ƏFLATUN ŞƏRİFOVLA BAĞLI BAŞ PROKURORLUĞA MÜRACİƏT OLUNDU


downloadİbrahim Quliyev
Məntəqə Seçki Komissiyasının üzvü Teymur Məmmədzadəni kim ölümlə hədələyib?
Qəzetimiz araşdırmalar nəticəsində şok məlumatlar əldə edib
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio Televiziya yayımı və Peyk rabitəsi  İstehsalat Birliyi və bgirliyin baş direktorunun fəaliyyəti barədə artıq dördüncü yazı ilə çıxış edirik. Əvvəlki yazılarımızın bir qismi artıq cavablandırılıb. Məsələn, qəzetimizin ötən sayında İstehsalat Birliyindən gələn ünvansız, imzasız, necə deyərlər, anonim məktub barədə danışmışdıq. Qeyd etmişdik ki, müəllifi bəlli olmayan məktubda konkret olaraq qoyduğumuz suala cavab vermək əvəzinə şikayətçi Teymur Məmmədzadə təhqir olunmuş, heç bir əsas göstərilmədən o,  “qeyri-etik”  hərəkətdə və s. ittiham olunmuşdu.  Yazılardan sonra şikayətçiyə müxtəlif nömrələrdən hədələyici zənglər gəldiyini, hətta T.Məmmədzadənin “başının bədəninə ağırlıq” etməklə qorxudulduğunu diqqətə çəkmişdik. Qısa araşdırmamızdan sonra həmin nömrənin kimə məxsus olduğunu öyrənə bilmişdik. Sən demə, 29.08.2013-cü ildə təxminən saat 12-30 radələrində +994124987298 nömrəli telefondan zəng edərək T.Məmmədzadəni hədələyən şəxs adıçəkilən birliyin təsərrüfat və  təchizat şöbəsinin rəisi Qarayev Mustafa olmuşdur. O, T.Məmmədzadəyə əvvəlcə özünü vəkil kimi təqdim etmiş, onu məhkəməyə verəcəyini, tutduracağını və bu da olmadığı təqdirdə digər ölçülər götürəcəyini bildirmişdi. “Sənin arxan kimdir? Kimə güvənirsən? Tezliklə həmin adamı tapıb onu da susduracağıq,” –deyib.  Məsələ ilə bağlı yaxın günlərdə redaksiya olaraq respublika Daxili İşlər Nazirliyinə də müraciət edəcəyik.
Bundan əlavə, daha bir məqamı qeyd edək. Araşdırma zamanı müəyyən etdik ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 saylı məntəqə seçki komissiyasının “Seçki  Məcəlləsi” nə uyğun olaraq seçki müddətində əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq  T. Məmmədzadənin işdən azad edilməsi barədə məktubu Ə. Şərifovun göstərişi ilə T. Məmmədzadə haqqında olduqca mənfi xarakterli xasiyyətnamə ilə yenidən adıçəkilən Dairə Seçki Komissiyasına  göndərilmişdir. Həmin məktub təxminən avqustun 15-də DSK-da müzakirə olunmuş, T. Məmmədzadənin bütün seçkilərdə özünü müsbət tərəfdən göstərdiyi üzə çıxdıqdan və Teleradio İB-nin ölkə qanunlarına hörmətsiz yanaşması onun diqqətinə çatdırıldıqdan sonra birliyin rəisi Ə. Şərifov təcili olaraq müəssisənin N. Mahmudova adlı hüquqşünasını həmin məktubun geri qaytarılması üçün dərhal DSK sədrinin yanına minnətə göndərmişdir. Doğrudur, DSK sədri daxil olan məktubları geri vermək hüququna malik olmasa da, xanım hüquqşünasın təkidləri müqabilində güzəştə getmişdir.  Halbuki Ə. Şərifovun məktubu “Seçki  Məcəlləsi” ni rəsmən tanımamaq aktı kimi respublika prokurorluğuna göndərilməli idi. Beləliklə, DSK insanpərvərlik müqabilində qanunu pozmaq zorunda qalmışdır. Amma burada bir sual da doğur: tutalım, Ə. Şərifov  “Seçki Məcəlləsi”ndən xəbərsizdir, bəs belə bir nəhəng müəssisənin, strateji obyektin hüquqşünası Nəzakət Mahmudova hara baxır?  Üstəlik, Əflatun  Şərifov Avtomatika qrupunun rəisi Rasim Vahabova T. Məmmdzadəyə “proqul” yazılması barədə göstəriş vermişdir. Təxminən avqust  ayının 27-dək T. Məmmədzadənin seçki mətəqəsində iştirakı onun teleqüllədəki iş cədvəlində “proqul” kimi getmişdir. Yalnız Bakı Radioteleviziya Yayım Filialının rəisi Namiq Şirinov bunun tam qanunsuz olduğunu bildirdikdən sonra həmin “proqul”lar silinmişdir. Amma hüquqşünas burada da qanuna göz yummuşdur.
Ümumiyyətlə, müəssisədə çalışanların əksəriyyəti  adıçəkilən hüquqşünas N. Mahmudovanın qanunları deyil, Ə. Şərifovun qanunsuzluqlarını müdafiə etdiyini bildirir. T. Məmmədzadə müəssisədə baş alıb gedən yerlibazlıq, ədalətsizliklə  bağlı ölkə başçısına şikayət etdiyi zaman N. Mahmudova  T. Məmmədzadəni yanına çağırtdıraraq onun şikayətinin heç bir səmərəsi  olmayacağını bildirib. T. Məmmədzadə  müəssisədə bir il, il yarım işləyən şəxslərə dərəcə və vəzifələr verildiyi halda, onun heç bir hüququnun qorunmadığını N. Mahmudovanın diqqətinə çatdırdıqda xanım hüquqşünas “dərdini hara istəyirsən yaz, baxan olmayacaq” deyə ona ironiya ilə cavab vermişdi.
Yeri gəlmişkən, T. Məmmədzadənin 02.08.2013-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və bundan əvvəl isə- 15.07.2013-cü ilə ölkə başçısına ünvanlanan məktubuna da cavabları həmin N. Mahmudova tərtib etmişdir. Müraciətlərində  hüquqlarının pozulduğunu bildirən T. Məmmədzadəyə  N. Mahmudovanın tərtib etdiyi cavab məktubunda guya araşdırılma aparıldığı və onun hüquqlarının pozulmadığı bildirilir. Halbuki heç bir araşdırılma aparılmamış, N. Mahmudova tərəfindən nazirliyə yalan məlumat verilmişdir.
T. Məmmədzadə müəssisədə  Ə. Şərifovun yerliləri və  qohum -əqrəbasının xüsusi imtiyazlara malik olduqlarını, əksər maliyyə strukturlarını onların tutduqlarını yazır. Məsələn, Bakı Radio Televiziya Yayım Filialının baş hesabdarı Esmira Əsədova Ə. Şərifovun əmisi oğlunun baldızıdır. Birliyin təsərrüfat və  təchizat şöbəsinin rəisi Qarayev Mustafa Ə. Şərifovun yerlisi olmaqla bərabər, deyilənə görə, həm də onun qohumudur. Qarayev Mustafanın qızı Nərmin Mustafayeva isə qısa müddət ərzində 13-cü dərəcəyə sahiblənməklə Texniki şöbənin rəis müavini vəzifəsinə yüksəldilmişdir.  Ə. Şərifovun digər bir qohumu Şəbnəm adlı xanım isə İnformatika şöbəsində mühəndis vəzifəsində çalışır. Əldə etdiyimiz məlumata görə, bu xanım ümumiyyətlə işdə çox az olur.
Yuxarıda qeyd etdik ki, Teleradio İstehsalat Birliyi ölkənin ən mühüm strateji obyektlərindən sayılır. Burada hər hansı “çp”-nin baş verməsi ölkənin iflic olması deməkdir. Amma T. Məmmədzadə avtomat yanğınsöndürmə avadanlıqlarının cüzi qüsur üzündən  işləmədiyini, fövqəladə bir hadisənin böyük bədbəxtliklərə gətirib çıxara biləcəyini vurğulayır. Belə bir mühüm sahənin Rasim Vahabov kimi mənşəyi şübhəli təqaüdçüyə tapşırılması müəyyən müəmmalar doğurur. T. Məmmədzadə yanğınsöndürmə avadanlıqları üç il bundan əvvəl xarab olarkən bir nəfər mütəxəssinin kənardan dəvət edildiyini və həmin avadanlıqları təmir etdiyini bildirir. “Lakin həmin şəxsin pulu ödənilmədiyindən, ikinci dəfə avadanlıqlar xarab olarkən onu dəvət etsələr də gəlmədi. Bu gün həmin avadanlıqlar işləmir. Hər hansı bir qısaqapanma baş verərsə, qülləni xilas etmək mümkün olmayacaq”.
Ən pisi birlikdə insan haqlarının tanınmamasıdır. Ə. Şərifovun göstərişi ilə teleqüllənin işçi otaqlarına kameralar qoyulmuş, işçilərin adi hərəkətləri belə lentə alınır. Halbuki, kameralar otaqlara deyil, zəruri avadanlıqların, cihazların yerləşdiyi xüsusi kabinələrə qoyulmalıdır. T. Məmmədzadə deyir ki, əgər bu qanunidirsə, onda niyə birliyin kabinetlərinə, o cümlədən Ə. Şərifovun, birliyin baş mühəndisi Mikayıl Abbasovun otaqlarına bu cür kameralar qoyulmur. Təbii ki, bu halda Ə. Şərifovun müxtəlif macəraları aşkarlanar. Ümumiyyətlə, hətta həbsxanalarda belə kameralarda gizli çəkilişlərə icazə verilmir. Məgər biz məhbuslardan da betərik?
Bir daha qayıdırıq, seçki proseslərinə. Əldə etdiyimiz məlumata görə, Ə.Şərifov yaxın adamlarının arasında ümumiyyətlə, Azərbaycanda seçki keçirilmədiyini, bunun bir oyun olduğunu bildirib. Özünün “Seçki Məcəlləsi”nə biganə yanaşmasını  da bununla əlaqələndirib. İnanırıq ki, Ə.Şərifovun qanunla tənzimlənən dövlət əhəmiyyətli bu tədbiri bəri başdan pozmağa cəhd etmək istəməsi tezliklə öz huquqi qiymətini alacaq.
Məsələni nəzarətdə saxlayacağıq.