və məclisin saytında yerləşdirməklə onlara qayğı göstərib. Vaxtaşırı üzvü olduğu Qurbani Məclisinə gəlməklə bərabər, yeni yaradıcı insanları (Məsələn, Moldovda yaşayan həmyerlimiz, istedadlı şair Məhəbbət Didərgin onun təqdimatı əsasında məclisə gəlib və bizimlə əməkdaşlığa qoşulub) cəlb etməsi, dəyərli tövsiyyələri hər zaman bizim üçün əhəmiyyətli olub.
Teymur Kəsəmənli Azərbaycana və Türk dünyasına görkəmli şəxslər (Qacaq Kərəm, İsrafil Ağa, Hüseyn Arif, Nəriman Həsənzadə, Nizami Cəfərov, Nüsrət Kəsəmənli və s.) bəxş etmiş Ağstafa rayonunun Kəsəmən kəndindəndir. Bəlkə ona görədir ki, canında və ruhunda yaradıcı qüvvənin işartıları daim özünü göstərir.
Teymur Kəsəmənli Azərbaycana təhlükəli qida məhsullarının, xüsusilə GMO (geni modifikasiya olunmuş) mənşəli transgen orqanizmlərin gətirilməsinə qarşı çıxan və mübarizə aparan elm adamları ilə bir sirada dayanıb: Öz süngüsü – dərgisi və sözünün döyüşü ilə. Telekanallardakı çıxışları, qardaş  Türkiyədəki beynəlxalq konfranslarda iştirakı, tanınmış ekolq – alimlərlə (Elxan Əliyev, Zülfüqar Məmmədov, Ələddinn Əsgərov, Eldar Hüseynov, Yusif Dirili və b.) həmmüəllif kimi rəsmi qəzetlərdə məqalələrinin dərc olunması bir daha göstərir ki, o düz yoldadır və daim millətimizin sağlamlığı keşiyindədir. Ümumtürk sevgisi onu bu birlik  adına tanınan bəşəri türk təşkilatlarına ruhən yaxınlaşdırıb və bu cür ümum türk birliklərindən birində təmsilçiliyini təmin edib.
Teymur bəyin ürəyində olmadığı kimi, dilindədə yaxşı adamlar və dostlar  üçün “ Yox! ” kəlməsi yoxdur. O, sanki xeyrxahlıq naminə yaranıb. Zarafatları da əməllərində olduğu qədər ciddidir. Hər adamla zarafatı sevməsə də, zarafatı tutanla tünd davranmağı adama təəccüblü görünmür. Bağlandığı adama qəlbini hədiyyə etməyi xoşlayandır. Çalışdığı kollektivdə sevilir, bu, bir tərəfdən xarakteri ilə əlaqədardırsa, digər tərəfdən peşəsini qaydasında bilməsilə bağlıdır. Mən onu 15 ilə yaxın bir zamanda beləcə tanıdım. Dost kimi könül verdim.  15 il qabaq mənim 39, onun isə 37 yaş var idi. Ötən 15 il bizi zahirən az – çox dəyişsə də,  xaraktercə dəyişə bilmədi. Eləcə qaldıq. Dostum Teymur da, mən də. Biz dözdük, Vaxt dözmədi: Xəzana gedən yollarımıza yaşılı – sarı 15 yarpaq ələdi.   Yaşımızın üstünə tökülən yarpaqların sayı beləcə artıb çoxaldı. Məndən sonra O da, 50 Yaşın şirinliyini daddı. Bu tamın mübarək, əzis dostum! Şəxsi ailə həyatı ilə bərabər Sənə uzun ömür, can sağlığı,  Sənin timsalında Azərbaycanımıza və bütövlükdə Türk dünyasına xoşbəxt həyat diləyirəm! Qayğılar göstərdiyin, sevərək təbliğ etdiyin Dirili Qurbani Məclisi adındandır həm də bu diləklər. Ulu Dirili Dədə Qurbaninin Ruhu heç zaman başının üstündən əskik olmasın. Və əlbəttə, qoy aşağıdakı şeir sənin möhtəşəm yubileyinə mənim tərəfimdən bir dost hədiyyəsi olsun: 
Mübarəkdir yubileyin ,
Yaşın mübarək, qardaş.
Əllinci baharındır,
Ömrü gül-çiçək qardaş.
 
Ad qoydun bu cahanda
Dadın qaldı dəhanda.
Heyf, dövrü-zamanda
Hökm edir kötək, qardaş.
 
İsmin düşüb dillərə
Yatmısan könüllərə.
Hər gələn nəsillərə,
Örnəksən, örnək, qardaş.
 
Yaratmaqla doymadın,
Qələm yerə qoymadın,
Bədniyyəti saymadın,
Yaxşıya kömək qardaş.
 
Sevdin bəşəri, türkü
Bilmədin qorxu, hürkü
Qəlbin qardaşlıq mülkü,
Ürəyin ipək, qardaş
 
Qismət oldu bu arzu
Gətirdin baharı, yazı!
50 nədir, ən azı
100-nü görək, qardaş.
 
Yusif deyib dost sənə
Gəlmişik gözəl günə.
Sevinclə dolub yenə,
Sinəmdə ürək, qardaş!