BİR DAHA TELERADİO HAQQINDA


terezi_300Qulam Abdullayev niyə şikayətçiyə cavab vermir?

Teleradio Istehsalat Birliyindən redaksiyamıza daxil olan yazılardan birində daha bir fakta toxunulur. Bu, Birliyin Mərkəzi Radio-Televiziya Yayım filialının rəisi Sahibəli Əliyevin həbs məsələsidir. Müəllif yazır ki, həbs zamanı verilən rəsmi informasiyaya görə, Sahibəli Əliyev mərkəzin baş hesabdarı İbadova Məhəbbət Seyfəddin qızı və mühasib İbrahimova Şəlalə İsgəndər qızı ilə əlbir olaraq filialda külli miqdarda dövlət vəsaitini mənimsəyiblər. Ancaq informasiya müəllifi məsələnin heç də belə olmadığını bildirir. Onun yazdığına görə, həmin mənimsəmə əməliyyatı birliyin baş direktoru Əflatun Şərifovdan xəbərsiz həyata keçirilə bilməzdi. Sadəcə olaraq baş direktor öz himayədarlarının köməyi ilə sudan quru çıxa bilib. Sahibəli Əliyev uzunmüddətli həbsə göndərilib. Müəllif yazır: “Bəri başdan qeyd edim ki, İbadova Məhəbbət Seyfəddin qızı da Əflatun Şərifovun yerlisidır. Elə plan da bu yerliçilik, “etibar” prinsipi ilə həyata keçib. Sahibəli Əliyev filialda yeyinti olmasından xəbər tutanda artıq gec olub. O, məsələ barədə ilkin olaraq birliyin baş direktoru Əflatun Şərifova məlumat verib. Ə.Şərifov isə Sahibəli Əliyevin məlumatından dərhal sonra prokurorluğa müraciət edib və Baş Prokurorluqdan mərkəzdə yoxlama aparılmasını xahiş edib. Nəticədə Sahibəli Əliyevin həbsi ilə məsələ qapanıb”.
Müəllif daha sonra yazır: “Maraqlıdır, necə ola bilərdi ki, Teleradio İstehsalat Birliyində külli miqdarda mənimsəmələr olsun, amma Ə.Şərifovun bundan xəbəri olmasın. Əgər həqiqətən də xəbəri olmayıbsa, bunu sadəcə olaraq işə laqeyd münasibət kimi dəyərləndirmək olar, yox olubsa daha pis”.
Əflatun Şərifov haqqındakı əvvəlki yazılarımızda onun Azərbaycan Respublikasının Seckilər haqqında Qanunu ilə hesablaşmaması, birlikdə qohumbazlıq hallarına yol verməsi və s. məsələlərə geniş toxunmuşdiq. Hətta bəzi qiymətli metalların “spisat” adı ilə birlikdən yoxa çıxmasını da qeyd eləmişdik. Üstəlik, bu yazıları Respublika Prokurorluğuna, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbəri, hörmətli nazirimiz Əli Abbasova da ünvanlamışıq. Lakin təəssüf ki, adıçəkilən instansiyaların heç birindən indiyədək rəsmi cavab almamışıq. Nəhayət, bu günlərdə birliyin birbaşa tabe olduğu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə telefon əlaqəsi saxlamağa çalışdıq. Bir neçə mərhələdən sonra məktubumuzun nazirliyin məsul işçisi Qulam Abddullayevə verildiyini öyrəndik. Q. Abdullayev çox laqeyd şəkildə “sizin məktubunuza Ə.Şərifov cavab verib də… daha nə istəyuirsiniuz?”- deyərək fikrini çox lakonik şəkildə tamamladı. İkinci zəngimizdən sonra Q.Abdullayev bizi onun işinə mane olmaqda günahlandırdı. Onun sözündən belə çıxdı ki, iki ay bundan əvvəl göndərdiyimiz məktuba cavab istəməyimiz çox böyük qəbahətdir.
Amma sonradan Q.Abdullayevin əsəbinin səbəbini öyrəndik. Məlum oldu ki, Q.Abdullayevin qardaşı hazırda Ə. Şərifovun idarəsində “çalışır”. Özü də vaxtilə həmin idarədə işləyib. Bəlkə də məktubumuzun uzun müddət cavabsız qalması Q.Abdullayevin birliklə “isti münasibətlərindən” doğur…
Nə isə qayıdaq ötən dəfə toxunduğumuz məsələyə. Əflatun Şərifov redaksiyamıza göndərdiyi məktublarda T.Məmmədazdənin ondan şikayət etməsini daha çox adıçəkilən işçinin dərəcə ala bilməməsi ilə əlaqələndirməyə çalışır. T.Məmmədzadə isə vaxtilə dərəcə almaq üçün baş direktora müraciət etsə də, hazırda məqsədinin bu məsələ olmadığını bildirir. O, birlikdə qayda-qanun yaradılmasını və Ə.Şərifovun qanunlarımıza hörmətlə yanaşmasını tələb etdiyini deyir. Məsələn, Ə.Şərifovun Seçki Qanununa əsaslanan dövlət tədbirinə qarşı çıxması faktına ayrı-ayrı dövlət instansiyalarının barmaqarası baxmasını heç cür başa düşmədiyini bildirir. Bundan əlavə, T.Məmmədzadə şikayətlərində dəfələrlə birlikdə mənimsəmələr olması faktını vurğulayıb. T.Məmmədzadə yazır ki, birliyin təhcizat şöbəsinin müdiri Mustafa Qarayev hec kimdən cəkinmədən özbaşnalıqlarını bu gün də davam etdirməkdədir.
T.Məmmədzadənin və birliyin adını çəkmək istəmədiyimiz digər əməkdaşlarının şikayət xarakterli müraciətləri ilə bağlı redaksiya olaraq Ə.Şərifovla əlaqə saxlayaraq onun məsələyə yazılı münasibət bildirməsini xahiş etdikdə, baş direktor deyilənlərin cəfəngiyyat olduğunu qeyd elədi. T.Məmmədzadəni isə işdə səhlənkarlıq edən, növbədə olarkən nizam-intizama riayət etməyən şəxs kimi dəyərləndirdi. Əgər işçi qanunu pozursa, deməli o, cəzalanmalıdır, amma onu da qeyd edək ki, T.Məmmədzadə indiyədək rəhbərlik tərəfindən heç inzibati cəza almayıb. Belə olan halda isə kimin düz, kimin yalan danışması öz-özünə aydın olur.
T.Məmmədov