QALMASIN BELƏ ŞƏRƏF…


0016Mövqe
Rövşən Yerfi
“Daş yuxular” ətrafında gedən geniş müzakirələrdən yarım ilə yaxın vaxt ötsə də , yenə ara-sıra bəzi mətbuat orqanları, o cümlədən bir çox saytlar xalqa Əkrəm Əylislini unutmağa imkan vermirlər. Elə bil bir sehrli əlin köməyi ilə bu Aqulisli yazıçı reytinq, əlavə oxucuya ehtiyacı olan bu və ya digər kütləvi informasiya vasitələrində, internet radio və televiziyalarında mütəmadi görünməkdə davam edir. Məramı və məqsədi irəlicədən bilinən belə müsahibələrdə söhbət zamanı bir qayda olaraq mövzudan kənara çıxaraq mütləq “Daş yuxular” xatırlanır və hər dəfə də yazıçı tərəfindən xalqa təlqin edilir ki, o, bu əsəri yazmaqla Azərbaycan türkünün şərəfini yüksəltmişdir.
İlin əvvəlindən “Daş yuxular” barəsində ictimaiyyət içərisində hərtərəfli müzakirələr aparıldığından deyilənləri təkrarlamaq niyyətindən uzağam. Sadəcə bu yazıda oxuduğum və dinlədiyim davamlı müsahibələrdən aldığım təəssüratlardan yaranmış öz şəxsi fikirlərimi bildirmək istəyirəm. Üstündən xeyli zaman keçməsinə baxmayaraq, bu gün də suallar verilərkən yazıçı konkretlikdən yayınır. O, gah əsərinin qəhrəmanı ilə xalqın üzünü ağ etdiyini bildirir, gah da obrazın düşüncələrinin arxasında dayanmayıb müəllifə dəxli olmadığını söyləyir. Onun əsər boyu ermənilərə nümayiş etdirdiyi sevgisinə birtəhər dözmək mümkündür. Amma, sonda qəhrəmanın öz dinini atıb qriqoryanlığa keçmək arzusunu şəxsən mən heç cürə qəbul edə bilmirəm. Budurmu milləti şərəfləndirmək?..
Əsərdə yazıçı “Leyli və Məcnun”u xatırlamaqla sanki, özünün də Məcnunu olduğu ermənilərin tərəfinə qoşulmasına mənəvi haqq qazandırır.
Bu müsahibələrdə bir maraqlı cəhəti də müşahidə etmişəm. Dəfələrlə klassiklərdən nümunələr gətirən Aqulisli yazıçı görkəmli dramaturqumuz Cəfər Cabbarlının “atan kazaklardır” ifadəsini heç vaxt dilinə gətirmir. Ümumiyyətlə Rusiyanın baş verən milli zəminli münaqişələrdə iştirakına dair suallardan hər vəchlə qaçınır, bu haqda düşünməyə hövsələsi belə çatmır. Əslində isə tarixdən də hamıya məlumdur ki, ermənilərlə türklər arasındakı düşmənçilik Rusiyanın Qafqaza gəlişi ilə alovlanmışdır. Sonra da fəxrlə bildirir ki, filan-filan rus yazıçıları mənə təşəəkkür yazmışlar. Gəl yazmasnlar, özgə millətə aid ləkəni öz üzərinə götürəndə (onların istədikləri elə bu deyilmi?) əlbəttə yazmalıdırlar…
Son vaxtlar Əkrəm Əylisli haqqında danışılarkən yadıma qonşu məhəllədə yaşamış Qodmalı deyilən bir nəfər düşür. Onu heyrətləndirici xüsusiyyətlərinə görə qonşuları o qədər də xoşlamırdılar. Qəribə işlərindən biri də bu idi ki, Qodmalı gündüzlər əsəbiləşəndə arvadını “fahişə” adlandıırırdı, gecələr isə həyat yoldaşı kimi yaşayırdı. Öyrənmişdilər ki, Qodmalının arvadının cavanlığında bir-neçə uğursuz məhəbbət macərası olub, sonra iş elə gətirib ki, Qodmalı onu alıb. İndi də Qodmalı əsəbiləşəndə böyük etiraf edirmiş kimi başqaları deyincə özü deyib həqiqətsevərliyini göstərirmiş. Camaat isə Godmalıya mat qalmışdı: əgər fahişə hesab edirsənsə niyə arvadın kimi saxlayırsan, yox arvadındırsa fahişə niyə çağırırsan..?
Əkrəm Əylislinin “Daş yuxularda”kı mövqeyi, vəziyyəti də təqribən bu misala oxşardır: xalqım deyirsənsə niyə onu qatil, qaniçən göstərirsən? Yox , əgər belədirsə bunun nəyi şərəfdir? Qalmasın belə şərəf…
Sonda üzümü jurnalist həmkarlarıma tutub xahiş edrəm, ucuz sensasiya xatirinə ahıl yaşlı bu yazıçını müsahibələr üçün çox ora-bura çəkməyəsiz. Haqqsız olduğunu, günahını onsuz da heç vaxt boynuna alan deyil. Birdən nəyisə etiraf etsə nə xeyri? Daldan atılan daş topuğa dəyər…