Şeir məni yaz deyir. ..(yeni şeir)


640_nŞairə Cığatel İsaqızı
Şeir Allah kəlamı, şair Haqqın mirzəsi,
Şair olmayan duymaz, şair eşidən səsi,
Mənim şeir yazmağım Allahın möcüzəsi,
Mələklər pıçıldayır, qulağıma söz deyir,
Mən şeir yazmıram ki, şeir məni yaz deyir. .

 

Yatıram, yuxularda mənə nə var göstərir,
Geniş səma altında, yolları dar göstərir,
Bağban tutur əlimdən, bağçada bar göstərir,
İlk nübarı budaqdan dərilməmiş üz deyir,
Mən şeir yazmıram ki, şeir məni yaz deyir. ..

Bir dünyanın içində, gecə-gündüz fərq edir,
Günəşin al şəfəqi, gözlərimdə bərq edir,
Ruhum aparır məni, dəryalarda qərq edir,
Tökür mirvariləri, ipə-sapa düz deyir,
Mən şeir yazmıram ki, şeir məni yaz deyir. ..

Hərdən də buludlanır, qarışır göz yaşıma,
Alnımda qırışlanır, düyünlənir qaşıma,
Gah görürsən ələyir, yağış kimi başıma,
Gah da gizlədir sözü, yaxşı-yaxşı gəz deyir,
Mən şeir yazmıram ki, şeir məni yaz deyir. …

Gah da boynuma yıxır, günahını, suçunu,
Ərköyün uşaq kimi, yumruqlayır ovcunu,
Hərdən də dolaşdırır, kələfin ip ucunu,
Ay Cığatel, durma, gəl, məsələni çöz deyir,
Mən şeir yazmıram ki, şeir məni yaz deyir. …