TELEQÜLLƏDƏ ÖZBAŞNALIQ


 s3Teymur  (Mövzunu nəzarətdə saxlayacağıq)

Abid Şərifovun qardaşı oğlu Prezident Aparatına şikayət məktubu göndərən T.Məmmədzadəni gözümçıxdıya salıb
Qəzetimizin 16 avqust 2013-cü il tarixli 22 (882)-ci sayında “Abid Şərifovun qardaşı oğlu president seçkilərini boykot edir” sərlövhəli yazı vermişdik.  Yazıda Teleradio İstehsalat Birliyinin Bakı Radio Televiziya Yayım filialının işçisi Teymur  Məmmədzadənin 23 saylı Nəsimi – Səbail Seçki Dairəsinin 4 saylı məntəqəsinə  məntəqə üzvü təyin edilməsi və bununla əlaqədar olaraq “Seçki Məcəlləsi”nə uyğun olaraq seçki müddətində əmək haqqı saxlanılmaq şərti ilə işdən müvəqqəti azad olunması ilə bağlı problemə toxunmuşduq. Məqalə dərc olunduqdan dərhal sonra redaksiyamızın elektron poçt ünvanına İstehsalat Birliyindən aşağıdakı məzmunda məktub daxil olmuşdur.  Məktubda deyilir: “Sizin müdafiə etdiyiniz şəxsin iş vaxtı etdiyi özbaşınalığı əks etdirən videonu baxıb nəticə çıxartmağınız üçün Sizə göndəririk. Kadrlarda da göründüyü kimi, dövlət əhəmiyyətli tikili olan Bakı Teleqüllə Kompleksinin yanğından mühafizə sistemi həmin gecə Teymur Məmmədzadəyə həvalə olunduğu halda, o, bu növbətçiliyindən sui-istifadə edərək, xüsusi müşahidə kamerasının önünü qeyri-etik şəkildə bağlayaraq, yatmağa üstünlük verir…  
Qeyd: Əlavədəki videonu izləyə bilməyiniz üçün PLAYER.EXE faylının üzərinə vurub, açılan pəncərənin sol tərəfində hadisənin başvermə tarixinin və saatının qeyd olunduğu (2013.08.08-23:55) video faylını açmağınız lazımdır”.
Əvvəla, poçtda haqqında danışılan videogörüntünü, ümumiyyətlə, tapa bilmədik. İkincisi, bağlı kameranın qabağında T.Məmmədzadənin yatması görəsən necə lentə alınıb?  Kamera ki, divar arxasından çəkiliş apara bilməz. Təbii ki, burada qərəzkarlıq var. İstər-istəməz sual doğur,  beş ildən artıq bir müddətdə bu kollektivdə  çalışan T.Məmmədzadənin, yuxarıdakı məktubda deyildiyi kimi, “növbətçilikdən sui-istifadə edərək,  işə qeyri-etik yanaşması”  niyə məhz indi, seçki ərəfəsində dairədən məktub apardığı məqamda Ə.Şərifovun yadına düşüb.  Onu da xatırladaq ki, T.Məmmədzadəyə bu kollektivdə çalışmağa başladığı  vaxtdan bu günədək bir dəfə də olsun  işə münasibəti ilə bağlı nə bir xəbərdarlıq edilib, nə də bir töhmət verilib. Özü də o, bura gəldiyi gündən Ə.Şərifov kollektivə rəhbərlik edib. Necə oldu ki, T.Məmmədzadə birdən-birə “özbaşına”, “qeyri-etik” oldu?
Üstəlik, İstehsalat Birliyinin rəhbərinin göstərişi ilə T.Məmmədzadənin təmsil olunduğu dairə və məntəqəyə onun əmək ktabçasının surəti də müşaiyətedici bir məktubla göndərilib. Məktubda isə T.Məmmədzadənin iş yerini tez-tez dəyişdiyi, gündə bir müəssisədə çalışdığı qeyd olunub. Adamdan soruşarlar ki, a rəis, bu T.Məmmədzadə gündə bir iş yeri dəyişən adam idisə, sən niyə onu işə götürürdün? Məgər teleqüllə kimi strateji obyektə işçi qəbul edəndə onun əmək kitabçasına baxılmır? Digər tərəfdən, bu əmək kitabçasının, bu aktların dairəyə nə dəxli var? Bu, birbaşa müəssisə ilə işçi arasında olan münasibətlərdir. Tərəflərin hansının düz və ya səhv olması ya kollektiv daxilində, ya da məhkəmələrdə çözülə bilər. Qaldı, T.Məmmədzadənin məntəqə üzvü kimi fəaliyyətinə, 23 saylı Nəsimi –Səbail Dairəsinin dairə sədri və katibi onu olduqca müsbət insan kimi xarakterizə etdilər. Dairənin katibi Etibar Hacıyev  T.Məmmədzadə haqqında dedi ki, biz onu müsbət insan kimi tanıyırıq: “Artıq 4 ildir ki, birgə çalışırıq, işini düzgün icra edən, qanuna əməl edən, hüquq və vəzifələrini yaxşı bilən məntəqə üzvümüzdür. Kollektivdə də hörməti və nüfuzu vardır. Onun işdəki münasibətlərinin məntəqədəki fəaliyyətinə qətiyyən aidiyyatı yoxdur.  Bu məsələni məntəqədə də müzakirə etmişik.  Məntəqə üzvləri də ondan razılıq edirlər”.
Təbii ki, biz İstehsalat Birliyinin daxilində baş verən olaylara qarışmaq istəməzdik, sadəcə olaraq ötən nömrəmizdə Əflatun Şərifovun seçki prosesinə müdaxiləsindən bəhs etmişdik. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin  17.3-cü maddəsində deyilir: “Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki (referendum) komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki (referendum) komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər.”
Göründüyü kimi, seçki prosesinə müdaxilə qanunla qadağan edilir. Təssüf ki, bu gün Azərbaycanda seçkiyə yanlış münasibət, onu adı kampaniya hesab edənlər kifayət qədərdir. Qanunda o da açıq-açığına  yazılıb ki, bu dövlət əhəmiyyətli tədbirlə bağlı dairə və mətəqə üzvləri müəyyən olunmuş müddətdə əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq işdən azad olunurlar. Lakin bütün bunlara baxmayaraq, T.Məmmədzadə hər gün iş yerindən ona zəng edilərək hədə-qorxu gəlindiyini, avtomatika qrupunun rəhbəri Rasim Vahabovun onu “proqulçu” kimi işdən qovmaqla hədələdiyini bildirir. “Ümumiyyətlə, milli mənşəyi bəlli olmayan bu adamın təqaüdçü olduğu halda işdə saxlanmasının səbəbi mənə aydın deyil”, – deyə T.Məmmədzadə bildirir. “Təqaüd yaşı çatan bütün işçilər dərhal işdən azad olunurlar, onların yerinə yeni gənclər gəlir. Lakin mütəxəssis kimi fəaliyyəti sıfıra bərabər olan, avtomat yanğınsöndürməni hələ də Nuh əyyamındakı kimi mexaniki səviyyədə saxlayan R.Vahabovun belə bir strateji əhəmiyyətli obyektdə qalması anlaşılan deyil. R.Vahabov müəssisədə öz işindən başqa yerdə qalan bütün işlərlə məşğul olur. Mən daha onun digər “keyfiyyətlərini” sadalamaq istəmirəm. Məsələn, bu adam indiyədək Azərbaycanın dövlət dilinə hörmətsizlik edir, bu dili öyrənmək istəmir. Teleqüllə rəisi Namiq Şirinov onun yazdığı sənədləri dil xətalarına görə dəfələrlə geri qaytarmışdır.”   
T.Məmmədzadə ümumiyyətlə çalışdığı müəssisədə yaranmış qeyri-sağlam mühiti Əflatun Şərifovun bacarıqsızlığı, işinin öhdəsindən gələ bilməməsi ilə əlaqələndirir. O, Ə.Şərifovun ancaq öz marağını güddüyünü bildirir. T.Məmmədzadə təxminən bir –iki ay bundan öncə İstehsalat Birliyinin rəhbərinin göstərişi ilə buradan iki maşın “fider ötürücüsündə”  istifadə olunan saf misin satıldığını bildirir. Əldə edilən vəsaitin hara, necə xərclənməsi bəlli deyil. “Bundan əlavə, Ə.Şərifov İB-də əvvəldən mövcud olan xeyirxah ənənələrin də kökünə balta çalmışdır. Əvəllər bütün rəsmi və dini bayramlarda müəssisədə çalışanlara maddi yardım göstərildiyi halda, bu il heç Ramazan bayramında da işçilərə bayram payı verilmədi. Bir sözlə, Ə.Şərifov məni özbaşınalıqda ittiham etdiyi halda, ən çox özbaşınalıqları özü törədir”.
Nəhayət, T.Məmmədzadə   Ə.Şərifov tərəfindən təzyiqlərə məruz qalmasının da əsl səbəblərinə aydınlıq gətirir. “Ə.Şərifov istəyir ki, Birlikdə hamının ağzını bağlayıb öz istədiklərini etsin. Mən onun istədiyi adamların dərəcələrini artırıb, istədiklərinə lazımı şərait yaratdığını, digərlərini isə vurub sıradan çıxardığını görüb etiraz səsimi qaldırdım. Bundan qəzəblənən Ə.Şərifov iclas çağıraraq məni hədələməyə başladı. Mən də bunlara cavab olaraq rəsmi məktubla Prezident Aparatına, bir qədər də dəqiq desək ölkə başçısına müraciət etdim. Bundan sonra Ə.Şərifov məni təqib etməyə, müxtəlif bəhanələrlə işdən azad etməyə çalışdı. Məqsədinə nail ola bilmədikdə qisasını president seçkilərində məni məntəqəyə buraxmamaqla sıxmağa çalışdı. O, bununla da bir daha ölkə qanunlarına hörmət etmədiyini göstərir”.
T.Məmmədzadə bir daha xatırlatdı ki, hər gün ona naməlum  telefonlardan zənglər gəlir, onu rahat buraxmırlar. Belə getsə, o,  hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdi.