“BU TÜRK DÜNYASININ”


HAQVERDİ MƏMMƏDOV: 36_n
Alova atdılar, yanan olmadım,
Əzablar verdilər, sınan olmadım.
Kimliyin hec vaxtı danan olmadım,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Yaradanlar nur yaradıbdır məni,
Bir qiymətsiz dür yaradıbdır məni.
Coşub-daşan kür yaradıbdır məni,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Kükrəyib seləri daşan bir çayam,
Avşar, Tərəkəmə adlı bir soyam,
Şuşa, Ağcabədi həmdə Karslıyam,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Sinəmdə vulkan var, gözümdə şimşək,
Dünyanı anladım, gəzmədim kor tək.
Tarix taniyacaq, tarix biləcək,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Qazağam, Kırğızam, Türkmən, Özbəyəm,
Buxara, Səmərqənd, sirli Xivəyəm.
Tomrisə, Qorquda payam, nəvəyəm,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Mənimdir həm Baki, dalğalı Xəzər,
Mənimdir Şəhriyar sözləri ləl, zər,
Mənimdir Təbriz tək bir gözəl şəhər,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Gözəllər ay bəniz, gözəllər incə,
Ən gözəl gözəllər, bizdədi məncə.
Mənimdir İstanbul, Ərzurum, Gəncə,
Bu türk dünyasının fərzəndiyəm mən.

Mənimdir Astana, mənimdir Daşkənd,
Mənimdir Aşqabad, mənimdir Dərbənd.
Mənimdir dilimdə, danişan hər kənd,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Mənimdir Nizami, “Xəmsə”ni yazan,
Mənimdir Füzuli dahi qəzəlxan,
Mənimdir Xətai, Babək, Cavidan,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Mənimdir həm Ufa, həmdə ki, Kazan,
Mənimdir Astara, gözəl Lənkəran,
Mənimdir Fərqanə, cənnət Andijan,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Koroğlu Eyvazı tapdı bu yerdə,
O Təkə Türkməndir, nər oğlu nərdə,
Firuzə dərmandır gör neçə dərdə,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Ata Türk ürəkli, Heydər qeyrətli,
Mikayıl Müşviqli, Nazim hikmətli,
Koroğlu dastanli, sazlı-söhbətli,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Allahdan sovğalı, Allahdan paylı,
Gündüzü günəşli, gecəsi aylı.
Möcüzə tarixli, Bağçasaraylı,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Sultanam, həm Xanam, həmdə ki Əmir,
Əyilməz poladam, dəmirəm dəmir,
Mənimdir Ankara, mənimdir İzmir,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Cabbarlar, Qədirlər bir zilə vurdu,
Gözümdə Natəvan, Vaqiflər durdu.
Mənimdir Bərdəmiz, Nüşabə yurdu
Bu Türk dünyasının fərzəndiyəm mən.

Nəvai torpağı Cənnəti-rizvan,
O bizim Sinadır, həm təbib, loğman.
Mənimdir Taşauz, güllü Namanqan,
Bu Türk dünyasının fərzəndiyəm mən.

Haqverdi, hörmət tək hörmətli olan,
Şərəfli, layiqli, ismətli olan.
Dünyada adı tək şöhrətli olan,
Bu Türk dünyasının fərzəndiyəm mən.