YURDUN ADINI UCALDANLAR.


10517535_5474HÜSEYN ARİF. Hüseynzadə Hüseyn Camal oğlu 1924-cü il iyunun 15-də Qazax rayonu Yenigün kəndində anadan olub. (H.Arifin valideynləri Minevli Kəsəmən camaatının bir hissəsi köhnə kənddən köçəndə adı çəkilən kənddə məskunlaşmışdır. Yəni şair Qıraq Kəsəməndə yaşamasa da əsli-nəsli, hətta valideynləri burda yaşamışdır.) İlk təhsilini doğulduğu kənddə alan H.Arif 1940-cı ildə Bakı Pedaqoji Məktəbini, 1951-ci ildə isə Azərbaycan Dövlət Unverstitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1951-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olan H.Arif 1952-ci ildə buranı bitirmişdir. O, 1957-59 cu illərdə Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri, 1965-67-ci illərdə “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, 1967-68-ci illərdə “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının, 1984-92-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləmiş, 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. Amma H. Arif bu qədər istedadlı bir şair, yüksək dünya görüşü və savada malik bir ziyalı olsa da daim xalqın içində olmuş, özünü son dərəcə sadə, təvəzökar bir insan kimi aparmışdır. Bu da xalq içində ona böyük rəğbət qazandırmışdır. Şair bir təbiət aşiqi kimi daim təbiət qoynunda olmağı çox sevərdi. O, Azərbaycanı qarış-qarış gəzməsinə baxmayaraq ən çox öz doğma Qıraq Kəsəmən elinin, Köhnə kəndin, Kür qırağının tamaşasına durmağı xoşlardı. Kənd sakinləri onu tez-tez buralarda görərdi.

H.Arif ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.
Onun əsərləri əsasən bunlardır. Yeni həyat yollarında, Mən sülhə səs verirəm, Rus dili müəlliməsi, Məhəbbət nəğmələri, Dostluq telləri, Yolda, Ömür çeşməsi, Sibir töhfələri, Yollar və xatirələr, Duru göl əfsanəsi, Seçilmiş əsərləri (şerlər və poemalar), Bahar gələndə, Sən mənimlə get, Söylə, yadındamı?, Qocalan deyiləm, Seçilmiş əsərləri (I cild_1975), Seçilmiş əsərləri (II cild_1975), Ömür gözəlsə, Şamxor su-elektrik stansiyası (şerlər), Ömür deyir, Ayrı düşəli, Dilqəm, Seçilmiş əsərlər (I cild_1985), Seçilmiş əsərlər (2 cild_1985).
Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. Hazırda Ağstafa Rayonu Musiqi Məktəbi şair H.Arifin adını daşıyır.