PSİXOLOGİYA FƏLSƏFƏDƏN AYRILDIQCA FİZİOLOGİYA SƏVİYYƏSİNƏ ENDİ


Asif Ata -11.2.2014İnam ATA
E.A.– Yurdumuzda təhsilin gələcəyi Ata görümündə.
Asif Ata: – Birinci, məktəb idarəni əvəz eləməyəcək, məktəbdə idarəçilik ləğv olunacaq, direktor ləğv olunacaq, inzibatçılıq ləğv olunacaq. Təhsildə inzibatçılıq ləğv olunmalıdır, çünki təhsil ruhaniyyatçılıqdır, cəmiyyətçilik deyil. İkinci, təhsil insanlıq təlimi əsasında qurulacaqdır. Bütün elmlər insanlığın ideyalarını öyrədəcəkdir. Hətta fizika belə dünyanı quruluşunu öyrənəndə, o quruluşda insanın yerini müəyyən edəcək. Hətta coğrafiya belə təbiətdən danışanda, çiçəkdən, ölkələrdən danışanda orada insanın yerini müəyyən edəcək və təhsildən artıq olan nəticə İnsançılıq olacaq.
Üçüncü, özünütəhsil, bir yolluq hamı bilməlidir ki, insanı yaradan özüdür! Bax, bu cür mən istəyirəm təhsilin gələcəyini.
E.A.– Dil hadisəsi və dilin fəlsəfəsi.
Asif Ata: – Fikir dildən artıqdır, o səs ki, dilin gerçəkləşməsidir. Nə qədər gözəl dil olursa-olsun fikri tam ifadə etmir. Dil mənanı ifadə etmir, o mənanı aşkarlayır, dil mənanın təzahürüdür, ona görə məna həmişə dildən artıqdır. Dilin fəlsəfəsini mən belə başa düşürəm: hər bir dil bir neçə məna ətrafında yaranıb, dilin təməli bir neçə məna olub. Məsələn, türk dilində ən çox ağ mənası ilə bağlı sözlər var, göylə bağlı sözlər var. Dil müəyyən İNAM əsasında yaranıb. Deməli, hər bir xalqın dili onun hələ aşkara çıxmamış İnamı əsasında yaranıb. İnamdan yaranıb dil, dil İnam adətləri əsasında yaranıb.
E.A. –Tarixin fəlsəfəsi Ata görümündə.
Asif Ata: – Bir var tarixin hadisələri, bunu tarixçi öyrənir, bir də var tarixin mənası, mənasızlığı, bunu tarixin fəlsəfəsi öyrənir. Yəni, tarix nədir, mahiyyətcə bəşər tarixdə özünü necə göstərdi, ümumən tarixdə İnsanilik nə səviyyədə oldu? İnam nə səviyyədə oldu? İdrak nə səviyyədə oldu, tarix insaniliyi nə səviyyədə təsdiq etdi, bir sözlə, “tarix nədir?” sualına cavab. Tarixçi “tarix necədir?” sualına cavab verir, lap özü desə ki, nədir sualına cavab verirəm, o mahiyyətcə necədir sualına cavab verir, fərq bundadır. Lakin mən qəti əminəm ki, xüsusi tarix fəlsəfəsi lazım deyil, elə fəlsəfəsi özü varsa, o tarixə aid deyəcək. Uzun müddət tarix fəlsəfəsi olmayıb, tarix fəlsəfəsini hərtərəfli ilk dəfə Hegel adlandırıb.
E.A. –Tarix – Hüquq.
Asif Ata: – Tarix hadisələri öyrənən, izləyən, onların əsasında müəyyən fikirlər irəli sürən bir bilikdir. Hüquq insan haqqı hadisəsin öyrənilməsi, hərtərəfli ümumiləşdirilməsi və qanunlaşması əsasında yaranması, bilikdir. Əslində isə mənim zənnimcə, hüquq insanları aldadır. Onun qanunları şərin xeyrinədir. Hüququn fəlakəti ondadır ki, o insanı özünə tapşırmır, insana inanmır, insanı cəmiyyətə tapşırır. Hüquq insanın cəmiyyət ölçüsüdür. Ona görə, hüquqa inanmıram!
E.A.– Psixologiya – Məntiq.
Asif Ata: – Psixologiya bir zaman fəlsəfəsinin hissəsi kimi çox gözəl idi, yəni insan halını öyrənən bilik deməkdir. Lakin psixologiya fəlsəfədən ayrıldıqca – bu, təxminən son əsrlərdə baş verdi – fəlsəfə zəiflədikcə ruhdan uzaqlaşdı və fiziologiya səviyyəsinə endi. Materialist əsasında yarandı psixologiya və insan halını ümumi heyvanat aləminin bir xüsusiyyəti kimi maddiləşdirdi. Hər şey və insanla heyvan arasında fərq qalmadı. Burada ikisini göstərmək bəsdir, bir bixovarizm, Qərbdə, bir də bizim başabəla Pavlov. Bixovarizm nə deyir, bixoviarizm bütün insan hallarını müəyyən təsirə olan əks təsir kimi qiymətləndirir, bütün insanın daxili aləmində nə varsa, hamısı müəyyən bir təsirə əks təsirdir, stimula reaksiyadır. Burada insanla heyvan arasında fərq qalmır və insan instinktə bərabər olur. Bixoviarizm Qərbin bir nömrəli psixologiyasıdır, insanı alçadan.
İkinci, Pavlov psixologiyası, yenə həmin şey, reflekslər var, şərti refleks, bir də qeyri-şərti refleks, siqnallar var. Birinci siqnal, ikinci siqnal, vəssalam! Əslində psixologiyanın əlaməti yoxdur.
Və üçüncü Freyd psixologiyası. Freyd psixologiyasını bizim naşılar göyə qaldırıblar, yəqin oxumayıblar, ya da özlərini savadlı göstərmək istəyirlər. Onu da deyim ki, dünyada savadla fəxr etmək axmaqlıqdır, insan savadla fəxr etməməlidir, savad çox asan şeydir, insan özünün fikirləri ilə, ideyalarıyla fəxr etməlidir. Yəqin ki, savaddan başqa heç nəyi olmayan bizim bəzi cavan iddiaçılar, «yüksək intellektuallar», onlar Freyddən yaxşı istifadə edirlər, görürsünüz ki, mən Freydi oxumuşam. Freyd insanı bütünlüklə şəhvətə bağlayır, libidoya bağlayır. Bədən bədənə həsrətlə qovuşanda o məhəbbətdir, bədən bədənə həsrətlə qovuşmayanda o şəhvətdir. Freyd nə deyir, bizim bu Freyd, «dahi» Freyd, yəhudi Freyd. XX əsrə üç yəhudi hakim oldu. Marks adlanan yəhudi – insanı istehsalat ünsürünə çevirən, antiinsani kommunist; Ziqmund Freyd – insanı cinsiyyətə bərabər edən «psixoloq»; bir də Eynşteyn – atom bombasının mənbəyi. O, formula ki, yaratdı, enerji təkcə kütlədən yox, həm də kütlənin sürətindən asılıdır, o gətirib çıxardır atom bombasına. Məgər sürətdə dəhşətli enerji əmələ gəlir kütlədən? Onu ki, təbiət yazıq, insandan gizlətmişdi, bu naşı yəhudi onu açdı, insan üçün. Freydin fəlsəfəsində insan özü ilə bərabər dünyaya yerə-göyə sığmayan libido gətirir, yəni cinsi ehtiras, o libido heç bir heyvanda insandakı kimi güclü olmur, lakin etika adlanan cəza məcbur edir ki, insan özünün duyğularını gizlətsin. Əxlaqı da Freyd sevmir. Nitsşe kimi.
Psixologiya təzədən fəlsəfəyə qayıtmalıdır, insançılıq əsasında. Tamamilə insanı fərqləndirməlidir heyvan aləmindən, onun fərqini Ata fəlsəfəsinin əsasında bilməlidir. Əgər dağda, daşda mütləqilik yoxsa, onda mütləqiliyin təzahüri varsa – insanda mütləqiliyin həm təzahürü var, həm də özü var – bax, bu əsasda Ocaq öz psixologiyasını yaradacaq, Elişığın simasında!
Məntiq elmi bir zaman fəlsəfənin bir hissəsi idi və idrakın qanunlarını bəyan edirdi. Məntiqin əhəmiyyəti onda idi ki, o fəlsəfəyə xidmət edirdi, ümumi “idrak nədir?” sualına cavab verirdi, idrakda nizamı göstərirdi, idrakın müəyyən qaydalarını, qanunlarını aşkarlayırdı. Sonra məntiq elmi ayrıldı, heç nə qazanmadı və iki formada aşkarlandı – formal məntiq, bir də dialektik məntiq. Formal məntiq, yəni yalnız ayrı-ayrı qanunlar, fikrin düzgün ifadəsi üçün, qanunların məzmunundan asılı olmayan qanunlar.
İkinci dialektik məntiq yarandı və dialektik məntiqin yaranması Hegel fəlsəfəsi ilə bağlıdır. Dialektikanın təzə mərhələsi ilə bağlıdır və burada fikrin, yəni idrakın dialektik xüsusiyyətləri aşkarlanır. Yəni dialektik qanunlar əsasında idrakın öz xüsusiyyətləri, cəhətləri öyrənildi.
Hər ikisi – dialektik məntiq də, formal məntiq də lazımsız şeylərdir. Heç kəsin əlinə qələm alanda, fikirləşmədən formal məntiq qanunların yadına salmır və gözəllik fikirin sərbəstliyindədir. Dialektikanın nə olduğunu bilirsən, hər şey dəyişkəndir, hər şey qeyri-ziddiyyətlərlə bağlıdır, keyfiyyətin kəmiyyətə keçməsi, bunlar heç biri məna ilə bağlı deyil, gerçəkləyin özüylə bağlı deyil, ona görə də dialektik məntiq sözdə qaldı. Heç bir fizik, heç bir riyaziyyatçı, heç bir əməlli-başlı alim dialektik məntiqi yazmaqla qurtarmır. Mənim fikrimcə, məntiq özünün əvvəlki vəziyyətinə, halına qayıtmalıdır, yəni məntiq sözün əsl mənasında fəlsəfənin üzvü hissəsi olmalıdır, ondan ayrılmamalıdır.
Elli ATALI