ANTİK DÜNYANIN SİRLƏRİ


131_nMəsaim Abdullayev
Atlantida – əbədi qeyb olmuş ada
Şərqdə Əflatun kimi tanınan böyük yunan filosofu Platon süjetini dialoq şəklində qurduğu “Timey” və “Kritiy” əsərlərində əfsanəvi Atlantida adası haqqında geniş məlumat verib. Dənizin dibinə çökmüş bu əfsanəvi ada barədə mübahisələr, bir-birini təkzib edən versiya və mülahizələr artıq iki min ildir ki, bitib-tükənmək bilmir… Atlantida adasını indi harada axtarmırlar: Atlantik okeanında, Cənubi Amerikada, Kiçik Asiyada, Şimal dənizində, hətta Antarktida. Lakin harada ki, onu “tapıblar”, məlum olur ki, həmin tapıntı Əflatunun təsvirlərinə uyğun gəlmir. Bəli, böyük filosofun göstərdiyi koordinatların köməyi ilə də bu sirli torpağın yerini hələ ki, aşkar etmək müyəssər olmur.
Əflatun xoşbəxt Atlantidanın başında çatlayan dəhşətli fəalakətin 9 min əvvəl baş verdiyini (bizim eradan əvvəl X minilliyin ortalarında -red) göstərib. O, elə beləcə də yazıb: “Atlantida suyun altına bir dəhşətli gün və bir dəhşətli gecə ərzində çökdü”. Əflatun Atlantidanı elə məharətlə təsvir edib ki, sanki adanın zəngin şəhərlərini, mərmər saraylarını, möhtəşəm məbədlərini, şəhəri dövrəyə alan su kanallarını, sayı-hesabı olmayan çoxgöyərtəli gəmilərini öz gözləri ilə görüb. O yazır ki, “güclü və müdrik atlantlar dəniz allahı Poseydonun nəslindəndirlər. Atlantidakı “Dənizlər allahı”nın məbədi qızıl və gümüşdən, eləcə də sinklə misin qatışığı olan orixalkdan idi. Poseydon və onun arvadı gözəl Kleytonun şərəfinə ucaldılmış digər bir məbədin də divarları qızıldan idi”.
Əflatunun sözlərinə görə, atlantiyalı kişilərin bir qayda olaraq silahları gümüşdən olurdu, şəhərdə minlərlə döyüş arabaları vardı. Atlantiyalılar mis və gümüş hasil və emal etməyi yaxşı bacarırdılar. Sakinlər at sürmək yarışlarında əylənməyi çox xoşlayırdılar. Adada çoxlu qaynar və soyuq su mənbələri vardı.
Atlantida inkişaf etmiş ticarət mərkəzi idi, tacirlər incə keramik qablar, çeşidli ədviyyat daşıyan gəmilərlə daim zəngin Atlantidanın limanlarına tələsirdilər. Adada sakinlərin içməli su ilə təchiz etmək üçün çayların məcraları süni olaraq dəyişdirilmişdi.
Böyük Atlantida sivilizasiyasının nailiyyətləri arasında elə şeylər var ki, bugünkü oxucuda onlar sadəcə fantastik təsir bağışlaya bilər. Məsələn, atlantiyalılar guya telepat idilər, güclü magiya və ovsunçuluq bacarığına malik idilər, “üçüncü göz vasitəsi ilə” iri, hətta nəhəng əşyaları hərəkətə gətirib yerlərini dəyişdirə bilirdilər. “Üçüncü göz” deyiləndə nə başa düşülür, hələlik sirr olaraq qalır. Məşhur tədqiqatçı Yelena Blavatskaya şübhə etmir ki, Misirdəki məşhur Heops ehramları məhz atlantların dərin bilikləri sayəsində ərsəyə gəlib.
Bütün bu yazılanlara baxmayaraq bir çox alimlər bu əfsanəvi adanın mövcud olmasına şübhə ilə yanaşırlar. Axı, Əflatunun Atlantida barədə qeydlərindən başqa qədim mənbələrdə bu barədə məlumatlara rast gəlinmir. Əflatunun özü də Atlantida haqqında hekayətini Qədim Yunanıstanın “Yeddi müdrik”indən biri sayılan Solona istinadən yazıb. Solon isə, öz növbəsində bu hekayəti Misirdə Günəş ana və kəhkəşan ilahəsi sayılan Neyt məbədində xidmət edən bir kahinin dilindən eşitdiyini yazıb. Kahin hekayətin dürüstlüyünə əmin etmək üçün məbədin divarındakı sirli mozaikanı göstərib. Bütün bunlar Atlantida adasının mövcud olduğunu sübut etmək üçün kifayət edirmi? Birmənalı cavab vermək çətindir. Hər halda bütün şübhələrə rəğmən, Atlantidanın mövcud olmasına olan inam hələ də yaşayır.
Bu mövzuda 5 minə qədər elmi və bədii yazının olması da Atlantidaya marağın azalmadığına dəlalət edir. Atlantidanın mövcud olduğu yerlər barədə hipotezlərin sayı-hesabı yoxdur. Əflatunun movcudluğuna tamamilə əmin olduğu Atlantidanı dünyanın hər yerində, hətta Sibir və Braziliya kimi ekzotik ərazilərdə də axtarırlar. Yeri gəlmişkən, dahi filosofun hekayətinə az-çox dərəcədə uyğun gələn başqa versiyalar da var.
Bir çox tədqiqatçılar bu fikirdədirlər ki, Əflatun Atlantida adı altında Malta adasını təsvir edib. Qeyb olmuş adanı Balear və Kanar adaları rayonunda da axtaranlar olub. Diqqətəlayiq belə bir fikir də var ki, Atlantida Böyük Britaniyada və İrlandiya ərazisində yerləşib, buzlaqların əriməsi nəticəsində suların altında qalıb. Bu, hazırda ən geniş yayılan versiyalardan biridir.
Əflatun böyük ehtimalla Atlantida deyərkən daha çox Krit adasını nəzərdə tutub. Bu versiyanın qızğın tərəfdarları arasında görkəmli fransalı tədqiqatçı Jak İv Kusto da var. Bəlli olduğu kimi, bizim eradan 2600-1450 il əvvəl Kritdə və ətraf adalarda Minoy sivilizasiyası mövcud olub. Minoylular səriştəli tikinti ustaları və dənizçilər olublar. Onların arasından bir çox görkəmli rəssam və heykəltaraşlar çıxıb. Minoylular ən müxtəlif sahələrdə geniş biliklərə sahib idilər. Təsəvvür edin ki, Minoy sakinləri hələ o dövrdə küçələrdə su borularu çəkərək içməli su təchizatı sistemi qura bilmişdilər. Bu sivilizasiya vulkan püskürməsinin qurbanı olub. Vulkan Santorini adasının dağılmasına, nəticədə dənizdə yaranan güclü sunami Kritdə və ətraf adalarda həyatı məhv edib.
Lakin Krit versiyası ilə də hamı razı deyil. Belə ki, Krit fəalkəti onların fikrincə, zaman etibarı ilə uyğun gəlmir. Krit versiyasının tərəfdarları isə hesab edirlər ki, Əflatunu göstərdiyi 9 min il rəqəmi bədii mübaliğə də ola bilər. Bir olan Allah bilir ki, kim haqlıdır.
Fakt budur ki, Atlantların qeyb olmuş sivilizasiyası entuziastları hələ də cəlb edir. Yəqin ki, bu təhqiqatlar Atlantidanın tapılmasına qədər davam edəcək.