NİZAMİ GƏNCƏVİNİN İRSİNDƏ TÜRKLÜK VƏ İSLAMLIQ


n genc eserlerinden ibFaiq Ələkbərov
Hazırda Azərbaycan-türk fəlsəfəsi və mədəniyyətinin inciləri sayılan mütəfəkkirlərin Ə.Bəhmən­yar, N.Gəncəvi, Xaqani, N.Tusi, İ.Nəsimi, M.Füzuli və b. ya­radıcılığından bəhs olunarkən, onların Azərbaycan xal­qı­nın qədim dini-fəlsəfi dünyagörüşü ilə bağlı fikirləri təd­qi­qatlardan, həmçinin Azərbaycan türk fəlsəfəsi, Azərbaycan türk tari­xi və s. adlanan mühüm əhəmiyyətə malik olan elmi yazı­lar­dan ya kənarda qalmış, ya da çox cüzi şəkildə təfsir olun­muş­dur. Halbuki onların dünyagörüşündə türk mənsubiyyətinə, türk ruhuna, eləcə də islama dair motivlər güclüdür. Bu mütəfəkkirlər birmənalı şəkildə özlərini türk adlandırmış və türklükləri ilə də fəxr etmişlər. Onların arasında böyük türk şair-mütəfəkkiri, filosofu Nizami Gəncəvinin yaradıcılığında əski türk düşün­cə­si­nə, türk dini etiqadlarına, ümumilikdə türk mədəniyyətinə-fəl­səfəsinə meyil daha çox hiss olunur. N.Gəncəvi «Xəm­sə»sini («Beşliy»ini) farsca yazmasına baxmayaraq, türk düşüncəsini, türk adət-ənənəsini, türk əxlaqını, ümumilikdə türk mifoloji, dini-fəlsəfi və milli-mənəvi dünyagörüşünü təbliğ etmişdi.
N.Gəncəviyə görə, dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, igidlik, pa­klıq və s. kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa türkə, türk millətinə aiddir. Filosof-şair «Sirlər xəzinəsi»ndə dəfə­lər­lə türk düşüncəsinə, türk etiqadlarına müraciət etmişdi: «Türkə bənzər yasəmən çöldə qurub ağ çadır, Çadırın aypa­ra­sı Sürəyyaya nur saçır». Burada o, ağ yasaməni qıpçaqlarda (əngin çöllərdə) yurd salmış türklərin aypara şəkilli döyüşçü çadırına oxşadır və bu çadır guya, o qədər əzəmətlidir ki, Surəyya ulduzunadək ucalıb ona şölə verir. Nizami daha sonra yazır: «Lalənin bağrı qara – ərəb yavrusu kimi, Türk yasəmən Yəməndə Süheyl ulduzu kimi!». «Türk yasəmən» ifadəsi Nizaminin ənənəvi məcaz­la­­rındandır və türkün qədim dövrlərdən əbədi bahar, tə­zə­lik, paklıq rəmzi olduğuna işarədir. «Qarı ilə Sultan Səncə­rin hekayəti»ndə isə Nizami türk hökmdarını ədalətli və vicandlı olmağa çağırır. Nizamiyə görə, türk hökmdarları heç bir zaman zalım və ədalətsiz olmamışlar, Sultan Sən­cə­rin buna uyğun olmayan davranışı isə türk adına şərəf gə­tir­mir. Ona görə də, Nizami bir qarının dilindən türk hökm­da­rı Sultan Səncəri ədalətsiz işlərinə görə belə ittiham edir: «Dağ kimi ucalmışdı bir zaman Türk dövləti, Sarmışdı məm­ləkəti ədaləti, şəfqəti. Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san, Demək, sən türk deyilsən, yağmaçı bir hindusan». Fikrimizcə, burada N.Gəncəvi bir tərəfdən Sultan Səncərin timsalında türk hökmdarlarını türk düşüncəsinə, türk adət-ənənələrinə əməl etməyə çağırmaqla yanaşı, onları pis əməllərdən çəkindirməyə çalışmış və başqa tərəfdən Azər­bay­canda bir Türk dövlətinin hakim olduğuna işarə etmişdir.
«Xosrov və Şirin» poemasında isə N.Gəncəvi açıq şəkildə yazır ki, türklərin köku bu millətin ulu əcdadı Alp Ər Tonqa, dini etiqadı isə Günəşə sitayişlə bağlıdır: «Əgəp o aydırsa, biz aftiabıq (Günəş – F.Ə.), O Keyxosrovdursa, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa-F.Ə.)». Eləcə də, N.Gəncəvinin zərdüşti Sasani hökmdarı Pərvizin Mə­həm­məd peyğəmbərin məktubuna qarşı göstərdiyi hör­mət­siz­liyə münasibəti də göstərir ki, o, fars düşüncəsindən çox-çox uzaq olmuşdu. Gəncəli Nizami atəşpərəst dininə ta­pı­nan fars Pərvizin peyğəmbərin məktubunu cırmasını «qu­duz­luq» kimi qiymətləndirmişdi.
Fikrimizcə, N.Gəncəvinin «İskəndərnamə»ni yazmaqda məqsədi yalnız Makedoniyalı İskəndərin timsalında adil hökmdarı, ədalətli cəmiyyəti təsvir etmək deyil, eyni za­man­da türk millətinin qədimliyini, türk inanclarını, adət-ənə­nə­lə­rini və s. dünyaya tanıtdırmaq olmuşdu. Bu baxım­dan N.Gən­cəvinin Makedoniyalı İskəndəri türk dünyasının bir hissəsi olan Azərbaycana, daha sonra Qıpçaq elinə apar­ması təsadüfi ola bilməzdi. N.Gəncəvinin burada başlıca məqsədi Azərbaycanda, Qafqazda, Orta Asiyada və b. yerlərdə yaşayan türklərin adət-ənənələrini, mədəniyyə­ti­ni, düşüncələrini və s. açıqlamaq olmuşdu. Məsələn, İskən­də­ri Qıpçaq ellərinə aparan N.Gəncəvi yazır ki, Qıpçaq türk­lərinin adət-ənənələri böyük fatehi mat qoyur. Xüsusilə qadınların üzlərini örtməməsi və kişilərdən qaçmaması İs­kən­dəri təəccübləndirir. İskəndər qıpçaqların ağsaqqallarını başına yığaraq bu adətlərindən əl çəkməyə çağırır: «Örtülü dedi çöl qıpçaqlarına: «Üzünü gizləmək xoşdur qadına». Qıpçaq türkləri isə İskəndəri başa salırlar ki, onlar adətlərini dəyişməyəcəklər, makdeoniyalı fateh isə hiylə işlətməklə istəyinə çatır.
NIZAMI-GENCE
Nizaminin yaradıcılığında zərdüştiliyin, atəşpərəstliyin birmənalı şəkildə pislənməsi, eləcə də Makedoniyalı İskən­də­ri bu dini dünyadan təmizlədyi üçün tərifləməsi, heç də təsadüf ola bilməzdi. Əgər Firdovsi «Şahna­mə»də fars düşüncəsini, fars dini etiqadlarını, fars dün­ya­gö­rü­şünü təbliğ etmişdirsə, N.Gəncəvi də «Beşlik»də, o cüm­lə­dən «İskəndərnamə» poemasında türk həyat tərzini, türk dü­şüncəsini, türk dini etiqadlarını, türk adət-ənənələrini, türk dünyagörüşünü və s. böyük ustalıqla əks etdirmişdir.
Göründüyü kimi, N.Gəncəvinin əsərlərində «türk» amili xüsusilə önə çəkilmiş və Azərbaycan türklərin qədim vətəni kimi açıq şəkildə qeyd edilmişdir. «Xosrov və Şirin» poemasında «Dərbənd dənizinin bir sahmanında», «Arrandan başlamış Ərmənə qədər» hökmdarlıq edən Məhin Banunun dilindən Nizami türklüyümüzün qə­dim­liyini bu cür ifadə edir: «Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa – F.Ə.)». Deməli, Arran-Bərdə hökmdarı Məhin Banu özünü Əfrasiyabın, yəni türklərin nəsilindən hesab etmişdi. N.Gəncəvi də Məhin Banunun dilindən bu xalqın kökünün türk olması və türklərin Əfrasiyab (Alp Ər Tonqa) kimi hökm­darının olması ilə fəxr edir. Xüsusilə N.Gəncəvi «İs­kən­dərnamə» poemasında türk xalqlarının qədimliyini, on­ların adət-ənənələrini böyük ustalıqla əks etdirmişdir. Bu əsərində Makedoniyalı İskəndərin Qıpçaq ellərinə səfə­rin­dən bəhs edən N.Gəncəvinin məqsədi türklərin yalnız Azərbaycanda deyil, Orta Asiya və bütün Qafqaz ellərində qədim xalqlardan biri olduğunu sübuta yetirmək olmuşdu. Ümumiyyətlə, N.Gəncəvinin bütün yaradıcılığı bizə onu deməyə əsas verir ki, o bir türk ölkəsində-şəhərində dünyaya gəlmiş, türk kimi böyümüş və türk adına xidmət etmişdir.
N.Gəncəvinin «İskəndərnamə» poemasında türk ölkəsi, türk əhalisi, türk yurdu və s. mənalarda tez-tez ifadə etdiyi «Xəzran», «Xəzər», «xəzərli», «xəzərlər», «Xəzər dağı» anlayışları da göstərir ki, o, bir türk filosofu olmuş və türk ölkəsində yaşamışdır. «Xəzər dağından Çin suyuna qədər Türklərlə doludur bütün bu yerlər» – yazan N.Gəncəvi birincisi, Azərbaycanın qədimdən türk tor­pağı olduğunu, ikincisi isə «Xəzər dağı» ifadəsini işlətməklə həmin dövrdə xəzərlər adlı türk etnosunun mövcudluğunu göstərmək istəmişdir. Başqa tərəfdən N.Gəncəvinin «İskən­dər­namə»sində görürük ki, İskəndərin qoşununda türklər olduğu kimi, rusların da qoşununda Xəzər, Xəzran ölkə­sin­dən gəlmiş «xəzərlər» adlı türk tayfaları var: «Qarşıda bə­nizi qırmızı ruslar Məcusun atəşi kimi parıldar. Sağ qolu bəzəmiş Xəzran dəstəsi, Soldan da ucalır Burtasın səsi». Əslində «Xəzran» sözünün mənası Xəzərlər – «Xəzərlər ölkəsi» deməkdir. Hət­ta, N.Gəncəvi «İskən­dər­na­mə»də bir türk etnosu kimi «xəzərli» terminindən də isti­fadə etmişdir.Fik­rimizcə, N.Gəncəvinin dünyagörüşünün bu yöndə ob­yek­tiv, elmi prinsiplərə əsaslanan şərhi, təfsiri ilk dəfə böyük türkçü ideoloq, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rə­sul­zadə tərəfindən verilmişdi. M.Ə.Rəsulzadə N.Gən­cəvinin türk mənsubiyyətinə, türk dini-fəlsəfi düşün­cə­sinə, türk ru­hu­na, türk mədəniyyətinə-fəlsəfəsinə bağlılığını vaxtında gö­rə­rək, bütün bunları «Azərbaycan şairi Nizami» əsərində əks etdirmişdi.
M.Ə.Rəsulzadə yazır ki, Firdovsi İran millətçiliyinin ideoloqu, fars oğlu fars olduğu kimi, N.Gəncəvi də türk oğlu türk kimi bir Azərbaycan şairidir. M.Ə.Rəsulzadəyə görə, Nizaminin iranlılıqdan, farspərəst­lik­dən uzaq olmasına nümunə «Xosrov və Şirin» poema­sın­da Sasani hökmdarı Pərvizin Məhəmməd peyğəmbərin mək­tubunu cırmasını «quduzluq» adlandırması, «atəşpərəst hökmdarın yalnız maddi fəlakət və süqutunu şərh etməklə kifayətlənməyib, eyni zamanda İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etməsi»dir. Onun fikrincə, Nizaminin bir o qədər də ehtiyac olma­dan peyğəmbərin Xosrovun yuxusuna girməsi, əlindəki qır­mancla onu vurması, vəziri Büzürgümidin ona ərəb pey­ğəm­bə­ri haqqındakı söhbəti, Məhəmmədin doğulduğu gün Kəsra tacının çökməsi və atəşkədələrin (atəşgahların) sön­mə­si kimi əhvalatları «Xosrov və Şirin» poemasına əlavə etməsi, türk ziyalısının farslıq təəssübündən, fars düşüncə­sin­dən uzaq olmasıyla bağlı olmuşdu. M.Ə.Rəsulzadə yazır ki, Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəs­kin dəlillərdən biri də atəşpərəstliyə düşmən olması idi. Onun fikrincə, farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştilik və atəşpərəstlik olduğu halda, fars şeirinin Firdovsidən sonra ikinci dirəyi olan Nizaminin həmin təlimə bu qədər düşmənçiliyi, mənfi münasibət bəslə­mə­si onda farslıq duyğusunun olmaması idi. M.Ə.Rə­sul­zadə­yə görə, Nizami bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır: «Təkallahlıq mövqeyindən də o hər cür ikilik və çoxluğu rədd edən bir «vəhdaniyyətçidir». Zər­düştiliyin xeyrin ayrı, şərin də ayrı mövcud olub öz ara­la­rın­da vuruşan ikiallahlılıq sisteminə onun nə sufiliklə yetişdiyi Allah məfhumu, nə də daşıdığı xalis müsəlman əqidəsi uy­ğun gəlir». M.Ə.Rəsulzadə yazır ki, hətta Nizami üçün «qədim farslığın islama qarşı müxalifətinin bir ifadəsi» olan ismaililik «iranlı» məzhəb kimi onun dilində bir söyüşdür: «Dediyim kimi deyilsə, ismaili olum». Deməli, N.Gəncəvi qədim türklərin tanrıçılıq dini-fəlsəfi təlimində olduğu kimi təkallahlılıq dünyagörüşünə sahib olmuş və bütün hallarda dualist, politeist sistemləri inkar et­miş­di. Bu da, bir daha göstərir ki, N.Gəncəvi XII əsrdə dualist fars düşüncəsinin, atəşpərəst fars ehkamçılığının, ya­xud da islama qarşı yönəlmiş «Firdovsi kini»nin yox, qə­dim dövrdən etibarən türk düşüncəsinə hakim olan mo­no­teiz­min, türk dini etiqadının daşıycısı olmuşdur.