ABİD ŞƏRİFOVUN QARDAŞI OĞLU TELERADİO İSTEHSALAT BİRLİYİNİ ŞƏXSİ MÜLKİ HESAB EDİR


s3 Teymur

Birlikdə çalışan elektromexanik Teymur Məmmədzadə haqqını tələb etdiyinə görə direktorun təzyiqləri ilə üz-üzə qalıb
T. Məmmədzadənin Prezident Aparatına ünvanladığı şikayət məktubları karusel üsulu ilə baş direktorun üstünə qayıdır
Məlum olduğu kimi, Teleradio İstehsalat  Birliyi ölkənin əsas strateji obyektlərindən hesab olunur.  İnformasiya və texnologiyaların cəmiyyətdə rolunun gündən-günə yüksəlməsi  bu birliyin də nüfuz və çəkisinin yüksəlməsinə səbəb olmuşdur. Onu da qeyd edək ki, burada  işin çoxnövbəli olması, xüsusi diqqət və bacarıq tələb etməsi  mütəxəssislərin də xüsusi diqqətlə seçilməsini və onlara qayğı ilə yanaşılmasını tələb edir. Çünki birlik bütün gün ərzində ölkənin bütövlükdə televiziya və radio yayımlarına məsuliyyət daşıyır. Burada iş rejiminin bir anlıq pozulması informasiya məkanının iflic olması deməkdir. Amma təəssüf ki, vaxtilə saat kimi dəqiq işləyən bu birliyə də indi korrupsiya,  yerlibazlıq və digər neqativ hallar nüfuz etmişdir ki, bu adıçəkilən qurumda narazılıqlara səbəb olmuşdur. Xatırladaq ki, birliyin baş direktoru baş nazirin müavini Abid Şərifovun qardaşı oğludur. Əmisinə güvənən direktor tabeliyində işləyən şəxslərlə istədiyi kimi rəftar edir, özünə yaxın olanları “xüsusi qayğı və sevgi” ilə əhatə etdiyi halda, uzun illər bu sahədə çalışanları gözümçıxdıya salmaqdan çəkinmir. İş o yerə çatıb ki, birliyin Bakı radio-televiziya yayım filialının işçisi 8-ci dərəcəli elektromexanik Teymur Məmmədzadə adıçəkilən təşkilatda baş verən qanunsuzluqlarla bağlı bir neçə dəfə direktora rəsmi məktubla müraciət etdikdən və müraciətlərinə qənaətbəxş cavab almadıqdan sonra Prezident Aparatına müraciət etmək zorunda qalıb. Birinci dəfə 17. 07. 2013, ikinci dəfə isə 02. 08. 2013 tarixində ölkə başçısına rəsmi məktub göndərib.  T. Məmmədzadə  Yazır: “Mən 1986 – 1990 cı illlərdə Sumqayıt Kimya Texnologiya Texnikumunun Texnik – Elektromexanik fakultəsində təhsil almışam. 1996 – 1998 illərdə isə Bakı Menecer Kollecinin Hüquqşunaslıq ixtisasını bitirmişəm. 01. 12. 2008 – ci ildən Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin Teleradio İstehsalat  Birliyinin filialı olan Bakı  Radio Televiziya Yayım filialının Avtomatika qrupunda 8 – ci dərəcəli elektromexanik vəzifəsində çalışıram. Faliyyət göstərdiyim qrupda 5 il ərzində üzərimə düşən işləri tam məsuliyyətlə yerinə yetirmişəm. Heç vaxt rəhbərlik tərəfindən məzəmmət və töhmət almamışam. Amma artıq birlikdə baş alıb gedən qanunsuzluqlara dözə bilmirəm. Yuxarıda qeyd etdiyim kimi, bizim iş çoxnövbəlidir, əsas və çətin işləri bizlər görürük. Lakin gecə növbəsindən xəbərləri olmayan, növbədə olmayan bəzi şəxslərin (Təbii ki, Əflatun Şərifova yaxın olan adamların) gecəBashDirektor saatları qeydə alındığı halda, bizim gecə saatlarımız nəzərə alınmır. Əflatuna yaxın olanlar bəzən işə gəlmədikləri halda belə, guya həftənin 5 gününü işləyirlər. Mən isə məzuniyyətə gedənləri, işə gəlməyənləri  əvəzləyib, növbəmin dəyişilməsinə məhkum edilirəm. Bütün ölkədə 8 saatlıq qanunu iş rejimi olduğu halda, bizi 12 saat işləməyə məcbur edirlər. Hər növbədə əlavə 4 saatın əmək haqqı ödənilmir. Mən bununla bağlı iradlarımı birliyin baş direktoruna bildirdikdə isə məni növbədən kənarlaşdırmaq, yenidən imtahanla sınağa cəkmək  barədə xəbərdarlıq edildi. 5 il işlədiyim müddətdə 1-ci və 2-ci növbədə 12 saat işləməyimə baxmayaraq, 9.00- dan 18.00 – a qədər qeyd edilib. Gecə növbətçiliyi isə 21.00- dan 9.00- a qədər 8 saat yazılmaqla bitir. Bununla yanaşı, məznuyyətə cıxan zaman işçiyə əlavə yardım kimi verilən bir maaş da ləğv edilib. İsdədikləri vaxt məni cəkinmədən təzyiq və təqiblərə məruz qoyurlar”.
T.Məmmədzadə onu da məktubunda qeyd edir ki, birlikdə dərəcələrin verilməsində tam özbaşınalıq hökm sürür. Filial müdirlərinin səlahiyyətlərini mənimsəyən Əflatun Şərifovun yalnız şəxsi göstərişi ilə dərəcələr artırıla bilir. Məktubda daha sonra deyilir: “Maddi vəziyyətim ağırdır, özüm də kirayədə yaşayıram. Bunu və işə məsuliyyətli yanaşmağımı nəzərə alaraq ixtisas dərəcəmin və əmək haqqımın qismən artırılması üçün Bakı Radio Televiziya Yayım filialının rəisi Namiq Şirinova müraciət etdim. Amma N. Şirinov belə bir səlahiyyətinin olmadığını bildirdi və dedi ki, işçilərin dərəcəsinin yüksəldilməsi birbaşa Birliyin baş direktoru Əflatun Şərifovun səlahiyyətinə aiddir, ondan xahiş edərəm, əgər razılıq verərsə, məsələni həll edərik. Mən çarəsiz qalıb bir necə ay gözləməli oldum. Lakin məsələnin  baxılmamış qaldığını gördükdə məcbur olub bu barədə 13. 08. 2012-ci ildə Əflatun Şərivova rəsmi ərizə ilə müraciət etdim. O, məni qəbul edib dinləsə də,  “mən sizin rəisiniz deyiləm və siz də Birliyin işçisi deyilsiniz ki, dərəcənizi yüksəldəm, çalışdığın idarənin rəisi var, ona müraciət et”, – dedi.
Ə. Şərifov çalışdığım filialın  Birliyin tabeçiliyində olmadığını sübut etməyə çalışsada, RTY-nin rəisi N. Şirinova müraciət etməli olduğumu bildirdi. Mən ona filial müdirinin dediklərini bildirdikdə, o çox kobud şəkildə məndən kabineti tərk etməyi tələb etdi. Belə olan halda, mən  nəyə görə komissiya təşkil olunmadan cəmi bir il işləyən başqa bir işçinin dərəcəsinin yüksəldilməsini, həmçinin öz ətrafına cəmləşdirdiyi, amma çalışdıqları sahədə heç bir anlayışı olmayan yaxınlarına mühəndislik və böyük elektromexanik dərəcəsinin verilməsini irad tutdum. Və bildirdim ki, 5 il işləyəndən sonra dərəcəmin artırılmasını tələb etmək hüququm  var. Bu zaman Birliyin baş direktoru Ə. Şərifov səsini qaldıraraq  “mən bilmərəm, vaxtımı alma, özün də hara istəyirsən şikayət et! ” deyə üstümə qışqırdı.
Məktub müəllifi baş verən qanunsuzluqlar, komissiya tərəfindən imtahan götürülmədən mühəndis və böyük elektromexanik dərəcələrinin artırılması və digər haqsızlıqlar barədə Ə. Şərifova dəfələrlə məlumat verilsə də, hec bir nəticəsi olmadığını bildirir.
Çox qəribədir, T.Məmmədzadə baş direktorun yol verdiyi qanunsuzluqlar barədə ölkə başçısına və Prezident Aparatına ünvanlanan məktublarının sonda yenə Əflatun Şərifovun üstünə qayıdıb gəldiyini bildirir. Nəticədə Ə.Şərifovun qanunsuz əməllərinin qarşısının alınması əvəzinə, Ə.Şərifov T. Məmmədzadənin məsələsini iclasa çıxarıb. 25. 07. 2013-cü ildə keçirilən iclasda Ə.Şərifov T. Məmmədzadəni şikayət məktubu yazmaqda günahlandıraraq bunun yolverilməz olduğunu bildirib.  Lakin T. Məmmədzadəyə öz sözünü deməyə imkan verməyib. T. Məmmədzadə sonda dərəcələrin qeyri-qanuni verildiyini söyləsə də, baş direktor onu otaqdan çıxarıb.
Həmin gün bir çoxları elə güman edib ki, Ə. Şərifov T. Məmmədzadəni işdən çıxarıb. Lakin T. Məmmədzadə nəinki, geri çəkilib, hətta öz haqqını məhkəmələrdə qoruyacağını bildirib.
(Davamı var)