Cahandar ağanın qəbri hardadır?


cahandAzərbaycan tarixində öz kişilik, qəhrəmanlıq, mərdlik, əyilməzlik, yenilməzlik ömürü yaşayan, keçmiş tariximizdə iz qoyan, gələcəyə bu günə, sabaha qürurla boylanan, bu günkü, gələcək  gənclərə öz həyatı ilə bir örnək olan, tərbiyəvi həyat məktəbi qoyan tarixi şəxsiyyətlərimiz çox olub.Şanlı -şöhrətli tariximiz xalqımızın taleyidir, tərcümeyi halıdı, qeyrət məktəbimizdi, ibrət dərsimizdi. Hər bir abidə, hər bir yazılı daş, keçmişimizi əks etdirən məzar daşları ağsaçlı tariximizin anasıdır.

Azərbaycan tarixində Qazağın Şıxlı kəndində olan Şıxlınskilər (Şıxoğlular)tayfasından böyük, nəhəng, sayılıb-seçilən şəxsiyyətlər çox yetişib. Mən Şıxlinskilər tayfasının böyük oğullarından biri Azərbaycanın xalq yazıçısı, el ağsaqqalı, göylərə baş çəkən Göyəzən dağının əyilməz vüqarı kimi görünən İsmayıl Şıxlının “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağa haqqında məlumat vermək istəyirəm.
Cahandar ağanın nəsil şəcərəsi Şıxıoğluları Kamaloğullular ilə bağlıdır. Cahandar ağa 1853-cü ildə Qazağın IIŞıxlı kəndində dünyaya gəlmişdi. Yusif ağanın oğludur.Cahandar ağa 2 qadınla evlənmişdi. Birinci həyat yoldaşı Müqəddənisə xanımdan Şəmiddin ağa(1878-1930), Şəmistan ağa(1885-1914), Daniyal ağa adlı 3 oğlu və Minə xanım, Afiyat xanım adlı 2 qızı olmuşdu. Cahandar ağanın ikinci həyat yoldaşı Güllü xanımdan Əbil ağa(1885-1914), Qiyas bəy (1887-1972), Həsən ağa(1894-1950) adlı oğulları və Səltənət, Məleykə adlı iki qızı olub. Cahandar ağa 1910-cu ildə Kürün o tayından gələn bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərinindən ibarət bir qrupun pusqusuna düşür. Ruslar Cahandar ağanı gülləyə tuturlar. Cahandar ağa öz atının belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır. 5 rus əsgərini öldürür, lakin özü Kür sularında düşmən gülləsindən şəhid olur. Cahandar ağanın qəbri II Şıxlıda Bakı-Tibilisi şose yolunun Sınıq körpüyə yaxın hissəsində yolun sağ kənarında yerləşən köhnə qəbirstanlıqdadır. Cahandar ağanın qəbir daşı bir az əyilmiş vəziyyətdədir. Üstündə tüfəng və xəncər şəkili var.
Azərbaycan tarixində böyük bir səhifəyə malik Şıxlınskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına biganəlik gördüm.Cahandar ağanın qəbir daşını tam düzəltmək,onun ətrafına hərəm çəkmək vaxtı gecdə olsa lazımdır.”Dəli KÜr”ü oxuyan hər bir gənc Cahandar ağanın qəbrini və baş daşını əyilmiş vəziyyətdə gördükdə görəsən nə düşünər?
Əziz “Dəli Kür”ün oxucuları Cahandar ağanın qəbrini və qəbr daşını Sizə təqdim edirəm.Yolunuz Qazağa ,IIŞıxlıya düşsə Cahandar ağaya ziyarət etməyi unutmayın.
Fəxrəddin Vəlizadə