TELERADİO İSTEHSALAT BİRLİYİNDƏ QİYAM AB-HAVASI


05_nTeymur  Məmmədzadə
Nazirlik hansı marağa görə susur?
Qəzetimizin 16, 23, 30 avqust və 20 sentyabr tarixlərində Teleradio İstehsalat Birliyində baş verən qanunsuzluqlar, birliyin baş direktoru Əflatun Şərifovun korrupsiya, külli miqdarda yeyinti, qohumbazlıq, səsini çıxaranı şantaj etmə və ən nəhayət, Seçki Məcəlləsini saymayaraq, prezident seçkilərini boykot etməyə cəhd göstərməsi barədə ətraflı materialla çıxış etmişdik. Eyni zamanda qəzetdə dərc olunan həmin yazıların bir qismini müşaiyətedici məktubla birlikdə 24.08. 2013-cü il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, daha doğrusu birbaşa hörmətli Əli Abbasovun ünvanına göndərmişdik. Qanunvericiliyə görə nazirlik 15 gün müddətində bizim məktubumuzda göstərilən faktları araşdırıb, redaksiyamıza rəsmi cavab verməli idi. Lakin adıçəkilən qurum nəinki bizə cavab vermədi, hətta bizim telefon zəngimizi belə uzun müddət ötür-ötürə saldı. Nəhayət, bəlli oldu ki, məktubumuz nazirliyin Qulam adlı bir əməkdaşına verilib. Cənab Qulam isə sorğumuza cavab olaraq bildirdi ki, bizim məktubumuza nazirlik yox, İstehsalat Birliyinin rəisi Əflatun Şərifov özü verəcək. Deyəndə ki, məsələyə nazirliyin münasibətini öyrənmək istəyirik, Qulam müəllim susdu. Və təxminən bir aydan artıqdır ki, o, inadla susmağında davam edir. Nazirliyin digər əməkdaşı da məktubumuzun Ə.Şərifova ünvanlandığını və cavabı da onun verəcəyini bəyan etdi. Beləliklə, bir daha təkrar edirik, nazirlik susur. Nazirliyin əməkdaşları əgər güman edirlərsə ki, Əflatun Şərifovun məktubu kifayətləndiricidir, bizcə, səhvə yol verirlər. Çünki məktubda məhz Ə.Şərifovun qanunsuz əməllərindən danışılır. Ə.Şərifov özü-özünə nə qiymət verəcək. Bu, təxminən bir xalq mahnısında deyildiyi kimi “mənim səndən sənə, yar, şikayətim var” məntiqindən başqa bir şey deyil.
Əflatun Şərifovun özünün 18.09.2013-cü il tarixdə redaksiyamıza ünvanladığı məktubda isə ilk olaraq redaksiya ittiham edilir. Məktub müəllifi bizi faktları dəqiqləşdirməməkdə və T.Məmmədzadənin dediklərini birtərəfli qaydada qəzet səhifələrinə çıxarmaqda günahlandırır. Biz isə redaksiya olaraq, bəri başdan qeyd edirik ki, qəzet üçün material hazırlayanda T.Məmmədzadənin dediklərini ciddi şəkildə araşdırmış, faktların dəqiq olub-olmadığını digər mənbələrlə dəqiqləşdirmişik. Məsələn, 23 saylı Nəsimi –Səbail Seçki Dairəsindən yazılmış məktubu T.Məmmədzadənin Teleradio İstehsalat Birliyinin Bakı Radio Televiziya Yaım Filialının rəisi Namiq Şirinova 12 avqust tarixində təqdim etməsini, 15 avqust tarixində isə Ə.Şərifovun Seçki Məcəlləsini və dövlətin əsas kampaniyasını – prezident seçkiləri kampaniyasını tanımayaraq həmin dairəyə geri qaytarmasını dairə sədri Ağababa Quliyev və dairə katibi Etibar Hacıyev tərəfindən dəqiqləşdirdikdən sonra qəzet səhifələrinə çıxarmışıq. Hətta onu da öyrənmişik ki, Ə.Şərifov böyük qanun pozuntusuna yol verdiyini başa düşdükdən sonra birliyin hüquqşünası Nəzakət Mahmudovanı həmin dairəyə göndərmiş və xanım hüquqşünas uzun yalvar –yaxardan sonra həmin məktubu təzədən geri ala bilmişdir. Ağababa Quliyev bizimlə söhbətdə Ə.Şərifovun Seçki Məcəlləsini pozması ilə əlaqədar hətta prokurorluq orqanlarına şikayət etmək niyyətində olduğunu da bildirdi.
İkincisi, Ə.Şərifov daha bir qanun pozuntusuna yol verərək sentyabr ayının 28-dək T.Məmmədzadənin seçki məntəqəsində fəaliyyət göstərməsini, işdə “proqul” kimi qeyd etdirmişdir. Yalnız filial müdiri Namiq Şirinov qanunları ona izah etdikdən sonra baş direktor inadından dönmüşdür. Biz redaksiya olaraq, birlikdə kifayət qədər insanla görüşmüş və onların da fikirlərini öyrənmişik. Sadəcə olaraq həmin şəxslər işlərini itirməmək naminə adlarının çəkilməmələrini istəyiblər.
Ə.Şərifov redaksiyamıza ünvanladığı birinci və ikinci məktublarda yalnız bir faktı- 09.08.2013-cü il tarixində T.Məmmədzadənin növbədə olarkən yatdığını qabardır. Təbii ki, Teleradio İstehsalat Birliyində iş rejiminin hansı prinsiplər üzrə qurulmasına biz müdaxilə edə bilmərik. Bu mənada T.Məmmədzadə doğrudan da əgər işə məsuliyyətsiz yanaşıbsa, onu cəzalandırmaq müəssisə rəhbərliyinin səlahiyyətində olan məsələdir. Amma bu faktdan da qərəzkarlıq məqsədi ilə istifadə etmək yolverilməzdir. T.Məmmədzadə beş ildir ki, həmin müəssisədə çalışır, necə olur ki, beş il ərzində işdə heç bir qayda pozuntusuna yol verməyən T.Məmmədzadə yalnız geniş iclasda Ə.Şərifova cavab qaytarandan sonra yuxulu halda tutulur?
Bir sözlə, qarşı tərəfin bizi birtərəfli mövqedə ittihamını nəzərə alaraq Ə.Şərifovun cavabını bütöv şəkildə çap etmək niyyətində idik. Amma məktub faktlara əsaslanmadığından bu niyyətimizdən vaz keçirik. Onu da bildiririk ki, yazılarımızın ardıcıl dərcindən sonra birliyin digər bir çox işçiləri də redaksiyamıza üz tutmuşlar. Onlar da dövlətin strateji obyekti olan Teleradio İstehsalat Birliyində qanunsuzluqların, özbaşınalıqların baş alıb getməsindən, qohumbazlığın, yerlibazlığın at oynatmasından şikayətlənirlər. Həmin şəxslərin redaksiyamıza təqdim etdikləri sənədləri olduğu kimi təqdim edirik.
Teleradio İstehsalat Birliyi, yoxsa qohumların birliyi?
Həmin faktlar Teleradio İstehsalat Birliyinin dövlət qurumu yox, Ə.Şərifovun şəxsi şirkəti, daha doğrusu qohumxanası olmasını bir daha əmin təsdiqləyir:
1.Birliyin Təsərrüfat və Təchizat şöbəsinin mühəndisi, heç bir təhsili olmayan, ayda 465 manata qol çəkən Rəhimov Rövşən Əli oğlu Ə.Şərifovun əmisi nəvəsidir.
2. İnformasiya təminatı qrupunda çalışan Hümbətova Nərgiz Çingiz qızı Ə.Şərifovun bacısı qızıdır.
3. Nərgizin bacısı yeməkxananı idarə edir və birlikdən yüksək maaş alır. İşə “Porşe Cayeen”-də gəlib-gedir.
4. Sürücüsü Mehdi əmisi oğludur.
İndi keçək, Ə.Şərifovun korrupsiya əməllərinə. Ə.Şərifovun göstərişi ilə 2010-11-ci illərdə Şamaxı Elektron Zavodundan birlik üçün 120 ədəd “Orvika” televizoru alınıb. Həmin televizorların qiyməti 50 manat olduğu halda, birlikdə onları 120 manatdan rəsmləşdiriblər. Beləliklə, hər televizorda 70 manat pul mənimsənilib. Həmin tarixdən 2-3 ay sonra yenidən həmin zavoddan 20 ədəd televizor alınıb və bu dəfə onlar 200 manatdan rəsmləşdirilib. Təkrar edirik həmin dövrdə 1 televizorun qiyməti 50 manat olub.
Müəssisədə çalışanlar bildirirlər ki, müəssisə üçün alınan ötürücüdən tutmuş adi kabelə qədər hər şeyin qiyməti 2-3 dəfə şişirdilir.
masin1Ə.Şərifovun başqa bir korrupsiya üsulu isə şəxsi maşınları birlik üçün şişirdilmiş qiymətə almasıdır. Misal üçün, Abid Şərifovun ailəsi köhnəlib, sıradan çıxmış 10 AF -616 dövlət nişanlı “Renault Laquna” markalı maşını Əflatun Şərifova bağışladıqları halda, Ə.Şərifof onu idarəyə çox yüksək qiymətə satmışdır. Maşın sonradan birliyin hesabına təmir olunsa da, bir gün belə birlik üçün işləməyib. Hal hazırda da ofisin qarşısında dayanıb. (Maşının bir neçə vəziyyətdə olan şəkillərini də təqdim edirik ki, ailə köhnə zibilini tanısın və Ə.Şərifovun hansı əməllərlə məşğul olduğunu görsün).
Digər bir fakt. Ə.Şərifov birliyin rəisi təyin edildikdən sonra Şəki rayonundan Şəki seriyası ilə işlənib əldən düşmüş şəxsi “Niva” markalı bir maşını çox yüksək qiymətə idarə üçün almışdır. Həmin maşınıın əsaslı təmiri üçün yüksək məbləğ ayrılmaqla Lerik rayon ötürücü stansiyasına verilmişdir. Əslində, həmin “Niva” üçün xərclənmiş pula iki təzə “Niva” almaq olardı. Məqsəd sadəcə olaraq müəssisənin hesabından pul silmək olmuşdur.
Azteleradio İstehsalat Birliyində yaradılmış bu korrupsiya torunun mərkəzində Ə.Şərifovun sağ əli, vaxtilə Şəki Tədarük İdarəsində çalışmış və yeyinti üstündə mühakimə olunmuş, Ə.Şərifovun uzaq qohumu Mustafa Qarayev durur. İstehsalat Birliyində çalışanların hamısı bilir ki, bütün qara əməllərin ideya müəllifi bu şəxsdir. Üstəlik, M. Qarayev öz qohumlarını da gətirib birliyə doldurmuş və ən yüksək maaşla təmin etmişdir.
M.Qarayevin qızı Qarayeva Nərmin 11-ci dərəcəli mühəndis ştatını tutsa da, ixtisasından xəbəri yoxdur.
M.Qarayevin qardaşı oğlu Orxan Qarayev də Mərkəzi Radio Televiziya Yayım Filialında mühəndisdir.
Yeznəsi Məcidov Natiq labaratoriya mühəndisidir.
Qudası Nazim təzə alınmış “Mitsubişi Pikap”-ın sürücüsüdür. Qaynata həmin maşınla hər gün 60-70 kilometr məsafə qət edərək gəlinini, yəni Mustafa Qarayevin qızını işə aparıb-gətirir. Təbii ki, yanacaq da müəssisənin hesabına. Ümumiyyətlə, Mustafa Qarayev birlikdə işə düzələndən sonra illərlə müəssisədə çalışan sürücüləri işdən qovaraq, onları öz qohum-əqrəbası ilə əvəz etmişdir.
Bir sözlə, bütün bu faktlar korrupsiya deyil, bəs nədir? Bu qədər çirkaba batmış adam üstəlik Seçki Məcəlləsini də saymayaraq, prezident seçkilərini boykot etməyə çalışıb. Ümid edirik ki, Ə.Şərifovun bu cür qanunsuz əməlləri tezliklə öz hüquqi qiymətini alacaqdır.