YURDUN TARİXİNDƏN KƏSƏMƏN.


10390Qıraq Kəsəmən kəndi Azərbaycanın qərbində Ağstafa rayonunda, Kür çayının sağ sahilində, Kiçik Qafqaz sıra dağlarının yaxınlığında (İndiki köhnə kənd deyilən yerdə) mövcud olmuşdur. Buralar hələ Erkən Tunc dövründən (e.ə IV-III minilliklər) başlayaraq yaşayış məskəni olmuşdur. Yəni bu ərazilər Kür-Araz mədəniyyətinin tərkib hissəsi olub. Üç əsrdən artıqdır ki, Qıraq Kəsəmən adı ilə tanınır. Kənd əhalisinin bir qisimi lap qədimlərdən burada yaşasalar da, bir qisimi Anadoludan gəlmiş, (XV əsrda Anadoluda Ağqoyunlu hökümdarı Uzun Həsən və Osmanlı hökümdarı Sultan II Mehmet Fateh arasında gedən müharibə zamanı adı çəkilən ərazidə mövcud olmuş Qaraman bəyliyi Ağqoyunluları müdafiə etdi. Bu səbəbdən də Ağqoyunlular üzərində qələbə çalan Sultan II Mehmet Fateh Qaraman bəyliyinin də varlığına son qoydu. Bu hadisədən sonra Qaraman bəyliyi tərkibindəki bəzi türk tayfaları Osmanlı hakimiyyəti altında yaşamaq istəmədi. O cümlədən Kəsəmən adlı tayfa da. Onlar əvvəl Anadolunun şərqinə çəkilsələr də maldarlıqla məşğul olan Kəsəmən tayfası bu ərazidə uzun müddət qala bilmədi. Çünki bu ərazilər dağlıq olduğundan heyvandarlıq üçün əlverişsiz idi. Daha sonra onlar Azərbaycanın qərbindən Çuxursəd vilayəti və Göyçə mahalının şimalından keçməklə Kür çayını keçib bu ərazidə məskunlaşdılar), digər qisimi XVI əsrdə Səfəvi-Osmanlı müharibələri zamanı Gürcüstan iki imperiya arasında bölünəndə bu ərazi Səfəvi-Osmanlı sərhəddinə yaxın olduğu üçün müdafiə məntəqəsi kimi Səfəvi hakimiyyəti kəndi böyütmək məqsədi ilə bura çoxlu şiə məzhəbli, türksoylu əhali köçürtdü. Sonralar isə bu kənd Qıraq Kəsəmən adı ilə tanınmağa başladı. Qıraq Kəsəmən kəndi mövcud olduğu gündən Qazax mahalının (sonralar Qazax sultanlığı, Qazax qəzası, Qazax rayonu və nəhayət Ağstafa rayonu) tərkibində nifuzlu, iri kəndlərdən biri olmuşdur. XIX əsrin II yarısından sonra Qazax qəzasında bu kəndə Minevli Kəsəmən də deyirdilər. Bu da onun böyüklüyünün ən bariz nümunəsi idi. Sonra müxtəlif vaxtlarda, müxtəlif səbəblərdən Minevli Kəsəməndən köçlər olmuşdur. Belə ki, XIX əsrin sonlarında köçün birinci dalğası başlamışdır. Bu indiki Qazax rayonunda mövcud olan Çaylı kəndi idi. XX əsrin əvvəllərində isə növbəti köç dalğası olmuşdur ki, bundan sonra onlar ya tam bir kənd salmışdır Aşağı Kəsəmən, Yenigün, Xətai kəndləri, Qobu qəsəbəsi kimi ya da kütləvi şəkildə Zəlimxan, Poylu kəndləri Ağstafa şəhərində məskunlaşmışdır. Bundan başqa respublikanın müxtəlif yerlərinə köçənlər az olmamışdır. XX əsrin 50-ci illərindən başlayaraq SSRİ rəhbərliyi Kürün Qazax-Tovuz rayonları ərazisindən keçən hissəsində SES qurmaq fikirini ortaya atdı və bu səbəbdən də 60-cı illərin ortalarından başlamış 1976-cı ilə qədər Qıraq Kəsəmən kəndini qalan qisimini Kürün kənarından (İndiki köhnə kənd) hal-hazırda mövcud olduğu əraziyə köçürtdülər. Artıq 40 ildən çoxdur kənd indiki yerindədir. Kənddə 2100 dən artıq insan yaşamaqdadır və burada 400-dən artıq ev, bir müasir tipli orta məktəb, bir tibb məntəqəsi, bir bağça, bir poçt, bir rabitə qovuşağı, bir kulub , bir kitabxana, bir idarə və bir neçə ictimai iaşə obyektləri fəaliyyət göstərir.