Türklər və İslam


1328723769_turklerVÜQAR SADIQZADƏ
Türklərin İslam dinini qəbul etmələri dünya tarixində önəmli bir dönüş nöqtəsi olmuşdur. Müsəlman türklər qarışıqlıq içərisində olan İslam dünyasının qoruyucusu funksiyasını öz üzərilərinə götürürlər. Səlcuqlular Abbasi xəlifələrini himayə etdilər. Qərbdə xaç səfərlərinə, şərqdə moğol axınlarına qarşı məhz türklər tərəfindən sədd çəkildi və beləcə İslam dünyası dağılmaqdan qurtuldu. Türklər İslamı könüllü qəbul ediblər. Bu, bütün tarixçilərin yekdilliklə qəbul etdiyi bir məsələdir. Türklərin Göy Tanrı inancları ilə İslam arasında bəzi bənzərliklərin olması bunda mühüm rol oynamışdır. Qədim türklər sitayiş etdikləri yaradanı “Tenqri” adlandırırdılar. Onlar da Tanrının bir olduğuna və hər şeyi yaratdığına inanırdılar. Öldükdən sonra yaxşı insanların “uçmağ” adlandırılan cənnətə, pislərin isə “tamu” adlandırılan cəhənnəmə gedəcəklərini düşünürdülər. Qəza-qədərə inanırdılar. İbn-Fadlanın yazdığına görə, türklərdə zina və homoseksuallıq qadağan idi, oğurluq edənlərə ağır cəza verilir, yaxşılığa riayət edilirdi. Bütün bu ortaq xüsusiyyətlər türklərin müsəlman olmasına təkan verən amillər idi. Türklər arasında İslamı ilk qəbul edənlər X əsrdə Oguz tayfaları hesab olunur.

imagesfc3bcfOsmanlı ordusu İstanbul səfərində
Türklər tarix boyu müxtəlif dinləri qəbul ediblər. Buna baxmayaraq, İslamdan başqa dinləri qəbul edənlər türklüklərini qoruya bilməmiş, digər sivilizasiya və dinlər içərisində assimilyasiyaya məruz qalmışlar. İslam dini milli quruluşa uyğun olduğu üçün türklər kütləvi şəkildə bu dini qəbul etmiş və milli varlıqlarını qorumuşlar. Başqa sözlə, İslam bütün türkləri birləşdirən din olmuşdur. Bu faktlar “Türk tarixindən yarpaqlar” adlı əsərdə belə ifadə edilmişdir:
“Türklər İslam dinini səmimi, könüllü şəkildə, heç bir məcburiyyət və xarici təzyiq olmadan kütləvi qəbul edərək tarixlərinin yeni dövrünə qədəm qoydular. Bu yeni dövr X əsrdən əvvəlki 1200 ildən daha şanlı idi. İslam türk milli quruluşuna uyğun din idi. Türklər müsəlman kimi türklüklərini tamamlamışdılar”.
Türklər arasında İslam daha çox təriqətlər və həyatını dinə həsr etmiş insanlar vasitəsilə yayılmışdır. Başqa dinlərin də yayıldığı Mavərənnəhr bölgəsində müsəlman hüquqşünas və elm adamlarının yetişməsi və çoxalması İslamın yayılmasını sürətləndirmişdir. Bu zaman mədrəsələr qurulmuş, “Ali İslam” adlandırılan yazılı adət-ənənəyə bağlı İslam anlayışı tətbiq edilmişdir.
İlk Quran tərcümələri X əsrdə Quranın farsca tərcüməsi ilə müqayisə edilərək sətirlərin arasına yazılmışdır. İslamın qəbulundan sonra Quranın yazılı tərcümələri türk yazılı dilinin inkişafına və yayılmasına kömək etmişdir. Türklərin İslam dinini qəbul etməsi mühüm irəliləyişə səbəb olmuşdur. İslam türklərin bayraqdarlığı ilə dünyaya yayılmış, bu vəziyyət dünya tarixini formalaşdıran bir çox hadisəyə zəmin hazırlamışdır. Professor Erol Güngör bu həqiqəti belə vurğulayır:
“Türklər İslam dinini özlərinin milli dininə çevirdilər, bütün mənlik və səmimilikləri ilə bu dinə bağlanaraq XI əsrdən etibarən İslam dünyasının bütün düşmən qüvvələrə qarşı qorunmasını təkbaşına boyunlarına götürdülər. İslama qədər türklər hər cür yüksək xüsusiyyətə malik, ancaq hələ dünyada öz yerini tam tapmamış bir millət idi. İslam onun yolunu aydınlandıran işıq oldu və türk milləti bu işığı təqib etdikcə daima yüksəldi”.
jiuhiMahmud Qəznəvinin Hindistana qədər uzanan yürüşləri nəticəsində, mübarək dinimiz cənub-şərqi Asiya ölkələrinə yayıldı. Bununla da 20-ci əsrdə qurulmuş Pakistan və Banqladeş dövlətlərinin təməli atıldı. Səlcuqluların sayəsində islam səlib yürüşlərinə, bizans basqınlarına qarşı qorundu. Malazqirt (1071) savaşından sonra Anadolunun qapılarını təkrar üzlərinə açan türklər, eyni zamanda türkün ana vətəni Ön Asiya bölgəsində İslamın zəfər çalması müjdəsini vermiş oldular. Osmanlı dönəmində türklər Balkanlara yerləşdilər. Albanlar, boşnaklar bu dönəmdə müsəlman oldular. Ümumiyətlə türklər, 11-ci əsrdən etibarən İslam dünyasının bütün düşmən qüvvətlərinə qarşı qorunması işini tək başına yerinə yetirmiş oldular. 1453-cü ildə İstanbulun fəthi isə, türk millətinin öndərliyi ilə yüzillərlə sürəcək «müsəlmanlığın qızıl dövrü»nün əsasını qoydu. Müasir dövrdə də İslam ölkələrinə qarşı xristian qərbinin hücumlarına qarşı yenə də ərəblərdən daha çox türklər mane olmağa çalışır.
Türklərin müsəlman olmaları Həm İslam tarixi, həm Türk tarixi baxımından, dolayısı ilə bütün dünya üçün çox əhəmiyətli hadisədir. İslam dini türk xalqını birliyə qovuşdurmuş və gələcək fəthlər üçün stimul rolu oynamışdır. Bu gün türk xalqlarının 93 faizi məhz müsəlmandır. Müsəlman olduqdan sonra asimilyasiyaya uğramış türk toplumuna tarix səhnəsində rast gəlmək olmur. Lakin türk soyundan gəlmiş bir çox topluluqlar var ki, onlar fərqli dinlərə girməklə həm dillərini unutmuş, həm də köklərindən uzaq düşməklə etnik xarakterlərini dəyişdirmiş tarixin acımasız sınaqlarından çıxa bilməyərək qeyb olmuşlar. Bunun ən bariz nümunəsi Albaniya vilayəti olan Arsaxın (Qarabağın şimal dağlıq hissəsi) xristianlığı qəbul etmiş əhalisidir. Onlar qəbul etdikləri qriqoryan təriqəti nəticəsində tədricən erməniləşmişdir. Bundan başqa Tuna bulqarları da buna misal ola bilər. Bu türk topluluğu xristianlığı qəbul etdikdən sonra slavyanlaşaraq, fərqli bir millətə çevrildi, öz etnik kimliyini itirdi.
İslamı qəbul edən türklər yalnız öz qılıncları ilə bu mübarək dinə xidmət göstərməyiblər. Onların ümumislam mədəniyyəti və elminin inkişafına da böyük və əhəmiyətli xidmətləri olub. Bu mədəniyətin formalaşması ilə elmdə, sənət aləmində bir çox dəyərli əsərlər ortaya qoyan alim və sənətkarlar yetişib. Onlardan ən məşhurlarını töhvələr verdikləri sahələr üzrə qruplaşdırmaqla nəzərdən keçirməyə çalışaq:
İslam fəlsəfəsi və hüququ:
1. İslamda dörd ənənəvi məzhəbdən ilkin olan Hənəfilik məzhəbinin qurucusu, İslam fiqhinin əsasını təşkil edən «el-Fikhul Ekber» əsərinin müəllifi, əsl adı Numan ibn Sabit olan İmami Əzəm Əbu Hənifə (699-760)
2. İslam etiqadında Maturidi məzhəbinin qurucusu, «Kitabut Tövhid» və «Tevilatul Kuran» əsərlərinin müəllifi Əbu Mənsur Maturidi (862-944)
3. Peyğəmbərimizin mübarək sözlərinin toplandığı məşhur və səhih hədislər toplusu olan «Sahih-i Buhari» kitabının müəllifi Muhammed ibn İsmail Buhari (809 – 869)
4. Böyük İslam filosofu, təsəvvuf elminin əsas yaradıcılarından hesab edilən İmam Qəzali
5. «Məsnəvi» əsəri ilə İslam fəlsəfəsində və təsəvvufdə önəmli dönüş yaratmış Mövlanə Cəlaləddin Rumi (1207-1273)
6. Türklər arasında İslamın öyrənilməsi və yayılmasında son dərəcə böyük xidmətləri olmuş filosof və alim, «Divani Hikmət» əsərinin müəllifi Əhmət Yasəvi (? – 1194)
7. İslamda ilk həmkarlar təşkilatlarının yaradıcısı olmuş və bu təşkilatların fəlsəfi əsasını işləmiş, təsəvvüf elmində böyük xidmətləri olmuş Əhi Evran (1172-1262)
Elm sahələri:
1. Riyaziyyatçı, astronom və filosof, eyni zamanda Əmir Teymurun nəvəsi olmaqla hökmdar titulu daşıyan böyük alim Uluğ Bəy (1395 – 1449) 15-ci əsr üçün dünyada analoqu olmayan böyük bir astronomik rəsədxananın yaradıcısı və rəhbəri olub. Müasir Qərb astronomiyası Uluğ Bəyin nəzəriyyəsi və fikirləri əsasında formalaşıb. Onun yazdığı əsərlər 18-ci əsrdən başlayaraq dəfələrlə bir çox Qərb ölkələrində nəşr edilmiş və əsas tədqiqat obyektlərindən birinə çevrilmişdir.
2. Böyük mütəfəkkir və musiqiçi Əbu Nasir Məhəmməd ibn Türkan əl Fərabi (874-950). 100-dən artıq elmi əsərin müəllifi olmuş bu alimin, əfsuslar ki, dövrümüzədək 39 əsəri gəlib çatıb. Onun «Elmlər Ensiklopediyası» (İhsaul-Ulum) əsəri, həmin dövrün filologiya, məntiq, riyaziyyat, fizika, kimya, iqtisadiyat, siyasət səhələrindəki bütün məlumatlarını nəzərdən keçirir və qısa xülasələrini təqdim edir. Bu əsər nəinki İslam, bütünlüklə Şərq dünyasının ilk ensiklopediyasıdır. Monteskyu, Spinoza kimi bir çox qərb filosofları məhz Fərabinin fəlsəfi fikirlərindən təsirlənmişlər. «Kanun» adlı musiqi alətini ixtira etmiş, «rübab» adlı musiqi alətini isə müasir günümüzdəki halında təkmilləşdirmişdir. Musiqidə «akord» və «intervallar» nəzəriyyələrinin də banisidir.
imagesrgeİbn Sina
3. Tibb elminin böyük alimi, Tibb və kimya sahəsində Avropaya işıq salmış böyük mütəfəkkir, qərbdə Avisenna adı ilə tanınan, 150-dən artıq əsərin müəllifi İbn Sina (? -1036). «Şəfa» adlı 18 cildlik əsəri dünyanın ilk sistematik şəkildə yazılmış tibbi ensiklopediyası hesab edilir. İbn Sinanın «Qanun» adlı əsəri 12-ci əsrdə latıncaya çevrildi və Qərb tibb aləmində bir partlayışa səbəb oldu. Həmin dövrün Fransada yerləşən ən məşhur tibb fakültələri Montpellier və Lauvain Universitetlərinin təməl kitabı məhz «Qanun» oldu. Və bu 17-ci əsrin ortalarına qədər davam etdi. İbn Sina 700 il Avropanın tibb müəllimi oldu. Bu gün hələ də Paris Universitetinin tibb fakültəsinin tələbələri, böyük konfrans salonunda toplandıqları zaman iki müsəlman doktorun divardan asılmış böyük portretləri ilə qarşılaşırlar. Bu portretlər İbn Sina və Ər-Raziyə aiddir.
4. Atom parçaları və molekullar nəzəriyyəsini ilk açıqlayan, modern kimyanın atası sayılan Cabir ibn Hayyan (721-805). Razi və İbn Sina kimi alimlər onu «Ustadlar ustadı», fransız şərqşünası Katbon isə «dünyanın 12 böyük dahisindən biri» adlandırmışlar. İbn Hayyan ilk kimya laboratoriyasmının qurucusu hesab edilir. Maks Meyerhof bu türk aliminin kimya elminə buxarlaşdırma (evaporation), süzmə (filtmtion), təsviyə etmə (sııblimalion), əritmə (melting), billurlaşdırma (cristallization) metodlarını kəşfetdiyini bildirib. 2000-dən yuxarı əsəri olduğu bildirilir.
5. Riyaziyyat, astronomiya və coğrafiya sahələrində böyük xidmətləri olmuş, Cəbr elminin qurucusu Muhammed ibn Musa əl Xarəzmi (770-844). «Cəbr» və «Hind hesabı» riyaziyat elminin şərq dünyasında məhək daşı hesab olunur. Əsərləri 12-ci əsrdə latıncaya çevrilib. 830-cu ildə 70 alimlə birgə dünya xəritəsini çəkib. Sıfır sayını hesaba ilk dəfə Xarəzmi gətirib. Avropalılar toplama və çıxma ilə bağlı misallara ilk dəfə Xarəzminin «Hind hesabı» kitabında rast gəliblər. «Hind hesabı»nın 13-cü əsrə aid italyan tərcüməsində, tərcüməçi hətta sıfırla bağlı yazılanlardan o qədər təsirlənib ki, öz fikir və düşüncələrini kitaba əlavə etməyi məqsədəuyğun hesab edib.
6. Yaşadığı əsrə öz adı ilə damğa vurmuş Əbu Reyhan ibn Muhammed əl Biruni (973-1051). Nyuton və Paskarddan 700 il əvvəl ekvatorun en dairəsini hesablayıb. Tibb elminə aid bu gün də dünyanı heyrətləndirən əsərlər yazıb. Yerin ölçüsünün hesablanması ilə bağlı nəzəriyyəsi, Avropada bu gün də «Biruni Qanunu» olaraq tanınır. Dünyanın yuvarlaq və dönməkdə olduğunu, yer cazibəsinin olduğunu dünyaya ilk dəfə o izah etdi.
Hərb sənəti:
1. Mancanağı kəşf edən və ondan ilk dəfə istifadə edən türklərdir
imagesfgII Mehmetin Şahi topu.London
2. İşıqlı oxu kəşf edən və İslam savaş taktikasına gətirən türklərdin (bunun Mete xan tərəfindən kəşf edildiyi bildirilir)
3. Güləşi idmana gətirən türklərdir
4. Ordunu ilk dəfə 10-luq, 100-lük, 1000-lik və 10 minlik birliklərə bölən türklərdir (Mete xan). Türklərin İslamı qəbul etmələrindən sonra Xilafət ordusu bu sistem əsasında formalaşdırılırdı.
5. Dünyada ən yaxşı savaş taktiki – hilal taktikası türklərə məxsusdur.
6. İlk havan topunu Fateh Sultan Mehmet icad etmiş, proektini öz əllri ilə çəkmişdir.
İstifadə edilmiş ədəbiyyat:
1. 100 Böyük türk. B., 1991
2. Əsgər Ə., Qıpçaq M. Türk savaş sənəti. B., 1996
3. Heyət C. Türklərin tarixi və mədəniyyətinə bir baxış. B., 1993
4. Yılmaz R. Tariximizdə iz qoyanlar. B., 2008
5. Sarbay A. Asri Saadetde Türkler. İst., 2005