ƏFLATUN ŞƏRİFOVUN İTTİHAMLARINA CAVAB


baki_06Teymur
Mətbuatın üzərinə getməkdənsə, birlikdə neqativ hallara son qoymaq daha yaxşı olar
Dəsti – xətti, yazı üslubu oxuculara yaxşı tanış olan “Vətəndaş Həmrəyliyi” qəzeti artıq 20 ildir ki, nəşr olunur. Bu illər ərzində qəzet daim dövlətçiliyin, müstəqilliyin, demokratiyanın, söz və mətbuat azadlığının keşiyində durub və bu gün də durmaqdadır. Bunu qəzetin tarixçəsindən də görmək olar: “Vətəndaş Həmrəyliyi” qəzeti öz fəaliyyətində ölkə konistitusiyasını, KİV haqqında qanunu və jurnalist etikasını əsas götürdüyündən indiyədək məhkəmələrə düşməmiş, Mətbuat Şurası tərəfindən hər hansı xəbərdarlıq, yaxud töhmət almamışdır. Əksinə, qəzetin fəaliyyəti çox halda nümunə göstərilmişdir. Bununla belə, 3 mart 2014-cü il tarixdə – Azərbaycan Respublikası Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi, kütləvi informasiya vasitələri ilə yayılmış məlumatı təkzib edən məqalənin dərc edilməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsinə dair” iddia ərzəsi ilə məhkəməyə müraciət etmiş, qəzetdən 50 min, baş redaktordan 50 min, informasiyanı mətbuata ötürən şəxs olaraq, elə həmin birliyin işçisi, 8-ci dərəcəli elektormexanik Teymur Məmmədzadədən 25 min manat olmaqla 125 min manat vəsait tələb edir. Əflatun Şərifov qəzeti onun şərəf və ləyaqətini aşağılayan material verməkdə və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edir və ilk növbədə təkzib verilməsini tələb edir. Qəzetin baş redaktoru olaraq, bildirirəm ki, mən indiyədək Əflatun Şərifovu görməmişəm və onun rəhbərlik etdiyi birliyin yerini təxmini olaraq bilirəm. Bununla bərabər, Ə.Şərifovun adını çəkdiyi materiallar qəzetdə getməzdən öncə şəxsən ona zəng edərək, faktlarla bağlı rəsmi mövqeyini bildirməsini xahiş etmişəm. Şəhər telefonu vasitəsilə bu əlaqənin saxlanılmasını Ə.Şərifovun katibəsi reallaşdırıb. Amma Ə.Şərifov faktlara münasibət bildirmək əvəzinə ya məni birliyə dəvət edib, ya da hədələyib.
Bundan əlavə, qəzetdə dərc olunan həmin materialları 24 avqust 2013-cü il tarixdə 24/13 saylı məktubla (qəzetdə göndərilən materiallar əlavə olunmaqla) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, 04 oktyabr 2013-cü il tarixdə 26-14 saylı məktubbla Azərbaycan Respublikasının Baş Prokurorluğuna, 31 oktyabr 2013-cü il tarixdə 26/15 saylı məktubla Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərmiş, adıçəkilən orqanlardan yazıda göstərilən faktların yoxlanılaraq nəticəsi barədə redaksiyaya məlumat verilməsini xahiş etmişəm (göndərilən məktubların surəti redaksiyadadır). Lakin adlarını qeyd etdiyim dövlət strukturlarının heç biri bizim rəsmi məktuba cavab verməmiş və münasibət bildirməmişdir. Susmaq isə, necə deyərlər, razılaşmaq əlamətidir.
İddia ərizəsində Ə.Şərifov ilk olaraq qəzeti və baş redaktor olaraq məni onun haqqında düzgün olmayan informasiya yaymaqda, ona böhtan atmaqda günahlandırır və ilk olaraq onun seçkini boykot etməsi ilə bağlı yazıya istinad edir. Oda bəllidir ki, 2013-cü il oktyabrın 9-da prezident seçkiləri keçirilmişdir. Məlum olduğu kimi dairə və məntəqə üzvləri parlament partiyalarının nümayəndələrindən təşkil olunur. Həmin üzvlər Seçki Məcəlləsinin 38.1 maddəsinə uyğun olaraq seçki dövründə əmək haqları saxlanılmaqla 60 gün müddətinə işdən azad olunurlar. O zaman İstehsalat Birliyinin Bakı filialında çalışan T.Məmmədzadə də Vətəndaş Həmrəyliyi Partiyasından 23 saylı Dairə Seçki Komissiyasının 4 saylı məntəqəsinin üzvü olmuş və qanun üzrə o da müvəqqəti olaraq işdən azad olunmalı idi. 23 saylı Dairə Seçki Komissiyasının sədri A. Quliyevin Teleradio İstehsalat Birliyinə ünvanladığı 23/60 saylı məktubda da Seçki Məcəlləsinə uyğun olaraq 9 avqust 2013-cü il tarixdən T.Məmmədzadənin prezident seçkilərində iştirakının təmin olunmasını xahiş edib. Lakin buna qədər T.Məmmədzadəyə qarşı qəzəbli olan (bunun səbəbini irəlidə izah edəcəyik) birliyin baş direktoru Ə.Şərifov T.Məmmədzadəninin məntəqədə fəaliyyətinə icazə verməyəcəyini bildirib. 12 avqust 2012-ci il tarixdə DSK sədrinin məktubu T.Məmmədzadə tərəfindən Birliyin Bakı filialının rəhbəri N.Şirinova təqdim edilən kimi Birlik rəhbərliyi T.Məmmədzadəni məsuliyyətsiz, bacarıqsız və digər mənfi yöndən xarakterizə edən bir məktub hazırlayıb DSK-ya çatdırıb. (Amma iddia ərizəsində Ə.Şərifov yalan informasiya verərək DSK-dan ona zəng edildiyini və T.Məmmədzadənin necə insan olmasının ondan soruşulduğunu bildirir. Belə bir sorğu olsaydı, o partiyaya ünvanlana bilərdi) Lakin DSK sədri A.Quliyev və dairə katibi E.Hacıyev bunun qanunsuz olduğunu bildirdikdən sonra məktub geri qaytarılıb. Həqiqətən də dairə və məntəqəyə göndərilən şəxslərin fəaliyyətinə çalışdığı müəssisə yox, partiya məsuliyyət daşıyır, müəssisə rəhbərinin bu məsələyə müdaxiləsi qanunsuzluq hesab edilir.
Nəhayət, qanunun tələblərinə əməl etmək məcburiyyətində qalan birlik rəhbərliyi T.Məmmədzadənin seçkilərdə iştirakına icazə verir, bununla bərabər məktub müəssisəyə təqdim edilən gün (12 avqust 2013-cü il) “20 saylı əmrlə sonuncu xəbərdarlıq olunmaqla T.Məmmədzadəyə şiddətli töhmət verilib.” Bunu Ə.Şərifov öz iddia ərizəsində də yazır: “Məktub 12.08.2013-cü ildə Teleradio İstehsalat Birliyinin Bakı Radio Televiziya Yayım Filialının rəisi N.Şirinova təqdim edilmişdir” Ardıyca yazır: “N.Şirinov 12 avqust 2013-cü il tarixdə 20 saylı əmrlə T.Məmmədzadəyə sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir.
Belə bir təcili “şiddətli töhmət” istər –istəməz sual doğurur. Əvvəla, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” yalnız əvvəllər xəbərdarlığı və töhməti olan şəxsə verilir. İkincisi, DSK-nın Seçki Məcəlləsinə əsalanan məktubundan göründüyü kimi məntəqə və dairə üzvləri avqustun 9-da seçki prosesinə qatılmişlar. Məktubu burada olduğu kimi veririk: “ Teleradio İstehsalat Birliyinin Bakı Radio-Televiziya yayım Filialının rəisi cənab Namiq Şirinova.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1 maddəsinə uyğun olaraq 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar 4 saylı secki məntəqəsinin üzvü – Məmmədzadə Teymur Məmməd oğlunu 09.08.2013-cü il tarixdən, 12.10.2013-cü il tarixədək əsas iş yerində əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edəsiniz. 23 saylı Nəsimi Səbail Seçki Dairəsinin sədri Ağabala Quliyev.”
Bu halda, T.Məmmədzadəyə avqustun 12-də “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” tam qanunsuzluq deyilmi? Yaxud tutaq ki, filial məktubun 12-də verilməsini əldə əsas götürür, yenə sual doğur, belə təcili şəkildə T.Məmmədzadəyə şiddətli töhmət verilməsinin səbəbi nə idi?
Ən əsası odur ki, Ə.Şərifovun Yasamal rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsinə qədər T.Məmmədzadənin həmin şiddətli töhmətdən xəbəri olmayıb. İşçinin özünün xəbəri olmadan ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” nə deməkdir.
Məlum məsələdir ki, seçki dövlət əhəmiyyətli tədbirdir və bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək bütün dövlət orqanlarının vəzifəsidir. Amma əgər İstehsalat Birliyinin rəhbəri vətəndaşın seçkidə iştirakının qarşısını almağa cəhd edirsə, buna boykot deməyib, nə ad verəsən?
Onu da vurğulayaq ki, T.Məmmədzadəyə qarşı Ə.Şərifovun bu münasibətinin arxasında sırf qisasçılıq niyyəti dayanmışdır. Belə ki, İstehsalat Birliyinin Avtomatika qrupunda 01.12.2008-ci ildən çalışan T.Məmmədzadə 13.08.2012-ci il tarixdə Birliyin baş direktoru Ə.Şərifova rəsmi ərizə ilə müracıət edərək “beş illik qüsursuz fəaliyyətinin nəzərə alınaraq dərəcəsinin yüksəldilməsini” xahiş etmişdir. Qrup rəhbəri R.Vahabov da onun ərizəsinin üzərinə viza qoyaraq 13.08.2012-ci ildə “həqiqətən təqdirə layiqdir” ifadəsi ilə T.Məmmədzadənin işgüzarlığını təsdiq etmiş, dərəcənin yüksəlməsinə razılıq vermişdir. Lakin Ə.Şərifov ərizəni T.Məmmədzadəyə qaytararaq “get, müdirin N.Şirinova müracıtə et” demişdir. N.Şirinov isə T.Məmmədzadəyə cavabında “Mənim dərəcə vermək səlahiyyətim yoxdur” deyib. Belə olan halda T.Məmmədzadə 15 iyul 2013-cü il tarixdə ölkə prezidenti cənab İ.Əliyevə, 02.08.2013-cü il tarixdə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova müracıət etmişdir. Bundan sonra Ə.Şərifov T.Məmmədzadəyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə təzyiq etməyə başlamışdır. Elə o zaman Teleradio İstehsalat Birliyinin Bakı Teleradio Yayım Birliyinin avtomatika və yanğın təhlükəsizliyi qrupunun işçisi, Vətəndaş Həmrəyliyi Partiyasından məntəqə üzvü təyin edilmiş T.Məmmədzadə redaksiyamıza müracət edərək hüquqlarının müdafiəsində ona komək etməyimizi xahiş etmişdir. T.Məmmədzadənin dediklərini 23 saylı DSK-nın katibi Etibar Hacıyev təsdiqlədikdən sonra onu mətbuatda çap etmişik. Yazıda birtərəflilik olmasın deyə, şəxsən mən özüm bir redaktor olaraq Ə.Şərifovla əlaqə saxlamış onun faktlara münasibət bildirməsini xahiş etmişəm və Ə.Şərifov isə mənimlə söhbətində T.Məmmədzadə haqqında təhqiramiz ifadələr işlətmişdir. Yəni yuxarıda qeyd etdiyim kimi, Ə.Şərifov vəzifə səlahiyyətlərindən istifadə edərək yuxarı orqanlara şikayət etdiyinə görə T.Məmmədzadəyə təzyiq etmişdir. Bu isə qanunla qadağandır.
Ə.Şərifov İddia ərizəsində yazır: “Teleradio İstehsalat Birliyinin Bakı Radio-Televiziya Yayım filialının rəisi N.Şirinova 23.08.2013-cü il tarixli K/Ə 96 saylı əmri ilə Teymur Məmmədzadə 09.08.2013-cü ilədək tarif dərəcəsi saxlanılmaqla müvəqqəti olaraq vəzifəsindən azad edilmişdir”. Qeyd etdiyim kimi, bu cümlələr iddia ərizəsindən götürülmüşdür. Göründüyü kimi, seçki prosesi ayın 9-da, DSK-nın məktubu ayın 12-də verildiyi halda əmr bundan 11 gün sonra özü də keçmiş tarixə şamil olunmaqla verilmişdir. Bu da qanun pozuntusunun daha bir nümunəsi. 23 avqustda da bu əmr ona görə verilmişdir ki, İddia ərizəsində göstərildiyi kimi, həmin gün “Vətəndaş həmrəyliyi” qəzetində 2-ci məqalə “Teleqüllədə özbaşınalıq” adlı yazı dərc olunmuşdur.
İddia ərizəsində irəli sürülən başqa bir iddianı olduğu kimi nəzərinizə çatdırmaq istəyirik. “Belə ki, həqiqətən də 23 saylı Nəsimi-Səbail Seıki Dairəsindən yazılmış məktub Teleradio İstehsalat Birliyinin Bakı Radio-Televiziya Yayım Filialının rəisi N.Şirinova 12.08.2013-cü il tarixdə təqdim edilmiş, 15.08.2013-cü il tarixdə seçki dairəsinin rəisi (seçki dairəsində rəis yox, sədr olur) Teleradio İstehsalat Birliyinə zəng edərək T.Məmmdəzadənin işində məsuliyyətli olub-olmadığını soruşduqda , son zamanlar bir işçi kimi onun vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyini, 09.08.2013-cü ildə gecə saat 04-də növbədə olduğu zamanı iş yerində yatmış olması aşkar olunduğunu, bu hərəkətlərə görə ona Bakı Teleradio Yayım filialının rəisi N.Şirinovun 12.08.2013-cü il tarixli 20 saylı əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi bildirilmişdir”. Təkrar edirəm, bunu Ə.Şərifov yazır.
Gəlin məntiqə baxaq, əgər dairə sədri 12 avqustda T.Məmmədzadənin seçkilərlə bağlı işdən azad olunması barədə məktub veribsə, 15 avqustda onun Teleradio İstehsalat Birliyinə zəng etməsinin nə mənası ola bilərdi. Belə bir xasiyyətnamə lazım idisə, dairə sədri VHP-yə müraciət etməli idi. Çünki T.Məmmədzadəni yalnız partiya iclasda müzakirədən sonra geri çağıra bilərdi. İkincisi, əgər doğrudan da, dairə sədri T.Məmədzadənin iş yerindən verilən xasiyyətnaməyə əsaslanırdısa, onda onun haqqında deyilən sözləri – son zamanlar vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsini- nəzərə almayıb və T.Məmmədzadə seçkilərdə sonadək iştirak edib və öz obyektivliyi ilə fərqlənib. Üçüncüsü, T.Məmmədzadə buna qədər də seçkilərdə iştirak etmiş və özünü doğrultmuşdu. Deməli, Ə.Şərifov məhkəməyə düzgün informasiya vermir.
Ə.Şərifovun bizi suçladığı digər məsələ guya bizim ona böhtan ataraq T.Məmmədzadəyə çalışdığı təşkilatda “proqul” yazılması barədə yalan informasiya verməyimiz olub. Yuxarıda Ə.Şərifov özü yazır ki, T.Məmmədzadənin müvəqqəti olaraq işdən azad olunması barədə K/Ə 96 saylı əmr avqustun 23-də verilib. Eləysə, avqustun 12-dən məntəqə seçki komissiyasında fəaliyyət göstərən, 11 gün öz iş yerinə gəlməyən şəxsin fəaliyyəti barədə “proqul” yazılmayıbsa, nə yazılıb? Yoxsa, həqiqətən də dövlətin bu strateji obyektində özbaşınalıqdır, kim necə istəyir, elə işə gəlib gedir.
Daha bir məsələ haqqında. Ə.Şərifov T.Məmmədzadənin avqustun 9-da gecə saat 04 radələrində iş yerində yatdığını bildirir və buna görə ona şiddətli töhmət verildiyini yazır. Bununla bağlı o bizim redaksiyamıza “fakt olaraq” şəkil göndərdiyini yazır. Orada kölgədən başqa heç bir şey görünmür.
İddia ərizəsində Ə.Şərifov bizi Teleradio İstehsalat Birliyində rüşvət və korrupsiya, qohumbazlıq hallarının yayıldığını yazdığımıza görə bizi suçlayır və onun işgüzar imicinə xələl gətirdiyimizi bildirir. Teleradio İB-də rüşvət və korrupsiyanın olması barədə digər elektron KİV-lər də yazıb və biz bir sıra faktları onlardan götürmüşük. Həmin materiallardan bir parçanı bura əlavə edirik: http://unikal. org həyacan təbili çalaraq yazır: “… vaxtilə saat kimi dəqiq işləyən bu birliyə də indi korrupsiya, yerlibazlıq və digər neqativ hallar nüfuz etmişdir ki, bu, adıçəkilən qurumda narazılıqlara səbəb olmuşdur”. 29-08-2013, saat 11:18-də Günel Əkbərin imzası ilə http://unikal.org və 29-08-2013, saat 12:30-da http://www.dia.az saytlarılna qoyulmuş yazılarda daha sonra deyilir: “Adıçəkilən istehsalat birliyində xüsusilə mənimsəmə hallarının yeni olmadığı məlumdur. “Unikal”ın araşdırmaları nəticəsində aydınlaşıb ki, hələ iki il əvvəl Baş Prokurorluq qurumda (Teleradio İstehsalat Birliyində) mənimsəmələrlə bağlı şok faktlar ortaya çıxarıb. Həmin vaxt yayılan rəsmi məlumatda bildirilirdi ki, Əliyev Sahibəli İmran oğlu Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova Məhəbbət Seyfəddin qızı və mühasibi İbrahimova Şəlalə İsgəndər qızından ibarət mütəşəkkil dəstə təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edərək filialın külli miqdarda əmlakını, yəni 612.746 manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir.”
Bir daha vurğulayaq ki, həmin dövrdə İstehsalat Birliyinə Ə.Şərifov rəhbərlik etmişdir.
Bir sözlə, bir yazıda iddia ərizəsində qaldırılan bütün məsələlərə aydınlıq gətirmək mümkün deyil. Biz sadəcə olaraq mətbuatın verdiyi imkanlardan istifadə edərək, cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, insan haqlarının qorunmasında fəal iştirak etmək niyyətində olduğumuzdan, bu məsələnin üzərində ətraflı dayanmışıq. Qaldı Ə.Şərifova, bizcə o, mətbuat üzərinə getmək əvəzinə, dövlətin mühüm strateji obyektində neqativ halların aradan qaldırılmasına çalışsa daha faydalı olar.