TELERADİO İSTEHSALAT BİRLİYİNDƏ NƏ BAŞ VERİR?


baki_06Yazı http://www.xeber.info  saytından
Bolmə: SIYASƏT Bugün, 00:20 13.04.2014
Birliyin keçmiş işçisi dörd ildir halal əmək haqqını ala bilmir
Xeyli vaxtdır ki, Teleradio İstehsalat Birliyində korrupsiya, rüşvət və yerlibazlığın baş alıb getməsi barədə yazılar mətbuatın gündəmindən düşmür.

Bizcə, bunun başlıca səbəbi Teleradio İstehsalat Birliyinin dövlətin son dərəcə mühüm strateji obyekti olmasıdır. Azərbaycanın elektron informasiya məkanının fəaliyyəti məhz bu birlikdən aslıdır. Burada hər hansı neqativ hala yol verilməsi son nəticədə ölkənin informasiya məkanının iflic vəziyyətə düşməsi ilə nəticələnə bilər. Birlikdə çalışan ayrı-ayrı şəxsləri də narahat edən əsas səbəb budur. Bu günlərdə redaksiyamıza birliyin keçmiş əməkdaşı Şamil Məmmədov müraciət edərək birlik rəhbərliyi tərəfindən əmək haqqının mənimsənilməsindən, qanunsuz şəkildə işdən çıxarılmasından danışdı. O, 1998-ci ildən 2008-ci ilədək Rabitə Nazirliyinin Hərbləşdirilmiş Mühafizə İdarəsində Teleradio İstehsalat Birliyi üzrə mühafizəçi işlədiyini bildirdi: “2008-ci ildə Teleradio İB-nin “ Teleqüllə” müəssisəsinin istilik təhchizat sexində boş yer olduğu üçün məni ora operator vəzifəsinə işə götürdülər. Həm mühafizəçi, həm də operator kimi iş rejimim növbəli olduğu üçün, boş vaxtlarımda da ustalıqla məşğul olurdum. İş yerində usta olduğumu bilirdilər və işimdən əlavə rəhbərlik mənə nə tapşırıq verirdisə, yerinə yetirirdim. İşin həcmi az olanda pulsuz, çox olanda rəhbərliklə şifahi şəkildə razılaşırdıq. 2009-cu ildə “Teleqüllə” müəssisəsi ləğv olunaraq yerində Bakı Radio-Televiziya yayım filialı yaradıldı və Namiq Şirinovu ora rəis təyin etdilər. Həmin gündən Namiq Şirinov tabeliyində olan işçilərə qərəzli münasibət, ayrı – seçkilik, yerlibazlık etməyə başladı. Şəxsən məni dəfələrlə kabinetinə çağrıb, hədə-qorxu gələrək şərəf və ləyaqətimi alçaldan sözlər deyib və “mən nə qədər burada rəisəm, sən nə mukafat, nə dərəcə alacaqsan”, deyə təzyiq göstərib. Sonda əlavə edib: “Bu idarədə bir nəfər də olsa əslən Qərbi Azıərbaycandan olan işçi saxlamayacam”. Şamil Məmmədov, ümumiyyətlə, Teleradio İstehsalat Birliyində yerlibazlığın at oynatdığını bildirir. Onun dediyinə görə, burada əsas postları Şəki və Cəbrayıldan olanlar tutur. Bunun da səbəbi odur ki, “Birliyin baş direktoru Əflatun Şərifov Şəkidən, filial müdiri Namiq Şirinov isə Cəbrayıldandır. Digər bölgələrdən olanlara burada “ikinci sort” insanlar kimi baxılır, onlara müxtəlif şəkildə təzyiq edilir”. O, bu faktları 11.10.2010, 03.11.2010, 17.09.2012, 14.09,2013-cü il iltarixlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 11.10.2010-cu il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, 14.10.2010-cu il tarixdə isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova ünvanladığı məktublarda da qeyd etdiyini bildirir. “Mən həmin məktublarda Teleradio İstehsalat Birliyində ölkə prezidentinin dövlətçilik siyasətnə ciddi zərbə vurulduğunu yazmışam”. Daha sonra Şamil Məmmədov başına gələnləri aşağıdakı ardıcıllıqla danışır: “2010-cu ildə birliyin istilik təçhizat sexi köhnə olduğuna görə bağlandı. O zaman Teleradio İB-nin rəis müavini Məsud Qocayev məni kabinetinə çağrıb inzibati bina üçün yeni istilik sisteminin tikintisinin vacib olduğunu bildirdi. Dedi ki, onun ücün otaq tikmək lazımdır, onun təmir işlərini sən görərsən. Sonra bildirdi ki, yeni istilik sexi Teleradio İB-nə tabe olacaq, həm bizim işçi olarsan, həm də Namiq Şirinovdan canını qurtararsan. Zəhmət haqqını şifahi olaraq 800 (səkkiz yüz) manata razılaşdıq. Mən onun göstərişini yerinə yetirib otağın suyunu, kanalizasiya xəttini çəkdim, alçipan, metlax və s. işlərini gördüm. Ancaq iyul ayının 19-da Namiq Şirinov məni yanına çağrıb dedi ki, səni keçiririk santexnika və su təchizat sexinə. Avqust ayında Məsud Qocayev yenə məni yanına çağırıb bildirdi ki, inzibati binanın qabağındakı mərmər-qranitin 35 kvadrat metrinii söküb yenisi ilə əvəz etmək lazımdır, sonra əlavə etdi ki, büdcədə pul azdır, bir az ucuz qiymətə işləyərsən. Mən isə dedim ki, bu işin 1kvadratmetrini başqa yerdə 25 (iyirmi beş) manata görürəm, sizə 20 (iyirmi) manata işləyərəm, razılaşdıq. Bütün işləri görəndən sonra pulumu istəyəndə o, mənə dedi ki, büdcədə pul yoxdur, rəis Əflatun Şərifov bu işlərə pul ayırmayıb, sən bizim işçisən pulsuz işləməlisən. Mən ona bildirdim ki, Məsud müəllim, mən 3 ay işləmişəm, 7-nəfərlik ailəm var, maaşım isə 140 (yüz qırx) manatdır, xahiş edirəm zəhmət haqqımı verin. O isə cavabında mənə “get, kimə istəyirsən şikayət elə, mənə heç kim heç nə edə bilməz” dedi. Sonra mən birliyin rəisi Əflatun Şərifovun qəbuluna getdim, ancaq o, məni nəinki qəbul etmədi, üstəlik, Namiq Şirinova da göstəriş vermişdi ki, onun qəbuluna getməyimin qarşısını alsın”. Şamil Məmmədov bundan sonra çıxılmaz vəziyyətdə qalaraq yuxarı instansiyalara müraciət etmək qərarına gəldiyini bildirir. Ancaq rəhbərlik bundan xəbər tutan kimi ona təzyiqləri ikiqat artırır. “2010-cu ilin avqust ayının 12-də növbəti məzuniyyətə çığmağım barədə əmrim var idi. Ayın 11- də isə Namiq Şirinov məni yanına çağrıb dedi ki, rəhbərlik axır vaxtlar səndən çox narazıdır. Özünü yaxşı aparmırsan, ərizəni yaz öz xoşunla cıx get yoxsa, pis olacaq. Mən isə ondan heç bir günahımın olmadığı halda nə üçün ərizə yazmalıyam deyə xəbər aldım. O, isə mənə bildirdi ki, istəsək səni maddə ilə işdən qovub əmək kitabcanı korlayarıq. “Buranın ağası mənəm, get sənə nə deyirəm əməl elə, mən də əlacsız qalıb işdən çıxmağım barədə ərizə yazdım, qorxdum ki, əmək kitabçamı korlayarlar və sonra başqa yerdə işə məni götürməzlər.” Şamil Məmmədov, ümumiyyətlə, Teleradio İstehsalat Birliyində özbaşınalıq hökm sürdüyünü, haqqını tələb edənlərin müxtəlif təzyiqlərə məruz qaldığını bildirir. Özünün də belə özbaşınalığın qurbanı olduğuna bir daha diqqəti çəkir. “Nə qədər tələb etsəm də nəinki burada öz halal əmək haqqımı ala bilmədim, üstəlik səsimi çıxardığıma görə işdən də qovuldum. Buradakı bütün özbaşınalıqlara birliyin baş direktoru Ə.Şərifov rəvac verir. O, əmisi, baş nazirin müavini Abid Şərifovun adından istifadə edərək həm özünün, həm də birlik daxilindəki digər postların rəhbərlərinin istənilən qanunsuzluqlarına şərait yaradır”. Şamil Məmmədov sonda Qarabağ müharibəsi veteranı olduğunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini vurğulayır. “1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ümummilli liderimiz Heydər Əliyev hakimiyyətinə qarşı dövlət çevrilişlərinin qarşısının alınmasında fəal iştirak etmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm, YAP Binəqədi qəsəbə gənclər təşkilatının idarə heyətinin üzvüyəm. Azərbaycan Texniki Universitetini bitirmişəm.İşlədiyim müddətdə heç bir töhmət və xəbərdarlıq almamışam. Himayəmdə 80 yaşlı valideyinlərim üç körpə uşağım var. Ailədə məndən başqa işləyən yoxdur.” Şamil Məmmədov Teleradio İstehsalat Birliyindəki qanunsuzluqlar ucbatından uzun müddətdən bəri işsiz qaldığını, üstəlik, 1500 manat halal zəhmət haqqını bu günədək ala bilmədiyini bildirir. Yaxın günlərdə o, bu qanunsuzluqlarla bağlı məhkəməyə müraciət edəcəyini deyir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
“Xeber.İnfo”, Firudin Bağırov