MƏHƏMMƏD PEYĞƏMBƏR – NURDAN YARADILMIŞ AZƏR ALLAHDIR


37007_nFirudin Gilar Bəg
                                            “Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri.
                                             Küfr içində İman vardır, seçə bilirsən gəl bəri”
                                                                                    Şah İsmayıl Xətai
Bu gün artıq hamıya məlumdur ki, Quranın zahiri mənasından başqa, yeddi qat dərinliyə malik batini mənaları vardır. Zahiri İslamın 1400 yaşı varsa, batini İslamın 5500 yaşı var və o Şumerdən başlanır (bax. “Həqiqi İslam Şumerdən başlanır”, sayt: http://gilarbek.blogspot.com/2013/02/hqiqi-islam-sumerdn-baslanr.html). Gizli mənalara malik Batin elmini qədimdə yalnız sufi pirləri (batinilər) bilmişlər. Bu elmi bilməyən insanların qədim yazılara izah verməsi isə zahiri məntiqin insanlar arasında əsas məna kimi qəbul olunmasına və Adəmin cənnətdən qovulmasına gətirib çıxarmışdır. Bu məqalədə mən Məhəmməd peyğəmbərimizlə bağlı həqiqətlərin Batin elmi ilə izahını verəcəyəm.
Məhəmməd peyğəmbərin mənbələrdə “İki dünyanın ağası” adlandırılması onu göstərir ki, O qədim Misirdə Ra-Amon adlandırılan Allahın obrazıdır. Çünki Misir mənbələrinə görə, məhz Ra-Amon Allahı göydə ruhlar dünyası olan Qeb (İslamda Qeyb) dünyasını yaradaraq, onun və yerdəki Misirin Allahına çevrilmişdir. Quranda Ra-Amon Allahı Rəhman kimi qeyd olunur və bu da sufizmdə eyni mənalı adlardır. Deməli, Məhəmməd peyğəmbərin obrazı elə Rəhman Allahın obrazıdır. Bu fakt Quranda xüsusi nəzərə çatdırılır: “Peyğəmbərə itaət etmiş Allaha itaət etmiş olur… Sənə (Məhəmmədə) biət etmiş (and içmiş) olanlar Allaha biət etmiş olur…” (Quran, 4:80, 48:10). Hədislərin birində bunu Məhəmməd peyğəmbərin özü də açıq bildirir: “Kim ki, mənə itaət edir, Allaha itaət edir; kim ki, mənə itaət etmir, Allaha itaət etmir; kim ki. hökmdara itaət edir, mənə itaət edir, kim ki, hökmdara itaət etmir, mənə itaət etmir”. Belə çıxır ki, Məhəmməd peyğəmbər hökmdarlar hökmdarı, yəni şahlar şahıdır. Bu isə bilavasitə Rəhman Allahın tituludur.
Qurana görə, Məhəmməd peyğəmbərə Allah nuru verilmişdir ki, Mühiddin ibn Ərəbi bu nuru “Həqiqə Məhəmmədiyə”, yəni Haqq-Məhəmməd adlandırır. Haqq isə Allahın adıdır. Deməli, sufilərə görə də Məhəmməd peyğəmbər Allahın obrazıdır. Hədislərin birində Məhəmməd peyğəmbər deyir: “Şəriət – mənim sözlərim, təriqət – mənim əməlim, həqiqət isə mənim daxili vəziyətimdir”. Peyğəmbərin daxili vəziyyətinin həqiqət, yəni haqq olması, onun bədəninin, bütün yer kürəsini əhatə edən ilkin materiyadan (dirilik suyu, İlahi od və s.) ibarət olması deməkdir.
Quranın 69-cu surəsi “əl-Haqqa” adlanır və burada, bu rəmzin çox dərin mənada olması nəzərə çatdırılır: “O Haqq olan! Nədir o Haqq olan? O Haqq olanın nə demək olduğunu bilmək sənə nə verəcək?” (Quran, 69:1-3). Bizim “Haq” kimi ifadə etdiyimiz söz qədim Misir yazılarında Xak/Xeka kimi qeyd edilir və Misir ölkəsinin başçısına, Allahına aid edilirdi. Onun qulları isə baka/bəqa adlanırdı ki, bu da bəg mənasını verirdi («История Древнего Востока», М.,1988, том II, səh.338). Misir mənbələrində “Haqq” rəmzi Maat Allahı ilə əlaqələndirilərək axirətdə zühur edəcək Mehdi obrazına da şamil edilirdi. Belə ki, qədim mətnlərdən birində, Yerdə və Göydə olan Maat Allahı İsidaya deyir: “[Öz] uşağınla, oğlunla gizlən və ona bu şeylər açılacaq. Onun üzvləri inkişaf edəcək və bütün gücləri, iki dəfə çox olacaq, [onda] ayılacaq. [Və o] öz atasının taxtında oturacaq, və [ona görə] qisas alacaq, [və o] İki şahlıqda (Aşağı və Yuxarı Misir) Xek yüksək vəzifəsini tutacaq” (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.125). Deməli, Haqq (Xek) olan Məhəmməd peyğəmbər eyni zamanda axirətlə də bağlıdır.
Məhəmməd adının “Məd” hissəsi qədim Misirdəki Maat Allahının adı ilə eyni mənalıdır. İslamda Maat rəmzi – “Maad” və “Muta” rəmzləri kimi qeyd olunur və qayıdış mənasında gələcək həyat, məhkəmə günündən sonrakı dövr və s. deməkdir. Belə çıxır ki, Məhəmməd peyğəmbərin obrazı eyni zamanda axirətdə zühur edəcək Mehdinin obrazıdır.
Qədim Misir mənbələrinə Maat rəmzi – həqiqət, qayda-qanun, etik norma, Allahın təbiətdəki və cəmiyyətdəki təyini və s. mənalarında qeyd olunur (М. А. Коростовцев, «Религия древнего Египта», М., 1976, səh.142). Misirlilərin “Memfis İlahi traktat”ına görə, Allahların yaranışı, İlahi qayda-qanunun yaranışı ilə eyni zamanda baş vermişdir. Bu zaman yaxşı-pis arasındakı sərhəd, göy dünyasının yaranması, orada yaşama qanunları, mədəniyyət, sənət, qidalanma və s. hamısı Ptah Allahının Maatı yaratdığı zaman əmələ gəlmişdir və məhz bundan sonra Ptah Allahı dincəlmişdi (Г.Франкфорт, Г. А.Франкфорт, Дж. Уилсон, Т.Якобсен, «В преддверии философии», М., 1984, səh.69). Mənbələrdə Ptah (Fateh, Yafət rəmzləri) adlandırılan Allah – firon Amonun (Ra-Amon) sözü və fikri mənasını verirdi.
Digər tərəfdən, qədim Misir mətnlərində Maat həqiqəti – haqq məhkəməsinin rəmzi sayılırdı. Belə ki, əgər insan “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsız və pakdır və o yenidən dirilib Yaru çöllərində (cənnətdə) xoşbəxt yaşayacaqdır (У.Бадж. “Египетская религия. Египетская магия” М.2000, səh.358). Mənbələrə görə, insan öləndə, onun ruhu göy cənnətinə (Yuxarı Misir) qalxaraq, oradakı hakimləri inandırmağa çalışır ki, mən şahımı, atamı, Allahı məyus etməmişəm. Bundan sonra tərəzinin bir gözünə ölənin həyat fəaliyyətinin və mənəviyyatının rəmzi olan ürəyi, digər gözünə isə həqiqət rəmzi olan Maat lələyi qoyulur (Б.А.Тураев, “История Древнего Востока», Л., 1935, том I, səh.283). Deməli, Məhəmməd peyğəmbərin obrazı haqdan, həqiqətdən yaranmış Maat Allahının obrazıdır və o – “Həqiqət mənim daxili vəziyyətimdir” deməklə, özünün Haqq, Allah olmasını, yəni İlahi nurdan yaradılmasını nəzərə çatdırır.
Maat rəmzi Batin elmində qədim Misirin Atum Allahının adı ilə eyni mənalı rəmzlərdir ki, alimlərə görə Atum elə Adəmdir. Tövratda kosmik ölçüdə göstərilən Adəmi məşhur sufi Mühiddin ibn Ərəbi də Allah kimi təsvir edir və “Xəlq edilmiş” adlandırır. Sufilər dahisi Qəzaliyə görə, Allah mənasında olan bu nəhəng göy insanı elə Məhəmməd peyğəmbərdir. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə isə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs – Adəmin bədənindədir. Belə çıxır ki, Məhəmməd peyğəmbərin obrazı, qədim Misirdə Maat/Atum adlanan və bədəni ilə bütün varlıqları əhatə edən kosmik insanın obrazıdır.
Fiva məbədindəki yazıda bildirilir ki, Maat – böyük Allahların vaxtında Göydən yerə enmiş və yerdə yaşayanlarla birləşmişdir (М.А.Коростовцев, «Религия древнего Египта», М.,1976, səh.142). Maatın göydən yerə enməsi və yaşayanlarla birləşməsi, çar hakimiyyətinin göydən yerə enməsi ilə bağlıdır ki, Şumer mənbələrinə görə bunlar Midiya sakinləri olan Kutilər (Qut/Xuda) nəslinin hakimiyyətidir (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980, səh.146).
Batin elmində Məhəmməd rəmzi Maq-Mada kimi açılır ki, sufilər bunu Midiya maqı kimi də oxuyurlar. Lakin maq rəmzi eyni zamanda qam, yəni şaman rəmzi ilə də eyni fikri bildirir. Şamanın qamlıq vəziyyəti – onun ekstatik durumda ruhunun ilkin materiyaya qovuşması deməkdir ki, sufizmdə bu vəziyyət Bəqa fazası adlanır. Bu fazada insan ruhu – sufilərin “Hu” adlandırdığı İlahla birləşir və vəhdət təşkil edir. Bu fazada insan – Allah kimi yaratma qabiliyyətinə, bütün elmləri tam kamil səviyyədə dərk etmək elminə sahib olur. Deməli, qamlıq vəziyyəti – bəşəriyyətə həyat vermiş ilkin materiyanın vəziyyətidir ki, qədim fəlsəfədə bu İlahi vəziyyət Xaos, türklərdə isə Oğuz kimi məlumdur. Belə çıxır ki, Məhəmməd adı – Midiya şamanın, yəni türk-teurqun ekstatik durumu, başqa sözlə sufinin bəqa-bəglik səviyyəsi deməkdir. İslamda bu vəziyyət – insani və ilahi mahiyyətin birləşməsi mənasında olan “ittihad əl-ləhut bin nəsut” kimi də qeyd olunur. Midiya teurqlarının (türklərinin) göydə Allah yaratması haqqında mən kitab və məqalələrimdə geniş məlumat vermişəm. Bütün bunlar isə o deməkdir ki, Məhəmməd peyğəmbərin obrazı Midiya maqlarından olan türk bəginin obrazıdır. Maatın Göydən yerə enməsi və yaşayanlarla birləşməsi deyəndə də ilahi mahiyyət olan ləhutun, insanla birləşməsi başa düşülməlidir. Biz bu birləşməni – seyid-bəglərin “cəddi” adlandırırıq.
Sufizmdə “Allahdan başqa İlahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır və bu da “Osiris/Asar Allahının Eli” fikrini ifadə edir. Quranda (25:38, 50:12-14) Rəsul rəmzi Ress əshabi və Ressli kimi də qeyd olunur və bizə bu rəmz Rus kimi də tanışdır. Rus mənbələrində Rus ölkəsi, Oğuz eli kimi göydə qanla yaradılmışdır və bilavasitə ölümsüzlüklə bağlıdır. Mən, “Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?” adlı məqaləmdə, göydə qanla yaradılmış Rus və Oğuz eli haqda geniş məlumat vermişəm. Deməli, Rus və Oğuz eli – göydə qurban ruhlarından yaradılmış cənnət anlamındadır ki, bu Osiris (Asar/Oziri/Azər) Allahının dünyası da qədim mətnlərə görə Talış dağlarının göylərində yaradılmışdır. Bu isə belə bir nəticə çıxarmağa əsas verir ki, “Allahdan başqa İlahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti Batin elmində – “İlkin materiyadan başqa İlahi enerji yoxdur və Məhəmməd bu İlahi enerjidən yaradılmış Osiris/Asar Elidir” kimi başa düşülməlidir. Əgər nəzərə alsaq ki, Asar, yəni Osiris şahlığı elə Azər Eli mənasındadır, qəbul edərik ki, Məhəmməd peyğəmbər elə Azər Allahıdır.
Sufizmdə, İslam rəmzi ilə eyni mənalı olan Səlim rəmzi, digər mənbələrdə Ur-Səlim kimi də yazılır ki, bu da elə Yerusəlim şəhəri anlamındadır. Bildiyimiz kimi, Məhəmməd peyğəmbər Merac gecəsi insanbaşlı Buraq atı ilə Məkkədən (Əl Haram) səmadakı Yersəlimə (əl-Əqsa) “səyahətə” çıxmış, oradan isə “nur pilləkanı” ilə (bəzən “pilləkan gecəsi” də adlanır) qalxaraq, Allahla “görüşüb söhbət etmişdir”. Yerusəlim rəmzi də sufizmdə “Rus-Aləmi” kimi də açılır ki, bu da elə Rəsul rəmzi kimi göydəki Osiris/Asar, yəni Azər şahlığı deməkdir.
Tarixçisi M. Xorenatsiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırılır (М. Хоренаци, I/60). Gel, Gelat (Qulat/Xilat) isə ifrat ismaili şiələrin, yəni batini-nizarilərin elidir və o Midiya ərazisində mövcud olmuşdur. Bura eyni zamanda Azərbaycan atabəglərinin malikanəsi olan Xilatdır və Quranda (25:15) Xüld cənnəti adlandırılan cənnət də məhz burada yaradılmışdır. Qədim Misir mənbələrinə görə də Allah “Dünya”nı məhz bu Gel şəhərində yaratmışdır və bütün Misir fəlsəfəsi bu Gel eli ilə bağlıdır.
Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Aqilə, yəni Gelə çatmış evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır.
E. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində “Şərqin ərəbləri” (dəqiq: “Günəşin çıxdığı yerin ərəbləri”) ölkəsinin də adı çəkilir (И.М.Дьяконов, «История Мидии» М.-Л., 1956, səh.219-221). Şərq dedikdə, qədim Misir mətnlərində və məşhur sufi Sühravərdinin İşraq fəlsəfəsində – Allahların doğulduğu göy aləmi nəzərdə tutulur. Deməli, Ərəbistan ölkəsi, göylərdə yaradılmış ruhlar dünyası mənasındadır və burada Misir Allahları yaşayırlar. Yunan mənbələrinə görə, Xaosdan (Oğuz) Ereb yaranmışdır ki, bu da “göydə yaradılmış el” fikrini ifadə edir. Belə çıxır ki, sufilər də Ərəbistan deyəndə göydə yaradılmış Oğuz Elini (İç Oğuz) nəzərdə tuturlar. Kitabi – Dədə Qorqudda, göydə yaradılmış bu dünya – Əmman (Ümman) dənizində tikilmiş kafər şəhəri kimi qeyd olunur və orada asilər (ruhlar) su altında “mənəm Allah” deyə qışqırışırlar (“Kitabi – Dədə Qorqud”, B., 1988, səh.118). Bu ruhlar dünyası Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs mənasındadır ki, Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə bunlar Adəmin bədənindədir. Adəm, yəni qədim Misirin Atum Allahı isə elə göydə yaradılmış Osiris/Asar, yəni Azər şahlığıdır. Bu isə o deməkdir ki, Batin elmində Məhəmməd peyğəmbər – Azərbaycan göylərində yaradılmış Azər Allahıdır.
Qədim Misir rəvayətinə görə, Allahın ilkini olan Azər/Oziri (Oziri/Asar/Osiris) dünyaya hakim kimi gəlir və ondan sonra Allah Seti və onun 72 dostunu yaradır. Oziri insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır. Xristian mətnlərdən olan ”Yanıçarın yazıları”na görə isə ölüb dirilən Məhəmməd peyğəmbər olmuşdur. Mətndə qeyd olunur ki, Məhəmməd peyğəmbər ölənə yaxın öz ardıcıllarını yanına çağırıb bildirmişdi ki, “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun”. Başqa rəvayətə görə, Məhəmməd peyğəmbərin tabutu göyə qalxaraq orada asılı vəziyyətdə qalmışdır. (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М.2009,səh.5,238,37,46,81,83,85). Bütün bunlar o deməkdir ki, Məhəmməd peyğəmbər qədim Misir mənbələrində Asar/Osiris/Oziri kimi qeyd olunan Azər Allahının obrazıdır. Bunlar haqqında daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.