MƏHƏMMƏD PEYĞƏMBƏR TÜRK PEYĞƏMBƏRLƏRİ SOYUNDAN GƏLƏN BİR TÜRKDÜR!


3818Seyran Kazımoğlu Filologiya elmləri namizədi
Bu, islam tarixindəki araşdırıcıların, bizcə, ən cəsarətlisi, həqiqətin harada gizləndiyini tapmaq istəyində olanı filologiya elmləri doktoru Məmmədhəsən Qəmbərlinin qaynaqlara və gerçək tədqiqatlara-tarixi-elmi tutarğalara (faktlara) söykənərək gəldiyi sonucduр.Belə ki, uzun illər işlə-araşdırıcıqla uğraşan, ağır əməyə qatlaşaraq 1998-ci ildə çap etdirdiyi “Ərəb ədəbi-bədii qaynaqlarında türk” adlı çox sanballı bir əsəri, onun ardınca 9-cu tüzilliyin azman simalarından olan filosof yazıçı, ensiklopedik zəka sahibi Əbu Osman Əmr bin Bəhrəl Cahizin (775-868) türk tarixi üçün əvəzsiz qaynaq olan və 2001-ci ildə nəşr edilən, hazırda çap üçün nəşriyyata təqdim etdiyi “Həzrəti Məhəmmədin hadisələrində ümumbəşəri dəyərlər” təki orijinal tutumlu əsərlər üzərində işləyərkən, qaynaqlarda bəzən bir-biri ilə üst-üstə düşən, bəzən də əksinə, bir-birini inkar edən, tarixi fakt kimi təqdim edilmiş yazılarla üzləşdikcə onları hər tərəfli öyrənməklə gerçəyi tapmaq üçün araşdırmaq, açıqlamaq məcburiyyətində qalmış və Həzrəti Məhəmmədin soykökü haqqında ayrı-ayrı qaynaqlardan-elmi, tarixi, dini ədəbiyyatdan əldə edilən biliklər bir yerə toplandıqda bu möhtəşəm kitabçanın (Məmmədhəsən Qəmbərli. Qaynaqlardan gələn soraqlar. Bakı-2006) məzmunu əldə edilmiş və ortaya çıxmışdır.
Müəllif bunu elə “Ön söz”dəcə vurğulayır”…(Peyğəmbərin soykökünün araşdırılması-S.K), bizim üçün ayrıca və məqsədyönlü bir araşdırma mövzusu olmayıb. Öncəki tədqiqatlarımız zamanı bir sıra faktlar və dəlilərlə üzləşdik. Üzləşdiyimiz bu tarixi, dini, ədəbi fakt və dəlilərə söykənib bu barədə bir qədər geniş açıqlama vermək istərdik” (s.3).
Tədqiqatçı bu tarixi faktları böyük bir ustalıqla yan-yan düzərək elə sadə bir dillə oxucuya çatdırır ki, o, sanki, ovsunlanmış olur. Hətta bir anlığa bu sıralamanın nəyin bahasına başa gəldiyini unudaraq “burda qeyri-adi nə var ki, bu kitablar- qaynaqlar məndə olsaydı, məndə yazardım”, deyə düşünür. Lap bayatılarımıza münasibətdə olduğu kimi. Bayatını bir dəfə oxmaqla yadında saxlayan, onu əzbərləyə bilən orta yaddaşlı oxucu “belə asan şeyi yazmağa nə var” düşünərkən ha fikirləşsə də onun oxşarını yarada bilmir. Çünki ən böyük çətinlik elə sadəlikdədir. Bu sadəlik isə yuxusuz gecələrin, gərgin əməyin hesabına başa gəlir.
Şükürlər olsun ki, Məmmədhəsən müəllimin əməyi boşa getmədi: özülü gerçəklikdən qoyulan, kökü ən dərin qatlarda gizlənən bir soy ağacının gerçək meyvəsini yetişdirən havanın, suyun, torpağın-münbit mühitin adı bilindi: Həzrəti Məhəmmədin türk soyundan olması yetərincə sübut edildi. Tədqiqatçının bizə çatdırdığı elmi-tarixi gerçəklik və yenilik budur;
1) Çox əski çağlarda orta Asiyada Çinin quzeyində yaşayan əski türk tayfaları indiki Özbəkistan, Cənubi Qafqaz və İran çöllərindən keçərək, Qara dəniz boğazından dönüb Bosfor körfəzinə çatmış və Ərəbistan yarmadasına gələrək Dəclə ilə Fərat çaylarınınn hər iki tərəfinə yayılmışlar. (s.9). Bu tayfalar sonralar tarixə şumerlər (sumerlər) adı ilə düşmüş, təqribən miladdan üç min il öncə iki çay arasında Babil dövləti qurmuşlar. (s.9-10). “Şumerlərinsə Orta Asiyadan gəlmə türklər olması artıq mübahisə obyekti deyildir” (c.8-9).
Hz. İsanın ölumundan təqribən iki min il öncə indiki İraqın, o zamankı Babilin Qusa kəndində həmin türk tayfalarından birinin ailəsində hz. İbrahim dünyaya gəlmişdir (s.8.) Burada müəllif özəlliklə vurğulayır ki: “İbrahim nə yəhudi, nə də xaçpərəst idi… O, hənif (tək Tanrıya ürəkdən inanan – S.K.)…idi”… “Yəhudi irqi hz. İbrahimdən bir az sonra meydana çıxmışdır.” (s.12.)
Hz. İbrahimin ilk qadını Saradan uşağı olmadığından Saranın məsləhəti və razılığı ilə evin qarabaşı Həcərlə evlənir. Ondan İsmayıl adını verdikləri oğlan olur. Oğlan böyüdükcə qısqanclıq da Saraya güc gəlir və hz. İbrahimdən ananı da, balanı da evdən qovmağı tələb edir. Hz. İbrahim ana-balanı götürüb Məkkəyə gəlir. “Həcər uzun axtarışdan sonra Zəmzəm quyusunu tapır”. Elə bu çaylarda indiki Suriyanın paytaxtı Şamdan (indiki Dəməşq) Cürhumi adlı ərəb tayfası Məkkə tərəfə gəlir və orada su olduğunu bildikdə o yerlərdə yaşamağa başlayır. “Beləliklə, Məkkənin ilk ərəb sakinləri Cümhumilər olur” (s.12-13).
Türk İbrahimin oğlu İsmayıl onların içində tək “yabançı” idi və bu tək çoxluğun dilini öyrənməyə məhkum idi. Elə də oldu. İsmayıl ərəb dilini öyrəndi və get-gedə ərəbləşdi-müstərəb (ərəbləşmiş) oldu. (s.13). Beləliklə əgər “İbrahim peyğəmbər türk isə, böyük oğlu İsmayılın da 13 yaşından sonra ərəbləşmiş (bir) türk olması şübhə doğurmamalıdır” (s.15).
Cahiz İsmayılın ərəb diliini öyrənməsi barədə “Anlatma və aydınlaşdırma” (“əl-Bəyan və – t-təbyin”) adlı əsərində belə yazır: “Ulu Tanrı İbrahim oğlu İsmayıla məşq etmədən, hazırlaşmadan, alışdırmadan aydın ərəbcə dedirtdi. Necə ki, valideynləri ərəb olmadığı halda özü ərəb oldu” (Bax: S. Kazımoğlu, Cahizin ədəbi görüşləri. Bakı, Elm, 2005. səh.117). Burada Cahiz birbaşa türk adını çəkməsə də, İsmayılın ata-anasının qeyri-ərəb olduğunu təsdiqləyir. Bu da yuxarıda deyilənlərin şübhə altına alınmasının qarşısını alır.
Mötəbər qaynaqlara söykənən tədqiqatçı bu tarixi olayları İsmayılın üzərinə ona görə gətirir ki, hz. Məhəmməd soy baxımından onun nəslinin törəməsidir. “Əsl ərəblərə “ərəbüaribə”, İsmayılın nəslinə isə “ərəbü-müstərəbə” (ərəbləşmiş ərəblər) deyirlər. Peyğəmbərimiz Məhəmməd əl-Mustafa həzrətləri ərəbü-müstərəbədəndir” (s.15). Bunu dövrünün böyük bilicisi Cahiz də təsdiqləyir: “Ərəblər Ədnanilər və Qəhtanilər olmaqla iki qismə bölünürlər,… bizim (türklərin-S.K.) xəlifələrə (peyğəmbərin ardıcıllarına – S.K.) qohumluğumuz onların (Qəhtanilərin – S.K.) qohumluğundan daha yaxındır. Bizim onlarla daha sıx qan qohumluğumuz vardır. Çünki xəlifə Qəhtan və Abiri deyil, İsmayıl bir İbrahim oğlularındandır” (s.29-30).
2) Tədqiqatçı alim dediklərinin köklü və əsaslı olmasını təmin etmək üçün eyni bir məsələni bir neçə yöndən işıqlandırmağa çalışaraq, belə bir cəhətə diqqət yetirir ki: “Tarixi və dini qaynaqlarda, xüsusilə hədislərdə türkün başqa bir adı kimi “Bənu Qantura” (Qantura oğulları) işlənməkdədi”. (s.30). Biz bu adı “Dədə Qorqud” boylarından Qanlı Qoca oğlu Qanturalı kimi tanıyırıq. “At keçməyən yerlərdən keçən, qərib ellərə qəflətən düşən, aslanın belini bükən…” bu yenilməz igid qalın Oğuz bəylərindəndir. Məmmədhəsən müəllimin haqqında danışdığı Qantura isə qadındır. Bizcə, türkcəmizdə cins kateqoriyasının olmamasını, yüzlərlə sözümüzün oğlan və qız üçün ortaq ad ola bilməsini və Qanturalının türklüyünün sübuta ehtiyacı olmadığını göz önündə tutsaq, araşdırıcının üz tutduğunu qaynaqlardakı Qanturanın türklüyünü təsdiqləyənlərə inanmağa heç bir haqqın olmadığı daha aydın görünər.
Qaynaqlara gəlincə, “Qanturanın bir türk xaqanının qızı olmasını təsdiqləyir” (s.24).
Qaynaqlarda bu da təsdiqlənir ki, “Qantura İbrahim peyğəmbərin cariyələrindən biridir” , “İbrahim bir türk xaqanın qızı ilə evləndi” (s.23-24). Bütün bunlar inandırıcı və anlaşıqlıdı.
Lakin oxucu üçün qaranlıq qalan və işıqlandırılması gərək olan bəzi məqamlar da vardır;
a) xaqan qızının “cariyə”yə çevrilməsi nə ilə bağlıdır? Hz.İbrahimin peyğəmbərliyi iləmi, yoxsa Qanturanın, belə deyək, hər hansı bir səbəbdənsə “şahzadəliyini” itirməsindənmi?
b) bir çox yerdə önəmli qaynaq kimi Cahizə üz tuturuqsa, “İbrahimin… sonra dünyaya gələn altı oğlu isə Məftun adlı xalis bir ərəbin Qantura adlı qızındandır” (s.24-25) fikrini niyə əsas götürmürük?
Diqqətlə oxuduqda müəllifin bu və buna bənzər sualları cavablandırdığını görürük. Məsələn, araşdırıcı “Peyğəmbərlər tarixi” adlı mötəbər bir qaynaqdan belə bir sitat gətirir: “İbrahim əleyhissəlam Qatura (və ya Qantura) binti Yektan əl-Kənani ilə evləndi” (s.25). Bu sitatdakı fikrə məntiqi baxımından yanaşsaq, əgər hz. İbrahim türkdürsə, həm də əl-Kənani ilə birlikdə müstərəb (qeyri-ərəb) sayılan Ədnan soyundandırsa (s.29-30), başqa sözlə, türkdürsə, onda Yektan da, onun qızı Qantura da türk olacaqdır. Belə də fikirləşmək olar: qızı Qantura olan və adı çəkilən naməlum türk xaqanı Yəktan əl-Kənani ola bilməzmi? Yaxud ayrı-ayrı türk böyüklərinin Qantura adı qızları ola bilməzmi?
Bu suallara cavab tapıla da bilər, tapılmaya da, lakin ayrı-ayrı qaynaqlarda verilən belə bir fikir üst-üstə düşür ki: ”… İbrahim peyğəmbərin Qanturadan olan oğullarından bir neçəsinin (üç və ya dördünün) Xorasanda yerləşməsi və Xorasan – Şərqi Türküstan türklərinin soykökünü əmələ gətirmələridir” (s.26). Bu gün xalqda işlənən “Xorasan tükləri” deyimi bu fikri bir daha təsdiqləyir. Belə ki, bu deyimin əsasız olmadığı göz qabağındadır: ”Od yanmasa, tüstü çıxmaz”. Cahizin yuxarıda dediyimiz fikrinə gəlincə, müəllif ona belə münasibət bildirir ki: ”… Cahiz İbrahimin türklüyünü dolayısı ilə təsdiq etmiş olur” (s.28). Belə ki, “əgər…İbrahimin oğulları Xorasan-Şərqi Türküstan türklərinin soykökünü təşkil etmişlərsə, demək, İbrahim peyğəmbərin türklüyünə şübhə yeri qalmır” (s.28)
Cahiz İbrahimin türklüyünü dolayısı ilə təsdiq etmiş olur. (s.28). Belə ki, «əgər…İbrahimin oğulları Xorasan-Şərqi Türküstan türklərinin soykökünü təşkil etmişlərsə, demək, İbrahim peyğəmbərin türklüyünə şübhə yeri qalmır» (s.28)
3) Bizcə, burda belə bir haşiyə çıxmaq yerinə düşərdi ki, Cahizin özü də Ədnandandır (Bax: Seyran Kazımoğlu. Göstərilən əsər, səh.34 və 170, A-12). Ədnanın müstərəb (ərəbləşmiş=qeyri-ərəb) olması təkcə əski qaynaqlarda deyil, çağdaş izahlı lüğətlərdə də yer almışdır. (Bax: əl-Muncid. Fil-əlam. 10-nəşr. Beyrut, 1982. Səh.44). XI yüzilin böyük mütəfəkkirlərindən olan Əbdül Qahir Bağdadi (?-1038) «əl-Fərq beynəl firaq» əsərində yazır: «Cahizə deyirlər ki, əgər sən Kənanisənsə, «Qəhtanilərin (özlərini) Kinanilər və başqa Ədnanilərdən üstün tutub öyünmələri» kitabını necə yaza bilərdin? Yox, əgər ərəbsənsə: (va in kənə ərabiyyən-sualın qoyuluşuna bax!), onda «Məvalilərin (qeyri-ərəblərin) ərəblərdən üstünlüyü» əsərini yaza bilməzsən» (Bax: «əl-Mavrid» dərgisi. Cahizə həsr edilmiş xüsusi buraxılış. VII cild. IV say. Bağdad, 1978. Səh.85).
Bunları yada salmaqda sayğılı oxuculara xatırlatmaq istəyirik ki, bu suallar insanları lap çoxdan düşündürüb. Sadəcə olaraq açıq şəkildə hz.Məhəmməd haqqında deyil, bir başqası haqqında deyiblər. Axı, «babam türkdür, mən ərəbəm» düsturu qəbul ediləsi deyil. Bu gün minlərlə təmizqanlı tatar, qırğız, başqırd, yakut və başqa türklər var ki, ana dilini bilmir. Onlar anketlərdə elə də yazdırırlar: milliyyəti-tatar, ana dili-rus dili və s.
Əgər həyatda belə şeylər yoxsa, məsələn, Qəhtanilərlə Ədnanilər, soykökcə fərqli deyilsə, bu haqda danışmaq kimə və nəyə gərəkdir? Yox əgər varsa, onda həqiqət üzə çıxmalıdır. Yaxşı ki, bu işin ilk qulpundan yapışan bizim Məmmədhəsən müəllim oldu.
Cahiz hz.İbrahimin ərəb olmadığını təsdiqləsə də, türk olduğunu demir. Bizə qalarsa, bu bilgisizlikdən deyil, qorxudan idi. Cahizin həyatı ilə az-çox tanış olanlar bilir ki, onun həyatı ölüm təhlükələri ilə dolu olub. Hətta onun ölümlə üz-üzə gəldiyi çağların olduğu və hazırcavablığı sayəsində ölümdən qurtardığı da bəllidir. (S.Kazımoğlu. Göstərilən əsər. Səh.33-43: 170, A-19).
Cahiz müəllifin söykəndiyi əsas qaynaqlardandır. Belə ki, «ərəb mütəfəkkirlərinin şeyxi» adlandırılan Cahizin məlumatları qiymətliliyi baxımından da önəmlidir. O, türkləri yaxşı tanıdığından, onların fəzilətlərinə yaxından bələd olduğundan dedikləri də inandırıcı görünür. Belə məlumatlar daMəmmədhəsən müəllimin gözündən yayınmır: «Türklərin yaxınlığı (qohumluğu) Qureyş seçmələr və Əbd Manaf oğulları ilədir. Odur ki, türklər həm parlaqlıqda, həm fəzilətdə, həm böyüklük və şərəfdə, həm də qədimlik və şan-şöhrətdə başqalarından üstün idilər» (s.33-34).
4) Müəllif tədqiqatında hamımızın qarşılaşdığı, lakin fikir vermədiyimiz, fikir versək də nəticəsiz qalan və uzun illərdən bəri ədəbiyyat müəllimlərini çaşdıran, açıqlanılması qaçılmaz olan bir məsələyə də toxunur. Belə ki, Qüreyşin,Bəni Haşimin türklüyündən danışarkən bundan sonra bizim də adi sayacağımız bir nümunəni – filosof şairimiz İmadəddin Nəsiminin «Sığmazam» rədifli qəzəlinin «Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm, məndən uludur ayətim, ayətə , şanə sığmazam!» məqtə beytini dəlil, sübut kimi önə çəkir. (s.35)
Professor Əliyar Səfərli bu beyti: «Bu gün Nəsimiyəm, Naşimiyəm, Qüreyş oymağındanam» şəklində açıqlamışsa da, bizcə bu, yetərincə deyil. Belə ki, türklük məsələsi ortaya qoyulmayanda «mən Qüreyş elindənəm» deməyin anlamı yarımçıq görünür və oxucuya çatmır. Əgər Əliyar müəllim qorxaq adam olsaydı, deyərdik ki, qorxudan türk sözünü dilinə gətirməyib. Görünür, Məmmədhəsən müəllimin bu izaha qarışması gərəkmiş. Belə ki, «Qaynaqlardan gələn soraqlar»dan sonra bu sözlərin heç yozuma da ehtiyacı yoxdur. Kişi ana dilində deyir ki,nə qədər ki, Nəsimiyəm, elə o qədər də haşimiyəm,qüreyşiyəm, yəni mən Seyid Əli nə dərəcədə Nəsimiyə aidəmsə, bağlıyamsa, o qədər də Haşimə, Qüreyşə bağlıyam. Nəsiminin türklüyü isə şübhə ediləcək deyil.
Burda belə demək də yerinə düşür ki, məgər Nəsimi kimi ustad söz tapmırdı ki, «haşimiyəm,qüreyşiyəm» yazırdı? «Şirvanlıyam, Şirvanlıyam» yaza bilməzdimi? Axı, kim yalandan özünü başqasına aid edər? Fikir verin, Azərbaycandakı etniklərin yüzdə yüzü çox həvəslə «azərbaycanlıyam» dedikləri halda, «türkəm» deməyə dilləri gəlmir, bu sözü deməkdə çox çətinlik çəkirlər ki, bu da təbiidir. Heç onları məcbur edən də yoxdur. Elə götürək Sovet dönəmindən sonrakı illərdə ölkəmizdəki «dölət dili» barədəki müzakirələri… Bu müzakirələr kimin kim olduğunu millətə anlatmadımı?
Başqa bir fakt, farsca yazan şairlərimiz türk olduqları üçün öyünməyiblərmi? Onların hansı bir fars olduğunu deyib, yaxud farsca yazdıqları üçün öyünməyiblər. Nəsimi də Qüreyşə, Haşimə aidiyyəti, qarışacağı olmasaydı, o cür yazmazdı.
5) XIII yüzildə yaşamış görkəmli tarixçi Ravəndi isə bu işdə lap qaşqasından nişan alıb. Elə bil ki, bu faktı Məmmədhəsən müəllimin axtaracağını duyaraq yazıb ki: «O (peyğəmbər), … qıyıqgözlü bir türk idi…» (s.41). «Mən qaşqasından nişan alıb deyirəm, ona görə ki, elə-belə türk» yazmaq olar və yazıblar da… Ancaq «qıyıqgözlü türk» yazmaq quşu gözündən vurmaqdır. Necə ki,Almas Yıldırım «Qara dastan» şerində : «mənim çəkik gözlü yarım sürülmüş» (başqa bir varianda: «mənim badam gözlü yarım sürülmüş») deyir.
Sonra böyük Nizamiyə üz tutan müəllif orijinaldan yararlanmaqla sətri tərcüməsi «…Əhsən o türkə (hz. Məhəmməd-S.K.) ki, yeddi tayfanın başçısıdır» olan və 1948-ci ildə çap edilən «Xosrov və Şirin»də bədii tərcüməsi: «O yeddi tayfada bu türk uludur» gedən mətndən sonrakı çaplarda türk sözünü çıxarmış, əvəzində «gözəl» yazmışlar ki, bu da mənanın təhrif edilməsinə gətirib çıxarmışdır: «O yeddi tayfada gözəl uludur». (Bax: səh. 43-46). Necə ki, vaxtilə Səməd Vurğunun «Çadrasız, boyasız türk qızlarından» misrasındakı «türk» bir variantda «sən», başqa bir variantda isə «el»lə əvəzləndi. Sovet rejiminin türkə düşmən kəsildiyi o illərdə belə şeylər adi hal idi.
Ancaq Məmmədhəsən müəllimin bu faktı axtarıb tapması isə özlüyündə bir alim fədəkarlığıdır. Yəqin ki, alimi şübhələndirən «gözəl»in yerində olmaması olubdur. Ancaq bunu da sezmək gərəkdir. Bu baxımdan hörmətli alim «qüdrətli qələm sahibi M.Ə.Rəsulzadə»yə və başqa nizamişünaslara münasibətdə uğurlu bir mövqe tutur. Belə ki, müəllifə görə, bu adamlar»bu və ya digər dərəcədə bundan (peyğəmbərin türklüyündən – S.K.) xəbərdar olmamış deyildilər»… Bəlkə də tərcümə müəllifləri sözü olduğu kimi saxlamaqla həqiqətin izini itirməmək və bizi düşünməyə vadar etmək amacı güdmüşdülər?» (səh.45-46)
Bizcə, bu, doğrudan da belədir, ancaq hamı üçün yox. Məsələn, biz belə düşünürük ki, Məmmədəmin bəyin əsas işi siyasət olduğundan başını cəncələ salmaq istəməyib. Məmmədhəsən müəllimi bu çətinliyə dözməyə məcbur edən, bu dərinliyə aparan onun ruhudur.
Roza Eyvazovanın məqaləsinə gəlincə, Məmmədhəsən müəllim yazır ki, Nizaminin Ərəbistanda türkün etnos olaraq meydana gəlmə tarixini bilməsi məsələsində R.Eyvazovanın bizimlə həmrəy olduğu görünməkdədir. (s.49). ədəbiyyat siyahısından göründüyü kimi , müəllif həmin məqaləni 2004-cü ildə «Elm» qəzetində çap etdirib, mövzusu da Nizami Gəncəvinin «türk» sözünün işlənmə məqamları»dır. Göz önündə tutsaq ki, Sovet dönəmi arxada qalıb, deməli, deməli Roza xanımı sözünü açıq deməkdən çəkindirəcək qüvvə də olmayıb.
Müəllif tədqiqatın sonunda hz.Məhəmmədin türk dilini bilməsi və bu dildə türk xaqanlarına məktub yazmasını (s.54), təzyiqlərə məruz qalmış imam övladlarının canlarını götürüb qaçaraq, Azərbaycan ərazisinə sığınmalarını, «türk əsgərlərinin hz. Peyğəmbərin nəvəsi İmam Hüseyni Kərbəla faciəsindən xilas edib Azərbaycana aparmaq, istək və təşəbbüsündə bulunduqlarının bir səbəbi olduğunu diqqətə çatdırır. Hz. İbrahimin atasının adının Azər olmasını, özününsə tək Allaha-Göy Tanrıya inanmasını gözə çarpdırır».
Müəllif son olaraq «Ön söz»də dediyi belə bir fikri bir daha vurğulayır ki, «Hz.Məhəmmədinəsil-nəsəbi haqqında bütün bu deyilənlər … əsassız, emosional, sensasiyalı fikirlər toplusu deyil, elmi-məntiqi araşdırmalar ilə qələmə alınmışdır». «…Hz.Məhəmməd milli kimliyndən asılı olmayaraq… bəşəriyyətə göndərilmiş sonuncu peyğəmbərdir» (s.56-57).
Beləliklə, fədakar alim, türk oğlu Məmmədhəsən Qəmərlinin uzun illərin bəhrəsi olan və bu yaxınlarda çapdan çıxmasına baxmayaraq, titul səhifəsində «Bakı-2007» yazılan bu kitabça dilimizi, dinimizi, tariximizi, ən başlıcası isə gerçəyi sevənlərə çox dəyərli bir hədiyyədir. Kitabçanın «Qaynaqlardan gələn soraqlar» adlandırılması da onda toplanan fikirlərin sırf elmi məqsəd daşıdığını və amacı qaynaqlardakı anlaşılmazlıqlara bir aydınlıq gətirmək, mətnlərdəki zidiyyətli məqamları üzə çıxarmaq, onların mahiyyətindəki gerçəkliyi qoparıb çıxarmaq cəhdinin təsdiqindən başqa bir nəsnə olmadığını göstərir.
Hz.Məhəmmədin türk və ya ərəb olması onun bəşəriyyət üçün olan dəyərini nə artırır, nə də azaldır. Onun türklüyü ortaya çıxarılanda, sadəcə olaraq, tarixin özündə gizlətdiyi bir sirin üstü açılır – həqiqət yerini tapır. Bizcə, bu araşdırmanın dəyəri də elə bunda – haqqın yerini tapmasındadır.