“Şamaxı Astrofizika rəsədxanasının axırına çıxırlar” – Azərbaycan aliminin HARAYI


7580Bir vaxtlar öz yüksək keyfiyyətli astronomik müşahidələri ilə bütün dünyaya səs salmış Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Pirqulu Dövlət Qoruğu öz ilkin təyinatını sürətlə itirməkdədir. Həmin ərazidə son 10-15 il ərzində baş verən sürətli dəyişmələr bunu deməyə əsas verir.

Məlumdur ki, Pirqulu Dövlət Qoruğunun yaradılmasının əsas məqsədi həmin ərazinin meşə massivini, nadir heyvanlar aləmini, fauna və florasını məhv olmaqdan qorumaqdır. Bununla yanaşı, N.Tusi adına AMEA Şamaxı Astrofizika Rəsədxanasının həmin zonada yerləşdirilməsində məqsəd rəsədxananın fəaliyyətini, spesifik iş şəraitini qoruyub saxlamaq olub.

Məsələ ondadır ki, yüksək keyfiyyətli astronomik müşahidələr aparmaq üçün çox ciddi riayət olunması gərəkən “astroiqlim” adlanan xüsusi şərait tələb olunur. Bunun üçün astronomik rəsədxanalar tikilərkən il ərzindəki aydın gecələrin sayı nisbətən çox olan, dəniz səviyyəsindən kifayət qədər yüksək küləksiz və tozsuz yerlər seçilməsi nəzərə alınmaqla yanaşı, həmin zonanın süni işıq mənbələrindən, böyük şəhər və qəsəbələrdən, tozlu avtomobil yollarından uzaqda tikilməsi əsas şərtlərdir. Süni işıq mənbələri – yaşayış məntəqələrinin gecələr ətrafa saçdığı işıqlar səmanın fon şüalanmasının intensivliyini artırmaqla, astronomik müşahidə zamanı zəif kosmik mənbələrdən gələn şüalanmanın siqnal-küy münasibətini azaldır, teleskopun nüfuzetmə qabiliyyətini aşağı salır. Bundan əlavə, süni işıq mənbələrinin şüalandırdığı işığın özünəməxsus enerji paylanması var və bu fon kosmik mənbənin şüalandırdığı enerji paylanmasını təhrif edir, yalançı siqnal yaradır.
Bəs astronomik müşahidələr çoxmu bizə vacibdir? Əslində bu barədə çox deyilib, lakin görünür, yenə də bunu xatırlatmaq lazımdır. Qısaca bu barədə oxuculara aşağıdakı məlumatları xatırlamaq faydalı olar.
Astronomiya ən qədim elm sahələrindən olub, bəşəriyyət tərəfindən min illər ərzində yaradılmışdır və insan sivilizasiyasının inkişafında çox unikal və önəmli bir rola malikdir. Onun rolu ondan ibarətdir ki, bir sıra yeni fundamental biliklər əldə etməklə yanaşı, astronomiya ciddi şəkildə insanların dünyagörüşünü müəyyən edir və beləliklə cəmiyyətin inkişafına təsir göstərir. Son illərdə astronomiyada aparılan tədqiqatlar qəti şəkildə Kainatı təşkil edən materiya haqqında təsəvvürləri dəyişib, “qara materiya”nın olduğunu aşkar edib. Xatırlayaq ki, fizikada keçən əsrin əvvəlində atom nüvəsinin kəşfi nüvə energetikasında ciddi dönüşə səbəb oldu. Astronomiya hazırda belə bir mərhələyə gəlib çatmışdır ki, astrofizikada alunan nəticələr materiya haqqında təsəvvürləri dəyişən yeni fundamental fiziki qanunların kəşfinə və yeni texnoloji bazarın yaranmasına kömək edə bilər.
İqtisadiyyatı inkişaf etmiş dünya ölkələrində astronomik tədqiqatlara böyük diqqət ayrılır. Hər il bu elm sahəsinə həsr olunan layihələrə milyardlarla dollar vəsait xərclənır. Çox böyük ölçülü (35 m diametrli) yeni optik teleskopların qurulması üçün ABŞ və Avropa Birliyi ölkələri iri konsorsiumlar yaradırlar. Bu sahədə dünya ölkələri arasında ciddi bir rəqabət duyulmaqdadır. Bütün bunlar deməyə əsas verir ki, astronomik tədqiqatlar sahəsi onun aparıldığı ölkənin eyni zamanda bir elmi, mədəni inkişaf səviyyəsinin göstəricisidir.
Təəsüf ki, Azərbaycanda biznesmenlər, iş adamları, varlı adamlar yuxarıda qeyd olunanları anlamaq istəmirlər. Bu hələ işin bir tərəfidir. İşin digər daha ciddi tərəfi onunla bağlıdır ki, son bir neçə ildə ölkə prezidenti İlham Əliyev AMEA Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması üçün xüsusi sərəncamla lazımı qədər vəsait ayırıb, quruculuq işləri ilə şəxsən maraqlanaraq iki dəfə rəsədxanada olub. Rəsədxananın yenidən qurulması üçün dövlətimiz milyon manatlarla vəsait xərcləyib və lazımi qayğı göstərib. Hazırda rəsədxana həm abadlaşıb, yaraşıqlı olub, həm də burada işləmək və yaradıcılıqla məşğul olmaq üçün lazımi şərait yaradılıb. Hər il cihaz parkının yeniləşməsinə dəvlət külli miqdarda vəsait ayırır.
Uzun illər ərzində astronomiya sahəsində elmi tədqiqatlar apara bilən kadrlar yetişdirilir. AMEA Şamaxı Astrofizika Rəsədxanasının 50 illik tarixi ərzində biz buna nail olmuşduq. Rəsədxana yeganə nadir elmi-tədqiqat mərkəzidir ki, xaricdə respublikamızı daim yüksək səviyyədə təmsil edib və o bizim milli sərvətimizdir. Hazırda respublikamıza gələn ən yüksək səviyyəli qonaqlar imkan düşəndə ilk növbədə rəsədxananın qonağı olurlar. Bütün bu sadalanan işlər onu göstərir ki, rəsədxana həmişə bizə şərəf və qürur gətirən bir elmi məbəddir. Bunu prezidentimiz də, dövlətimiz də yaxşı bilir. Ona görə rəsədxanamızı biz ciddi şəkildə qorumalıyıq.
Bütün bunlara baxmayaraq, Şamaxı Astrofizika Rəsədxanasının və Pirqulu Dövlət Qoruğunun ətrafında yüksək templə aparılan tikintilərin artması süni işıq mənbələrini, tozlanmanı artırıb, “astroiqlimi” ciddi şəkildə pozub. Bununla da rəsədxananın yenidən qurulmasına sərf olunmuş milyonlarla dövlət vəsaiti göyə sovrulmuş olur. Rəsədxananın ətrafı və qoruq zonası ekoloji cəhətdən sürətlə korlanmaqdadır.
Çox təəssüf ki, Şamaxı Astrofizika Rəsədxanasının ərazisi yaxınlığında ətrafdakı süni işıq mənbələrinin belə sürətlə artması rəsədxananın səmərəli fəaliyyəti üçün böyük əngəldir.
Son 10-15 il ərzində bizim bizmesmenlər sovetlər dönəmində göz bəbəyi kimi qoruyub saxladığımız Şamaxı Astrofizika Rəsədxanasının axırına çıxmaqdadırlar. Rəsədxananın ətrafı restoranlar, əyləncə mərkəzləri, turist bazaları tərəfindən sürətlə zəbt olunmaqdadır. Bu hələ azmış kimi, indi rəsədxananın hasarı arxasında 5 ulduzlu 9 mərtəbəli otel tikilməkdədir. Bu o deməkdir ki, bizim teleskoplarımızda ulduzlar deyl, otel lampaları müşahidə olunacaq. Bu barədə hətta AMEA prezidenti hörmətli akademik Akif Əlizadə bəyanat verərək, bu hərəkəti pisləsə də, elə bil bunu eşıdən yoxdur. Doğrudanmı biz qazanc naminə öz milli dəyərlərimizi və mənəviyyatımızı itirməliyik?
Bəli, biz respublikamızda turizmi inkişaf etdirməliyik. Buna dövlətimiz yüksək səviyyədə çalışır, qayğı göstərir. Lakin bu heç də o demək deyil ki, biz bunu milli dəyərlərimizi məhv etmək yolu ilə həyata keçirək. Rəsədxana da turizm üçün əlindən gələni əsirgəmir. Məsələn, hələ sovetlər vaxtından bəri respublikamızda astronomik biliklərin populyarlaşdırılması üçün ekskursiyalar təşkil edilir. Ekskursiyalara həm məktəblilər, həm də Pirqulu zonasına dincəlməyə gələn turistlər gəlirlər. Lakin bunları elə təşkil etmək olar ki, bu işlər rəsədxananın əsas fəaliyyətinə ziyan vurmasın. Bunun üçün turizm mərkəzləri rısıdxana ərazisindən heç olmasa 3-5 km uzaqda, işıqlanmanın birbaşa rəsədxanaya düşə bilməyəcəyi məsafədə tikilməlidir. Çox ümid edirəm ki, əlaqədar təşkilatlar bu barədə lazımi tədbirlər görəcəklər.
N.Z.İsmayılov, AMEA ŞAR-ın baş elmi işçisi f.r.-e.d., professor