Biz niyə sevməyək bir-birimizi?


9101_nZəlimxan Yaqub
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, neqqaşı sevdi.
Göz göze boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?

Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?

Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?

Gül şehdən güz alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?

Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?

Ömrün həm sevinci, həm ahı varsa,
Pərvane yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?

Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?