«TÜRKÜN NƏĞMƏSİ»


Məhəmməd Hadi
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz,

Qiymətli olan xuni-şəhidan (şəhidlərin qanları) hədər olmaz,
Dul qalmış olan noheye-nisvan (qadınların ağısı) hədər olmaz,
Bax sən sonuna, himməti-türkan (türklərin əməyi) hədər olmaz,
Bədbəxt olan əfğani-yetiman (yetimlərin naləsi) hədər olmaz.
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməyiz əldən.
Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən (işğalçıların atəşindən qorxmadıq).
Bir zərrə belə qorxmayırız dəst-əcəldən,
İstərsə cahan çevrilə, varsın da təməldən,
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih (barışpərvər) əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən:
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?