KƏBƏNİN ACARI NİYƏ QİYAMATƏ QƏDƏR TÜRKLƏRDƏ QALACAQ?


TARİXİ FAKTLAR
Tarixdə Türklərlə bağlı elə sənədlər, elə tarixi faktlar var ki, hələ də dünya gücləri tərəfindən gizlədilir, araşdırılmasına imkan verilmir. Amma buna baxmayaraq, nə qədər gizlətməyə çalışsalar da zaman-zaman bu millət ona aid olan əmanətləri bir-bir geri alıb və alır…

Erol Çalının “Kantura” adlı kitabında da belə faktlardan birinə rast gəldik. Olduqca maraqlı və müzakirəyə açılacaq bilgilərdir. Müəllif, burada həm də dərin qaynaqlara və mənəbəyə əsaslanır. (Oktan Keleş, Asa, 529-532; Kaynaklar: Sıhhaül Arabia, Tali.a.attar.Mısır 1956, 1.sh. 332; İbni Mansur Erbil Fazl Cemaleddin, Risatül Arap Bulak 1300. III. Sh. 122; El Yesui. İ.M El Müncid. Sh 339; Prf Dr. Zekeriya Kitapçı, Saadet Asrında Türkler, İlk Türk Sahabe, Tabiin ve Tebae Tabiller).
Beləliklə…
“Əmanətləri sahiblərinə verin”
Bilindiyi kimi Məkkənin fəthi zamanı Həzrəti Məhəmməd, birbaşa Kəbəyə tərəf gedir. Onun bu hərəkətənin səbəbi isə illərdir ki, Allahın Evi olan Kəbədəki 360 bütü qırıb-dağıtmaq idi. Hansı ki, dövrün cahil və bədəvi ərəb tayfaları bu bütlərə “Allah” deyib sitayiş edirdilər. Burada bütlər də öz-özlüyündə bir-birindən ayrılırdı. Məsələn, Lat, Mənaf, Uzza kimi böyük bütlərlə yanaşı, kiçik və böyük bütlərə tabe olan yüzlərlə büt var idi. Peyğəmbər Kəbəyə yetişib Həzrəti Əlidən Kəbənin açarlarını gətirməsini istəyir. Açarlar da o dövr üçün müşrik sayılan Osman bin Təlhada idi. Əli gedir və Osman bin Təlhanı tapır, açarları istəyir. Osman bin Təlha da Kəbənin açarlarının uzun illərdən bəri onların nəslində olduğunu və Məhəmmədin Peyğəmbərliyinə də inanmadığını söyləyərək, açarı verməkdən imtina edir. Açarı istəyən Allahın Rəsulu olduğundan, Əli nəyin bahasına olursa olsun, açarı almalı idi. Bu düşüncələrlə də Osman bin Təlhanın qolunu bükərək, zorla açarı ondan alır və Peyğəmbərin yanına gedib, Kəbənin açarlarını Ona uzadır. Həzrəti Məhəmməd açarları alır. Ancaq heyrət içində açarları yenidən Əliyə geri verir və Osman bin Təlhaya qaytarmasını söyləyir. Peyğəmbərin sözünə təəccüblənən Əli: “Ey Allahın Rəsulu, bir az əvvəl sənin tapşırığınla gedib açarları alıb gətirdim. İndi isə geri qaytarmağımı əmr edirsən. Bunun bir səbəbi varmı?” – deyə soruşur.
Əlinin sualına cavab olaraq Peyğəmbər: “Ey Əli, sən açarları gətirərkən Cəbrayıl “Əmanəti sahibinə verin”əmrini ehtiva edən vəhy gətirdi” deyir və az əvvəl nazil olan: “Allah sizə əmanətləri əhlinə verməyinizi və insanlar arasında hökm etdiyinizdə ədalətə uyğun tərzdə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl öyüt verir! Şübhə yox ki, Allah eşidən və görəndir” mənasına gələn “Nisa” surəsinin 58-ci ayəsini oxuyur.
Ayəni eşidən Hz. Əli, Hz. Məhəmmədin əmrini yerinə yetirir və açarları Osman bin Təlhaya vermək üçün geri qayıdıb Osmanı bin Təlhanı tapır və açarları qaytarır. Osman bin Təlha nə baş verdiyini anlamır; bayaq açarları ondan zorla alan insan indi açarı geri gətirmişdi. Təlha, Hz. Əlinin bu hərəkətinin səbəbini soruşur. Əli də, açarı apardığı zaman Peyğəmbərə ayə gəldiyini və Allah Rəsulu da əmanəti sahibinə qaytarmaq üçün açarları geri göndərdiyini deyir. Osman bin Təlha baş verən hadisədən sonra şəhadət gətirərək müsəlman olur.
Osman bin Təlha kimdir?
Bura qədər olan hadisəni hər kəs eşidib, bilir. Yəni, səhihliyinə şübhə edilməyən hadisələrdəndir. Maraqlıdır, bir müşrik olan adamdan açar zorla alındığı zaman, Allah, rəsuluna vəhy göndərərək,”Əmanəti sahibinə verin”deyir… Yaxşı, kim idi ki, bu Osman bin Təlha?!
Bu hadisənin qəhrəmanlarından olan Osman bin Təlha, Süreyç qəbiləsindəndir. Əksər ərəb qaynaqlarında (həmin mənbələri yuxarıda qeyd etmişik-R.S.) Süreyç qəbiləsinin Orta Asiyadan gələn türklər olduğu qeyd edilir. Mənbələrdə o da vurğulanır ki, bu tayfanın nümayəndələri qılınc düzəldirlərmiş və düzəltdikləri qılıncların tərifi dillərdə gəzərmiş.
Əbül Fərəc əl-İsfahaninin “Əl-Ağani” adlı əsərinin birinci bölümünün 245-ci səhifəsində Süreyç qəbiləsindən bəhs edilir: “Süreyç qəbiləsi Məkkəyə gəlib orada yerləşir və dəmirçi kimi də qılınc düzəltməkdə ad çıxarmışdılar. Osman bin Talha da – Orta Asiyadan köç edərək öncə Anadoluya, bir müddət sonra Suriyaya köç edən və ordan da Məkkəyə gedib məskunlaşan Süreyç adlı qılınc ustasının nəvələrindəndir”.
Qeyd edilir ki, Süreyç sözünün ərəbcədə mənası “əs-süreyciyat” sözündəndir və “Süreyç tərəfindən düzəldilən qılınclar” deməkdir. Mənbədə onun düzəltdiyi qılıncların bazarda “Süreyç” adı ilə satılması da yazılır.
Allahın əmri və Peyğəmbərin istəyi ilə
Bəli, bu tarixi faktdır. Özü də ərəb mənbələrində qeyd edilən fakt. Və bu “Açar” olayından sonra əmanət sahibinə qaytarılır və o gündən bu günə Kəbənin açarları – yəni əmanət öz sahiblərindədir.
Daha sonra oxuyuruq: “Kəbənin açarları illərdir ki, Osman bin Təlhanın soyundadır. Onlar Kəbənin təmizliyinə baxır və onu qoruyurlar. Bir sözlə, onlar bu işi ən yaxşı şəkildə görənlərdir…
Allahın “Əmanətləri sahiblərinə verin” əmrindən çıxış edərək, Kəbənin açarları Həzrəti Məhəmmədin əmri və Həzrəti Əlinin əllərilyə Osman bin Təlhaya verilmişdi. Yəni, Allahın əmri və Peyğəmbərin istəyi ilə Kəbənin açarı qiyamətə qədər Türklərdə qalacaqdır”.

Reklamlar